Nemət Əliyev: «Manatın devalvasiyasından vətəndaşlara dəyən ziyan daha da artacaq»
2015-ci ilin yekunlarına görə, Azərbaycan əhalinin banklardakı əmanətlərinin 40%-i və yaxud 2 milyard 845 milyon manatlıq hissəsi xarici valyutada yerləşdirilib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Azərbaycan manatının təxminən 34% dəyərdən düşdüyünü nəzərə alsaq, bankların əmanətçilərinə qaytaracağı məbləğ (faizlər nəzərə alınmadan) 960 milyon manat çox olacaq. Məsələ ondadır ki, devalvasiyaya qədər 2 milyard 845 milyon manat 3 milyard 624 milyon dollara bərabər idi. Indisə isə əmanətlərin məbləği yeni məzənnə ilə 3 milyard 805 milyon manatdır.
Bu arada yayılan xəbərə görə, Mərkəzi Bank fiziki şəxslərin əmanətlərinin strukturu üzrə ən son rəqəmləri açıqlayıb.
“Marca” xəbər verir ki, fevralın 1-i tarixinə banklarda əhalinin 7 milyard 121,3 milyon manat əmanəti olub. Bu məbləğin 4 milyard 276,3 milyon manatı milli valyuta ilə, 2 milyard 845 milyon manatı xarici valyuta ilə (dollarda) yerləşdirilib.
Əhalinin banklardakı əmanətləri yanvar ayında 67,1 milyon manat və ya 0,9% azalıb.
Xarici valyutadakı əmanətlər 100.7 milyon dollar artıb
Diqqəti çəkən tendensiya xarici valyutada olan əmanətlərin artmasıdır. Xarici valutada olan əmanətlər yanvar ayında 79 milyon manat (köhnə məzənnə ilə 100,7 milyon dollar) artıb. Son 4 ayda isə xarici valyutada olan əmanətlər 307 milyon manat (köhnə məzənnə ilə 391,4 milyon dollar) artaraq 2 milyard 538,6 milyon manatdan 2 milyard 845 milyon manata yüksəlmişdir.
Manatdakı əmanətlər 146.1 milyon azalıb
Bu ilin yanvar ayında milli valyutada olan əmanətlər 146,1 milyon manat azlıb. Bu azalmanın 67,1 milyon manatını geri götürülən əmanətlər, 79 milyon manatını isə xarici valyutaya çevrilən əmanətlər təşkil edib.
Son 2 ayda isə (dekabr 2015 və yanvar 2015) milli valyutada olan əmanətlər 205,8 milyon manat azalıb.
Ən çox xaricilər çıxardıb
Fevral ayının 1-nə olan məlumata görə, banklardakı əmanətlərin 6 milyard 463,6 milyon manatı rezidentlərə, 657,7 milyon manatı qeyri-rezidentlərə (xarici vətəndaşlara) məxsus olub. Yanvar ayında rezidentlərin banklardakı əmanətləri cəmi 8,9 milyon manat azaldığı halda, qeyri-rezidentlərin əmanətləri 58,2 milyon manat azalıb.
Xaricilər əmanətlərin 120,4 milyon manatını milli valyutada, 537,4 milyon manatını isə xarici valyutada banklara yatırıblar. Xaricilərin banklarda, 2014-cü ilin yanvar ayında 619 milyon manat, dekabrında isə 587,2 milyon manat xarici valyutada əmanəti vardı.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı devalvasiyanı fevralın 21-də həyata keçirib. Fevral ayında dollara çevrilən əmanətlərin daha da artmış şəkildə açıqlanacağı gözlənilir.
Bundan başqa, 2015-ci ilin yanvar ayının yekunlarına görə, Azərbaycanda kredit portfelinin 27%-i və yaxud 5 milyard manatlıq hissəsi xarici valyutada formalaşıb. Manatın təxminən 34% dəyərdən düşdüyünü nəzərə alsaq, biznes strukturlarının və əhalinin banklara manatla qaytaracağı məbləğ təxminən 1,7 milyard manat çox olacaq. Məsələ ondadır ki, devalvasiyaya qədər 5 milyard manat 6,37 milyard dollara bərabər idi. Indi isə həmin borc yeni məzənnə ilə 6,7 milyard manata yaxındır.
Bir sözlə, banklar əmanətlərini 960 milyon dollar ödəməli olsalar da, əmanətləri manatda olduğuna və kreditləri dollarda götürdüyünə görə vətəndaşlar banklara 1.7 milyard ödəməli olacaqlar. Bu müqayisədə vətəndaşlarımız daha çox ziyan çəkən təbəqədir.
“Manatı dəyərsizləşdirməmişdən öncə düşünmək lazım idi”
Iqtisadçı Nemət Əliyev bildirdi ki, həm əhaliyə, həm də banklara ciddi ziyan dəyib. Sadalanan rəqəmlərdən bankların bir qədər əlverişli durumda olduğu görünür. Ekspertin sözlərinə görə, baş verənlər manatın devalvasiyasının doğurduğu acı nəticələrdir: “Təəssüflər olsun ki, hökumət həmişə xalqın maraqlarını arxa plana keçirib. Düşünülməmiş formada ortaya çıxan devalvasiya planı da bu qəbildən olan məsələlərdəndir. Normalda hökumət ciddi götür-qoy etdikdən sonra hökumət bu addımı elə formada həyata keçirməli idi ki, əhalinin maddi rifah halına zərbə dəyməsin. Amma artıq bu proses baş verdi və bu qədər xalq bunun ziyanın gördü”.
Manatın devalvasiyasından vətəndaşlara dəyən ziyanın daha da artacağını deyən N.Əliyev bildirdi ki, tendensiya onu göstərir ki, MB manatın kursunu saxlamaqla bağlı ciddi çətinlik çəkir. N.Əliyev hesab ki, bazarda qiymətlərin artırılması istiqamətində artıq proses başlanıb: “Amma qiymətlərin artımı sosial müavinətlərin, əmək haqlarının artırılması ilə müşahidə olunmur. Bu isə alıcılıq qabiliyyətinə ciddi təsir edəcək. Ona görə manatın məzənnəsinin düşməsi acı nəticələrini bir müddət sonra daha qabarıq formada göstərəcək. Mərkəzi Bankın rəhbəri onun anonsunu etmişdi ki, ölkədəki bir sıra bankların dövriyyədən çıxmaq təhlükəsi var. Çünki nizamnamə kapitalına bir sıra məhdudiyyətlər qoyulmuşdu. Indi Mərkəzi Bank həmin bankların adını çəkməlidir. Çünki əhalinin bir hissəsi özünün əmanətlərini həmin banklarda saxlayır. Nəticə etibarilə əhalinin maraqları böyük risk altına düşüb. Ona görə bütün olanlardan sonra hökumət özündə cəsarət tapıb əhalinin maraqlarının müdafiə olunması istiqamətində addımlar atmalıdır”.
Xəyal