İqtisadçı-ekspert Samir Əliyev manatın taleyilə bağlı maraqlı analiz yazıb. Ekspertin şəxsi "facebook" səhifəsindən paylaşdığı həmin yazını təqdim edirik:
"Nəhayət ki, gözlənilən hadisə baş verdi. Əhali əllərində olan manatın qəfildən 30%-dən çox ucuzlaşmasının şahidi oldular. Aylar idi müstəqil ekspertlər devalvasiyanın qaçılmaz olduğunu bildirsələr də hökumət bunu dəfələrlə istisna edirdi. Mərkəzi Bankı rəhbəri Elman Rüstəmov AzTV-də 2 dəfə dalbadal çıxış edərək əhalinin əmin etdi ki, manatın devalvasiyası mümkün deyil və bunun üçün iqtisadi zəmin də yoxdur. Halbuki ekspertlər bu açıqlama ilə razılaşmadığını dəfələrlə vurğulayırdılar. Ən azı ölkə prezidentinin manatla avronun bərabərləşdirilməsinin zəruriliyi fikri devalvasiya ehtimalını artırdı və eyni zamanda hökumətdə koordinasiyanın olmamasını açıqca göstərdi. Manatın avro ilə bərabərləşdirilməsi onun devalvasiyasını nəzərdə tuturdu və bu, əlbəttə Mərkəzi Bankın planına daxil deyildi. Hiss olunurdu ki, manatın taleyi ilə bağlı Mərkəzi Bankın mövqeyi zəifləyir. Hər bir halda illərlə manatın sabitliyi timsalında bank sektoruna etimadı bərpa etməyə nail olan və ölkədə qiymətlərin sabitliyini təmin edən Mərkəzi Bank devalvasiyanın, xüsusilə də devalvasiya gözləntisinin sektor üçün zərərini anlamamış deyildi. Ancaq digər reallıq – neft gəlirlərinin azalması fonunda büdcənin doldurulması problemi, məhdud ixracın daha da məhdudlaşması digər qurumların mövqeyini daha da möhkəmləndirirdi.
Müstəqil iqtisadçılar isə bir məsələdə həmrəy idilər: devalvasiya mütləq olacaq. Fikir ayrılığı əsasən zamanla bağlı idi. Devalvasiyanın tədricən və ya kəskin olması ilə bağlı rəylər də qismən haçalanırdı. Müstəqil ekspertlər ölkədə panika yaratmaqda günahlandırılırdı, halbuki buna hökumətin addımları əsas verirdi. Mərkəzi Bankın fevralın 17-dən çevik məzənnə siyasətinə keçid qərarı devalvasiya istiqamətində konkret addım idi. O zaman da ekspertlərin “yumşaq devalvasiya başladı” rəyini Mərkəzi Bank qəbul etmədi. Manat isə həftənin 5 günü ərzində dollara nəzərən 0,2 faiz ucuzlaşırdı. Valyutadəyişmə məntəqələrində uzun növbələr, gündəlik təxminən 500 milyon dollar həcmində intervensiya vəziyyətin ciddiliyindən xəbər verirdi. Mərkəzi Bankın şənbə-bazar rəsmi iş günü elan etməsi xəbəri isə kəskin devalvasiya təhlükəsinin yaxınlaşmasından xəbər verirdi. Parlament seçkiləri ilində hökumətin bu addımı atması az gözlənilən idi. Mərkəzi Bankın müqaviməti isə açıqca hiss olunurdu. Manatın dollara nəzərən yeni məzənnəsi ilə bağlı məlumatın həmişəki kimi səhər iş saatı başlayanda yox, bir neçə saat sonra verilməsi də diqqətdən yayınmamışdı.
Əslində hökumət uzun müddət idi ki, ümidi neftin bahalaşmasına bağlamışdı və konkret addımlara risk etmirdi. Son ana qədər inanırdılar ki, neft yenidən bahalaşacaq və problem 2009-cu ildə olduğu kimi həllini tapacaq. Ancaq neftin xeyli müddət 50 dollardan aşağı həddə qalması hökuməti devalvasiya ilə bağlı qərarını gündəmə gətirdi. Bu dəfə neftin birdən birə 48 dollardan 62 dollara kimi bahalaşması qərarın qəbulunu 3 həftə ertələdi. Və nəhayət hökumət neft ciddi bahalaşmayacağına əmin olduqdan, eyni zamanda yanvar ayı üzrə xarici ticarət dövriyyəsinin qeyri-qənaət vəziyyətini gördükdən sonra qərarını qətiləşdirdi.
İndi ümidlər sabaha tikilib. Ölkədə 2 gündür hər şey dayanıb. Ölkə rəhbərliyini isə bu qəti narahat etmir. Ortalıqda yalnız iqtisadçılar, bir neçə millət vəkili, bütün mətbuat və ən çox zərbə alan xalqdır. Sabah hansısa qərar ola bilər. Sanki hamı imdad istəyir. Mən bilmirəm sabah qərar nə olacaq. Ola bilsin dollar 90 qəpiyə salınsın, ola da bilsin baş verməsin. Ancaq bu sadəcə ehtimaldır, proqnoz deyil. Onsuz da bizdə məntiq işləmir və təsadüfi deyil ki, elmi araşdırma mərkəzləri deyil, falçılıq güclü inkişaf edib. Onsuzda Azərbaycanda nökərin papağını əvvəlcə alıb sonra qaytarmaqla onu sevindirmək siyasəti uzun müddət hökm sürüb. Ancaq onu bilirəm ki, Mərkəzi Bank Azərbaycanda müstəqil qərar vermək iqtidarında deyil. Manatın kəskin ucuzlaşdırmaq da onun real səlahiyyətində deyil. Mərkəzi Bank sadəcə ona yuxarıdan verilən tapşırığı yerinə yetirir.
İndi manatı qaldıranlar qalıb kənarda günahkar iqtisadçılardır. O iqtisadçılar ki, ötən ildən başlayaraq manatın devalvasiyasını proqnozlaşdırırdılar. Açığı mən bütün açıqlamalarımda devalvasiyanın zaman məsələsi olduğunu bildirmişəm. Həmişə də vurğulamışam ki, manatın taleyini NEFTin qiyməti həll edəcək. Hökumət yumşaq devalvasiyaya gedəndə artıq kəskin devalvasiyanın ilin sonuna qədər gündəmdən çıxdığını bildirmişəm. Proqnozum belə olub ki, NEFTİN QİYMƏTİ 50 dollardan aşağı düşməzsə və ya FÖVQƏLADƏ hadisə baş verməzsə, ilin sonuna kimi manat 10-15% ucuzlaşacaq. Yəni manatın kəskin ucuzlaşmasını proqnozlaşdırmaq mümkün deyildi. Bu, daha çox tapmacaya oxşayırdı. Çünki onun arxasında hökumətin davranışlarının məntiqi nəticəsi durmurdu".
P.S. Ötən ilin sonlarından başlayaraq bütün tanışlarıma vəsaitləri dollarla saxlamağı, əmanətləri isə dollara çevirməyi məsləhət görmüşəm.