Avropa Olimpiya oyunları Qarabağ əlillərinin pensiyası ilə maliyyələşəcək?
3 il öncə birinci yol Bakıda keçirilən “Avroviziya” mahnı yarışmasını mahna edib may ayından Qarabağ əlillərinə kommunal, nəqliyyat və s. xidmətlərə görə verilən aylıq 26 manatlıq və müharibə əlillərinə qulluğa görə verilən 12-14 manatlıq müavinətlərini kəsən YAP hakimiyyətinin indi də birinci Avropa Olimpiya oyunlarına görə əlillərin pensiyasına qənim kəsiləcəyi qorxusu gerçəkdir.
3 il keçsə də, hələ də müharibə əlillərinin qanunla qorunan aylıq ortalıq 40 manatlıq, toplam 1440 manatlıq müavinətləri bərpa olunmayıb. Əlillərin pensiyasına əlavə kimi verilən bu müavinətin “Avroviziya” mahnı yarışması başlanan aydan kəsilməsi əsaslı şübhələrə yol açır. Düzdür, pensiyanı ödəyən qurum bu müavinətdən məhrum etməni 2006-cı ildən qüvvədə olan “Sosial müavinətlər haqqında” qanunun 7.0.6 maddəsilə izah edir, amma bu maddə 6 ildən sonra – 2012-nin mayında niyə yada düşüb? Indiyə kimi, mahnı yarışması yox idi deyə, müavinət də qüvvədə idi?! Bir də axı, “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 4 maddəsində – 36, 41, 42, 43 maddələrində müharibə əlillərinə rabitə, nəqliyyat, dərman, kommunal xidmətlərə görə aylıq müavinət verilməsi təsbit olunub. Məgər bu qanun qüvvədən düşüb, yoxsa sosial müdafiə qurumları onu görməzliyə qoyub? Biz hələ müharibə əlilinə qulluğa görə verilən cüzi 12-14 manatlıq müavinətin kəsilməsinin hansı qanunla əsaslandırılmasından danışmırıq.
Birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsindən hamı kimi müharibə əlilləri də fərəhlənir. Ən azı, tikilən binalar hesabına evsizliklərinə son qoya bilmək arzusu ilə. Gerçəkdə isə mahnı yarışması kimi əlillərin pensiyaları da bu oyunlara qurban gedir.
Qurbanın Qarabağ əlillərinin pensiya və müavinətləri olsun, Avropa oyunları! Təki Qarabağımızı işğal edən rus-erməni olimpiyaçıları narazı qalmasın! Ay gidi hökumət, o boyda torpağından bir qarış yiyəsi olmayasan, hələ üstəlik, qanpulunu da bunlara verəsən!?
M.Ağsu