Nemət Əliyev: «Ölkənin iqtisadi həyatında mühüm yer tutan ARDNŞ kimi şirkətin rəhbərinin belə fikir səsləndirməsi təəssüfedicidir»
2017-ci ildə neftin qiyməti 80-90 dollara qədər qalxacaq. Bu fikri jurnalistlərlə söhbətində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. Bu zaman o, Azərbaycan dövlət büdcəsinin 2016-cı il üçün neftin bir bareli 50 dollar olaraq nəzərdə tutulan proqnozlarını “normal” adlandırıb. “2016-cı ildə ehtiyatlı olmaq lazımdır. Əvvəlki təmayüllərə baxsaq, görünür ki, neft bir neçə il bahalaşıb, sonra bir neçə il ucuzlaşıb. Ən azından, son 20 ildə belə olur”, deyə Abdullayev bildirib.
Iranla Qərb arasında aparılan danışıqların nəticələri ilə bağlı R.Abdullayevin maraqlı fikirləri də olub. R.Abdullayev vurğulayıb ki, Iranın nüvə proqramı üzrə danışıqlardakı irəliləyişin neft qiymətlərinə təsir etməyəcək: “Iran neft istehsalını dayandırmamışdı, onun neftini ucuz qiymətə alırdılar. Indi isə Iran açıq satışa keçəcək və düşünürəm ki, bu, bazara güclü təsir göstərməyəcək”.
R.Abdullayevin açıqlamalarının reallıqdan uzaq olduğunu hələ proseslər başlamamışdan söyləmək olardı. Çünki Iranla münasibətlərin yoluna qoyulmasının neftin dünya bazarındakı qiymətini aşağı salacağı əvvəlcədən bəlli idi. Bu arada Iran bəyan edib ki, yaxın zamanlarda o gündəlik hasilatını 1.5 milyon barelə çatdırmaq niyyətindədir. Gələcəkdə isə bu rəqəm iki dəfə də arta bilər.
2017-ci ilə neftin qiymətinin 80-90 dollara çatacağını R.Abdullayevin şad xəbər kimi təqdim etməsi də yanlış təqdimatdır. Çünki keçən ilin sentyabrından Azərbaycana təsirlərini hiss etdirən böhran hələ o zaman dövlət rəsmilərini bəzi etiraflar etməyə məcbur etmişdi. Neftin qiymətinin 70 dollara enməsi Azərbaycan üçün iqtisadi çətinlikləri qabartdı və iqtisadiyyatı acınacaqlı duruma saldı. Ona görə 2017-ci il üçün neftin qiymətinin 80 dollar civarında möhkəmlənməsi Azərbaycan üçün çıxış yolu sayıla bilməz.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Azərbaycanın iqtisadi həyatında mühüm yer tutan ARDNŞ kimi şirkətin rəhbəri postunda oturmuş bir şəxsin reallıqdan uzaq fikir səsləndirməsi təəssüfedicidir. Iranın dünyada neft ölkəsi kimi tanındığını deyən N.Əliyev bildirdi ki, bu ölkə neft hasilatına görə 4-5-ci yerlərdə qərarlaşıb. Eyni zamanda dövlətin gəlirlərinin bir hissəsi məhz neft satışından gəlir: “Irana tətbiq olunan sanksiyalar bu dövlətin neft hasilatını genişləndirməyə imkan vermirdi. BMT Təhlükəsizlik Şurasının üzvləri ilə danışıqlarda əldə olunan razılaşmadan sonra Iran dünya bazarına neft ixrac etməyə başlayacaq. Sanksiyaların tətbiq olunduğu dövrlərdə Iran çox sıxılmışdı”.
Iran üçün yaranmış hazırkı əlverişli vəziyyətdən rəsmi dairələrin istifadə edəcəyini deyən N.Əliyev bildirdi ki, Iran bundan sonra keçmişdə uğradığı itkiləri bərpa etmək naminə bazarda əvvəlki mövqelərini bərpa etməyə çalışacaq. Iranın bazardakı son situasiyaya uyğunlaşması üçün, qiymətləri aşağı təklif etməyə məcbur olacağını söyləyən N.Əliyev bildirdi ki, əminliklə söyləmək mümkündür ki, dünya bazarlarında neftin qiyməti bir qədər də ucuzlaşacaq: “Iran eyni zamanda dünya bazarlarına təklif olunan neftin həcmini artıracaq. Təklif olunan neftin həcminin Iran faktoruna görə artırılması təkliflə tələb arasında nisbəti təklifin xeyrinə daha çox dəyişəcək. Və bu proses neftin qiymətlərinin düşməsinə davamlı təsir göstərəcək. Qərbin Iranla əldə olunan razılaşmasının neftin qiymətlərinə və dolayısı ilə qazın qiymətinə təsir edəcək”.
N.Əliyev bildirdi ki, dünya birliyi Ukrayna ətrafındakı şıltaqlıqlara son qoymadığı müddətdə neftin qiymətləri üzərində baş verən bu tendensiyalar davamlı olacaq.
2017-ci ildə neftin qyiməti ilə bağlı söyləntilərdə isə R.Abdullayevin çox qabağa getdiyini deyən N.Əliyev vurğuladı ki, sual edərlər ki, əgər 2-3 ay qabağı görə bilmirsənsə daha uzun müddəti necə görə bilərsən: “Rövnəq Abdullayev də daxil olmaqla Azərbaycan hakimiyyətinin nümayəndələri neftin bir barel qiymətinin 90 dollar civarında qalacağına ümid edirdi. Bu fikri o dövrdə söyləyirdilər ki, artıq dünya bazarında neftin qiyməti 80 dollara düşmüşdü. Neftin qiyməti 80 dollara düşəndə belə bir proqnoz verirdilər ki, qiymət minimum 90 olacaq. Indi neftin bir barelinin qiyməti 60 dolların altına düşüb. Adama sual edərlər ki, qiymətlər 60 dolların altındadır. Sən hansı arqumentlərə əsaslanaraq bəyan edirsən ki, qiymətlər 80-90 dollar olacaq?. N.Əliyevin sözlərinə görə, bir az irəli dönəmə proqnoz verməkdən ötrü daha ciddi əsaslara sahib olmaq lazımdır. Burada siyasi faktorlar mühüm rol oynayır. Ona görə Rusiya ilə Ukrayna arasındakı münasibətlər yoluna qoyulmayınca bu istiqamətdə hər hansı fikir söyləmək yanlışdır: ”Ola bilsin ki, Ukrayna ətrafında baş verən hadisələr həllini tapsın. Əgər bu məsələlər həllini taparsa ehtimal etmək olar ki, qiymət məsələsi sabitləşə bilər. Yəni indiki qiymətlər səviyyəsində qala bilər. Hətta neftin qiymətləri bir müddət sonra 20-30 dollar civarında qərarlaşa bilər. Amma indidən 2017-ci ildə olacaq qiymətlərlə bağlı proqnoz vermək risklidir, reallıqdan uzaqdır".
Xəyal