Vəkil sensasiyalı xəbər yaydı; keçmiş icra başçısı onu hədələdi
Şəmkirin keçmiş icra başçısı, həmçinin Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlu Ruslanın qətlinə görə həbs olunan Lamiyə Quliyeva və Vüqar Əliyev ətrafında olaylar daha da dərinləşməkdədir. Bir müddət əvvəl cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməsi xəbərilə gündəmə gələn Lamiyə Quliyeva və ətrafında baş verənlər son bir ayda əsas müzakirə mövzularından birinə çevrilib. Eyni zamanda, 2003-cü ildə baş vermiş qətlin gerçək səbəbləri, Aslan Aslanovun Lamiyə və Vüqarın, eləcə də onların yaxınlarının başına gətirdiyi oyunlar, həbsxanada yaşananlarla bağlı xeyli ilginc faktların üstü açılıb.
Bugünlərdə Aslan Aslanov ANS-ə açıqlama verərək bildirmişdi ki, Lamiyə və Vüqar ətrafında baş verənlərin ona heç bir aidiyyəti yoxdur. Yəni, Lamiyənin cəza müddəti başa çatsa da, qondarma ittihamla həbsinin daha 5 il 6 ay uzadılması, Vüqar Əliyevə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi, həbsxanada bu adamlara qarşı işgəncələr və s. özbaşınalıqların onun sifarişilə həyata keçirilməsinə dair deyilənlər həqiqətəuyğun deyil.
Sözügedən açıqlamada Aslan Aslanov YAP Siyasi Şurasının üzvü olduğunu da vurğulamışdı. Hətta onun bu addımı YAP üzvlüyündən qalxan kimi istifadə etmək cəhdi kimi qiymətləndirilmişdi.
Dünən axşam saatlarında Aslan Aslanovun həbsi xəbəri yayıldı. Ruslan Aslanovun qətlinə görə ömürlük həbs cəzası almış Vüqar Əliyevin vəkili Adəm Məmmədova istinadən yayılmış məlumatda bildirilirdi ki, keçmiş icra başçısı ANS-ə açıqlamasından sonra saxlanılıb.
Lakin Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Azadlıq"a açıqlamasında xəbəri təkzib edərək bildirdi ki, Aslan Aslanovun həbsi barədə deyilənlər həqiqəti əks etdirmir.
Ardınca vəkil Adəm Məmmədov dəqiqləşdirmə apararaq, yenidən belə bir məlumat yaydı: "Rəsmi orqanlarla apardığımız dəqiqləşdirmədən sonra məlum oldu ki, Aslan Aslanovun həbs olunması barədə informasiya təsdiqlənmir, lakin onun həbsilə bağlı hazırlıq işləri yekunlaşmaqdadır…".
Aslan Aslanov isə “qafqazinfo”ya açıqlamasında onun həbsi ilə bağlı vəkilin dediklərini dezinformasiya adlandırıb və vəkili hədələyib: “Yayılan xəbərlər cəfəngiyatdır. Hazırda öz evimdəyəm. Bu xəbərləri yayan vəkil özü də elə yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək”.
Xatırladaq ki, Ruslan Aslanov 2003-cü ildə qətlə yetirilib. Bu qətlə görə 15 yaşlı Lamiyə Quliyeva və onun nişanlısı Vüqar Əliyev həbs olunub. Lamiyə Quliyeva məhkəmədə bildirib ki, qətli özü törədib, Vüqarın günahı yoxdur. Qətli isə hələ 13 yaşında olarkən Ruslan Aslanov tərəfindən zorlanması, nişanlandıqdan sonra da onu rahat buraxmamasına görə törədib. Buna baxmayaraq, məhkəmə cinayətin torpaq mübahisəsinə görə baş verdiyinə dair hökm çıxarıb. Guya, Vüqar Əliyevin atası ilə icra başçısı arasında torpaq mübahisəsi olub. Bu səbəbdən Vüqar Əliyev icra başçısının oğlunu öldürməklə ondan qisas almaq niyyəti güdüb. Hökmə əsasən, Lamiyə Quliyeva 10 il, Vüqar Əliyev ömürlük, onun atası İbrahim isə beş il azadlıqdan məhrum edilib. Lamiyə Quliyeva cinayət törədərkən yetkinlik yaşına çatmadığından (16 yaşı olmadığından) ona 10 ildən yuxarı cəza verilə bilməzdi. Bu on il başa çatan ərəfədə Lamiyə Quliyevaya qarşı yeni iş açılıb və CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsilə onun cəzası daha 5 il 6 ay artırılıb.
Ötən ilin oktyabrında isə Lamiyə cəzaçəkmə müəssisəsində ana olub. Onun illərdir həbsdə olduğu, keçmiş nişanlısı Vüqarın isə həbsxanada başqa bir xanımla ailə qurduğu nəzərə alınaraq, bu hadisə səs-küyə səbəb olub.
Vüqar Əliyevin vəkili Adəm Məmmədov bildirir ki, o, günahsız həbs olunub. Vəkil iddia edir ki, qətlin Vüqar Əliyevin boynuna qoyulması Aslan Aslanovun istintaqa müdaxiləsi ilə baş verib.
İnformasiya şöbəsi