Ilham Əliyevin hədələri və görülən tədbirlər işə yaramır; süni qiymət artımı və qıtlıq davam edir
Gözlənilirdi ki, ölkə başçısı Ilham Əliyevin oliqarxlara barmaq silkələməsindən sonra süni qiymət artımı və qıtlıq aradan qalxacaq. Lakin bunun əksi baş verdi. “Azadlıq” dünən yazmışdı ki, ölkə başçısının çıxışından sonra aparılan araşdırmalar zamanı Bakıda və digər iri şəhərlərdə fəaliyyət göstərən topdansatış məntəqələrindən mal götürməyin mümkün olmadığı bəlli olub. Topdansatış məntəqələri idxal məhsullarını, xüsusilə meyvə-tərəvəz, mal əti, quş əti, balıq məhsullarını satmaqdan imtina edir. Alıcılar manatın ucuzlaşmasından sonra belə vəziyyətin yarandığını deyir.
Artıq baş verənlərlə bağlı tədbirlər görülməyə başlanıb. Iqtisadiyyat və Sənaye Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında “Tulçinka” yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.
Bundan başqa Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Vest Produkt Marketinq” MMC barədə iş qaldırıb.
Nazirliyin saytında yerləşdirilən məlumatda deyilir ki, adıçəkilən qurum antiinhisar qanunvericiliyini pozub.
Monitorinqlər zamanı onun istehlak bazarında “Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin qiymətini süni artırdığı, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulları dövriyyədən çıxarması müəyyən edilib.
Istehlak bazarına nəzarət tədbirlərinin davam etdirildiyi bildirilir.
Lakin bu tədbirlərin nəticəsi yoxdur. Hakimiyyətdəki oliqarxların nəzarətində olan topdansatış məntəqələri və şirkətlər süni qıtlıq yaratmaqda davam edir. Elə dünən məlumat almışıq ki, “Ozon” şirkəti 4 gündür ticarət obyektlərinə xaricdən gələn idxal mallarını buraxmır. Sahibkarlar deyir ki, şirkət bu addımının səbəbini izah etmir. Görünən odur ki, oliqarxlar nə hədə-qorxudan, nə də görülən tədbirlərdən çəkinir. Onlar qiymət artımı yaratmaqda israrlıdırlar. Bu artıq hökumətə savaş elan etməkdir. Prosesin qarşısını almaq üçün daha sərt tədbir görülməlidir. Əgər Ilham Əliyev səmimidirsə topdansatış məntəqələrinin, iri şirkətlərin, idxal mafiyasının arxasında dayanan məmurları cəzalandırmalıdır. Cəzalandırmırsa, deməli, ya dediklərində səmimi deyil, ya da komandasına nəzarət imkanlarını tamamilə itirib.