Müzəffər Baxışov: «Cinayət işinin yenidən araşdırılmasına başlanmalı və faktların hərtərəfli, obyektiv araşdırılmasına imkan yaradılmalıdır»
Şükür Məmmədli: «Lamiyə Quliyeva ilə bağlı cinayət işinin bəzi gizlinləri yenidən araşdırma predmeti olmalıdır»
Ölkə gündəmini zəbt edən Lamiyə Quliyevə hadisəsi bir sıra qaranlıq məqamları yenidən aktuallaşdırdı. Məlum oldu ki, on iki il əvvəl törədilən cinayətdən sonra Şəmkirin icra başçısı Aslan Aslanov oğlunun cinayətlərini ört-basdır etmək üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Qisas almaq məqsədilə L.Quliyeva və V.Əliyevə, onların yaxınlarına olmazın işgəncələr verib. Amma bütün bu hadisələrin üzərindən sükutla keçilib. Hazırda bu məsələlər yenidən aktuallaşıb. Belə olan halda müvafiq orqanlar sözügedən cinayət işinə yenidən baxaraq, yol verilən cinayətkarlara görə hesab sorulmalıdırmı?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, həqiqətən də bu cinayət işi ilə bağlı ciddi şübhələr var. M.Baxışov bildirdi ki, cinayət işinin materialları, mətbuatda gedən məqalələr ilə ilə tanış olan zaman bəlli olur ki, istintaqın gedişinə müəyyən müdaxilələr olub, saxtakarlıqlara yol verilib: “Ittiham aktının tərtibi zamanı belə görünür ki, çalışıblar ki, məsələni başqa tərəfə yönəltsinlər. Mən konkret deyə bilmərəm ki, məsələlərin bu şəkildə yönəlməsinə Aslan Aslanov təsir edib. Amma bu bir gerçəklikdir ki, istintaqın gedişinə təsir olur. Həm cinayət işində əməlin tövsifində, həm də cəzanın təyinində bu təzyiqlər hiss olunur. Bəziləri bəyan edir ki, Azərbaycanda bir nəfəri öldürən şəxsə ömürlük həbs cəzası verilmir. Bu yalandır. Elə hallar var ki, bir nəfər öldürülsə də ömürlük cəza təyin edilib. Amma bu cinayət işində əməlin kim tərəfindən törədilməsi təyin edilməyib”.
Azərbaycanın hüquq sisteminin hazırda bərbad vəziyyətdə olduğunu deyən M.Baxışovun sözlərinə görə, əslində bu cür tənqidlər Azərbaycandakı bu çatışmazlıqların aradan qaldırılması məqsədilə səslənir: “Məhkəmələrdə iştirak edirsən və hakimlərin necə biabırçı qərarlar qəbul etdiyini görürsən. Ona görə demək çətindir ki, Şəmkir rayonun icra başçısı ölkənin Baş prokuroruna, Ali Məhkəmənin sədrinə, ədliyyə nazirinə təsir etmək imkanına sahibdir. Amma Aslan Aslanovun elə şəxsə çıxış imkanı ola bilər ki, həmin şəxslər vasitəsilə o, hüquq-mühafizə orqanlarının rəhbərlərinə təzyiqlər göstərə bilər. Cinayət Məcəlləsində buna görə konkret müddəalar nəzərdə tutulub. Məcəllənin 286-cı maddəsində qeyd olunur ki, ədalət mühakiməsinin keçirilməsinə mane olmaq məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmə, işin obyektiv və tam, hərtərəfli araşdırılması üçün prokurorun, müstəntiqin və ya tədqiqatçının işinə müdaxilə etmə qanunla qadağandır. Məcəllənin 286.1 və 286.2-ci maddələrində qeyd olunur ki, bu əməllər vəzifəli şəxsin öz qulluq mövqeyindən istfiadə edilərək törədildikdə, həmin şəxs 500-800 manat arası cərimələnir. Bu maddəyə görə cəza üç ilədək müəyyən vəzifə tutmaq hüququndan və ya üç ilədək azadlıqdan məhrum olma ilə cəzalanır. Eyni zamanda bu işlə bağlı yol verilən qeyri-insani rəftar və işgəncəyə də görə cinayət işinə yenidən baxıla bilər. Cəmiyyəti maraqlandıran bu qədər nüanslar varsa baş prokuror cinayət işinin yenidən araşdırılmasına başlamalı və həmin faktların hərtərəfli, obyektiv araşdırılmasına imkan yaradılmalıdır. Amma mən inanmıram ki, Baş Prokurorluq Aslan Aslanov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlatsın”.
Hüquqşünas Şükür Məmmədli də hesab edir ki, L.Quliyeva ilə bağlı cinayət işinin bəzi gizlinləri yenidən araşdırma predmeti olmalıdır. Baş verən olayların hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin nə qədər gülünc formada olduğunu göstərdiyini deyən Ş.Məmmədli bildirdi ki, L.Quliyevanın cinayətinə haqq qazandırmır. Amma L.Quliyeva cəzasını alıb və cəzası üzrə barəsində kəsilən müddəti həbsxanada keçirib: “Lakin müddət başa çatsa da Lamiyə Quliyeva azadlığa buraxılmır və ona yeni cəza kəsilir. Faktlar onu göstərir ki, bu qadının üzərinə o qədər düşülüb, ona qarşı o qədər qərəzli yanaşılır ki, Ali Məhkəmədə buna qarşı çıxılır. Pentensiar xidmətin rəisi elə danışır ki, guya bu həbsxanaların deyil, kurortların direktorudur. Mədət Quliyev bildirir ki, Lamiyə Quliyevanın dünyaya uşaq gətirməsinə təbii baxmaq lazımdır. Axı buna necə təbii baxıla bilər? Bura cəzaçəkmə müəssisəsidir. Baş verənlər bu sistemin çürüməsini sübut edir. Necə olur ki, bir harın məmur sifariş verir və onun bu addımından sonra bütün məhkəmə sistemi, prokurorluq hamısı bu əmrə tabe olur. Bütün bunlara aydınlıq gətirilməlidir”.
Xəyal