«Məqsəd oğlunu öldürməkdə günahlandırılan Vüqar Əliyevin müdafiəsinə mane olmaq, onu ümumiyyətlə müdafiəsiz qoymaqadır»
Şəmkirin sabiq icra başçısı Aslan Aslanov vəkil Adəm Məmmədovdan Vəkillər Kollegiyasına şikayət edib. Bu barədə “Azadlıq”a məlumat verən Adəm Məmmədov bildirib ki, şikayətə kollegiyanın Intizam Komissiyasında baxılacaq: “Fevralın 17-də mənə məlumat verildi ki, haqqımda şikayət var. Şikayətdə mənim Vüqar Əliyevin müdafiəsindən kənarlaşdırılmam xahiş olunur. Şikayətdə göstərilib ki, guya mən Aslan Aslanovun şərəf və ləyaqətini alçaltmışam. Bütün bunların hamısı uydurmadır. Onun məqsədi oğlunu öldürməkdə günahlandırılan Vüqar Əliyevin müdafiəsinə mane olmaq, onu ümumiyyətlə müdafiəsiz qoymaqadır”.
Adəm Məmmədovun sözlərinə görə, bir müddət əvvəl sabiq icra başçısı onu mətbuat vasitəsilə təhdid edib: “Müsahibəsində demişdi ki, Adəm Məmmədov da müdafiə etdiyi Vüqarın yanına ömürlük həbsə göndəriləcək. Bu açıq təhdiddir. Artıq görür ki, hər şey ifşa olunub, aqressivləşib. Mənim ona qarşı heç bir qərəzim yoxdur. Aslan Aslanovun Vüqar Babayevin işində baş verənləri özümdən yox, məhkəmə qərarlarına əsaslanaraq demişəm. Onun əməlləri parlament səviyyəsində müzakirə olundu. Tək mən demirəm ki. Bu üsullarla mənim geri çəkilməyimə nail ola bilməyəcək. Bu cür təhdidlər məni daha da prinsipiallaşdırır”.
Lamiyə Quliyeva ilə bağlı məsələyə gəlincə, vəkili Fəxrəddin Mehdiyev “Azadlıq”a deyib ki, fevralın 20-də növbəti məhkəmə prosesidir. “Saat 12.30-da proses başlayacaq”, deyə vəkil əlavə edib. Lamiyə Quliyevanın ANS-ə müsahibəsi zamanı həbsxanada uşaq dünyaya gətirməsi barədə rəsmi məlumatları alt-üst etməsindən təzyiqlərə məruz qalıb-qalmaması barədə vəkil bunları deyib: “Doğrusu, onunla görüşməmişəm, ona görə də bu barədə dəqiq heç nə deyə bilmərəm. Lakin fikrimcə, təzyiqlər olsaydı, o, bu barədə mənə xəbər göndərərdi. Lakin belə bir xəbər almamışam”.
Xatırladaq ki, Lamiyə Quliyeva və keçmiş nişanlısı 2003-cü ildə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib. Məhkəmənin qərarı ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə məhkum edilib. Həbsxanada Lamiyə Quliyeva barəsində yeni cinayət işi başlanıb. Məhkəmənin hökmü ilə barəsində 5 il 6 ay azadlıqdan məhrum edilib.