ABŞ dövlət katibinin müavini rəngli inqilablarla bağlı suala cavabında əslində nə deyib?
Hakimiyyətin nəzarətində olan media orqanları ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Bakıda verdiyi açıqlamaları təhrif edib. Xüsusilə onun ABŞ-ın rəngli inqilablara dəstək verməsi barədə suala cavabına əl gəzdirilib. Nulandın fikirləri iqtidarın maraqlarına uyğun şəkildə verilib.
Guya dövlət katibinin müavini bu suala cavabında qəti şəkildə “Azərbaycanda inqilabdan söhbət gedə bilməz” deyə bildirib. Əslində isə Viktoriya Nuland belə bir ifadə işlətməyib. “Amerikanın Səsi” Nulandın cavabını olduğu kimi yayıb. Beləliklə, ABŞ dövlət katibinin müavini rəngli inqilablarla bağlı suala belə cavab verib: “Bəli bizi narahat edən məqamlar var idi. Biz bununla bağlı gərgin bəyanatlar vermişik, söhbətlərimiz olub. Indi lazım olan odur ki, formaya, struktura malik olan dialoq olsun. Məhz bu baxımdan çox məmnunam ki, prezident vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoq qurulmasına razılıq verdi. Inanıram ki, qurulacaq dialoq bəzi məslələrə aydınlıq gətirilməsinə, həllini tapmasına imkan verəcək. Biz bir daha yaradilan bu imkanı, verilən bu razılığı yüksək qiymətləndiririk.
Yəni, qurulacaq dialoq vətəndaş cəmiyyəti, azad media, insan haqları sahələrindəki məsələlərlə məşğul olacaq. Qeyd edim ki, dünyada ən güclü ölkələr fəal vətəndaş cəmiyyətinə malik olan, hökumətlə vətəndaş cəmiyyəti arasında açıq və fəal təmasların olduğu ölkələrdir. Hər hansı bir ölkədə hökumətlə vətəndaş cəmiyyəti arasında açıq, səmimi dialoq varsa onda artıq rəngli inqilaba ehtiyac qalmır. Bu cür rəngli inqilablar yalnız o zaman baş verir ki, hökumətlə vətəndaş cəmiyyəti arasında soyuqluq olsun, məsafə olsun, gərginlik olsun, onlar arsasında bağlı qapılar olsun və onların bir-birilərinin ehtiyaclarını həll etmək üçün lazımı zəruri şərait olmasın. Ümidvarıq ki, hökumətlə vətəndaş cəmiyyəti arasında güclü dialoq, eyni zamanda ABŞ-la Azərbaycan arasında yaradılacaq təmas və dialoqlar bizim ölkələrin digər iki sahədə olan əlaqələri kimi, bu sahədə də vəziyyəti yaxşılaşdıracaq".
Göründüyü kimi Nulandın cavabında Azərbaycanda inqilab olmayacağı barədə qəti fikir yoxdur.