Yaxud, AzTv-ni kağıza köçürmək məharəti
Azərbaycan hakimiyyətinin təbliğat üsulları, bütün sahələrdə yürütdüyü siyasət süni və şit təsir bağışlayır. Demək olar ki, hakimiyyətin fəaliyyətində eramızdan əvvəldən tutmuş, sovet dövrünə qədər bütün tarixi mərhələlərin nümunəsini görmək olur.
Bəşəriyyət gələcəyə, müasirliyə, inkişafa doğru irəlilədikcə, YAP hakimiyyəti sovet dövrünə, quldarlığa qurulşuna can atır. Hətta mədəniyyətin bütün sahələrini, ədəbiyyatı da öz cılız maraqlarının təbliğatına yönələndiriblər.
Belə ki, bugünlərdə “Ilham Əliyev: Inkişaf – məqsədimizdir” çoxcildliyinin on doqquzuncu cildi çapdan çıxıb. Kitabda Ilham Əliyevin Salyan rayonuna səfərinən tutmuş, Islam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin Bakı konfransındakı nitqinə qədər bütün xırdalıqlar öz əksini tapıb.
Əvvəla, bu kitabın içində yazılanlar heç kimə maraqlı ola bilməz. Çünki, o kiytabda yazılanları AzTv-lər gündə 3 dəfə təkrar verirlər. Ilham Əliyevin Salyan zəhmətkeşləri ilə görüşünü hansısa vətəndaş niyə axtarıb oxumalıdır? Yaxud, hansısa keçidin açılışını etməsi kimə maraqlıdır ki? Əksinə, belə ürəkbulandıran verilişlərə baxmamaq üçün ölkə vətəndaşları çanaq antenaları almaq məcburiyyətində qalıblar. Yəni, AzTv-ni kitaba köçürmək və bunu ədəbiyyat nümunəsi kimi təqdim etmək daha da ikrah doğurur. Digər təfədən sovet dövründə belə kitablar daha maraqlı faktlarla zəngin olurdu və buna müəyyən mənada ehtiyac da vari id. Çünki, həmin dövrdə internet və digər yeni texnologiyalar yox idi və tarix üçün müəyyən məqamları saxlamaq zərurəti yaranırdı. YAP hakimiyyəti isə Mərkəzi Komitənin, Kommunist Partiyasının fəaliyyətini indiki dövrdə təkrarlamaqla məşğuldu.
Deməli, haqqında danışdığımız kitabın 19-cu cildi çapdan çıxıb. Sanki, buna tələbat var imiş, sanki oxucular yeni nəşri səbrsizliklə gözləyirmiş? Əminəm ki, o kitabı nəinki sıravi vətəndaş, PA-nın işçiləri də oxumayacaq. Çünki, nə ədəbiyyat olaraq, nə də maraqlı faktlarla zəngin tərcümüyi-hal kimi qətiyyən cazibədar deyil. Sadəcə olaraq bu kitab qiymətli əşya kimi məktəb direktorlarının, JEK müdirlərinin, Icra Hakimiyyətlərinin, ümumiyyətlə xırda və iri rəhbərlərin otağını “bəzəyəcək”. Yəni, kitab məcburi şəkildə 1000-lərlə adama satılacaq və tez-tez üstünün tozunu silmək zərurəti yaranacaq.
Tam əminliklə demək olar ki, Elza Seyidcahanın şeirləri belə kitablardan qat-qat maraqlıdır və bu şeirləri eşitmək üçün “Youtube”da axtarış verən xeyli insan var.
Sonda ölkə başçısına və bu kitabın təşəbbüskarlarına səslənərək demək istəyirik ki, kağıza qənaət etmək lazımdır. Bu kağızı yaratmaq üçün nə qədər ağac tələf olunur. Onsuz da ağacları kəsirsiniz. Imkan verin kağızlar lazımlı əsərlərin köçürülməsinə xidmət etsin. Ürəkbulandıran reallıqlarla kağızları israf etməyin. Inanın ki, nə indi nə də gələcəkdə bu kitabları oxuyan olmayacaq. Yuxarıda da qeyd etdiyimiz kimi televiziya kanallarının arxivi, hökumət qəzetlərinin səhifələri bu kitabda yazılanlarla zəngindir.
Əgər kitab yazmaqda israrlısınızsa, “Danışdığımız inkişaf nağılları” adlı kitab nəşr edin. Inanın ki, bu kitabın satışından kifayət qədər gəlir əldə etmək olar. Həm də məcburiyyət olmadan.
Akif