Fevralın 6-da siyasi məhbus Tofiq Yaqqublunun doğum günüdür. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edir. Təbrikdə deyilir:
“Bu gün vicdan məhbusu, hörmətli Tofiq Yaqublunun ad günüdür. Ad günü münasibətilə Tofiq bəyi ürəkdən təbrik edirəm. Ona can sağlığı, xoşbəxtlik, mübarizəsində uğur və tezliklə azadlığa qovuşmasını arzulayıram.
Tofiq bəy artıq üçüncü ad günüdür ki, məhbəsdə keçirir. Tofiq bəy şərəfli mübarizə və ağır sınaqlarla zəngin bir həyat yaşayır. Vətən torpaqları darda olanda Tofiq bəy tərəddüdsüz Qarabağ savaşına getdi. Şükür ki, o savaşdan salamat qayıtdı. Sonra da bütün gəncliyini əvvəlcə Azərbaycanın, sonra da azərbaycanlıların azadlığı uğrunda mübarizəyə həsr etdi. Ölkəmizin demokratikləşməsi uğrunda xeyli uzun çəkən, məhrumiyyətlərlə dolu mübarizə illəri onu yorub, ruhdan sala bilmədi. Həyatının əsas çətinliklərini isə Tofiq bəy məhz son illərdə yaşamalı oldu. Daha ağır günlər qızı Nigar Yaqublunun həbsi ilə başladı. Çox ağır sınaq idi. Həmin ağır imtahandan Tofiq bəy də, Nigar xanım da, bütövlükdə Yaqublular ailəsi də üzüağ çıxdı. Heç Nigar azadlığa çıxmamış, Tofiq bəyin özü də şərlənərək həbs olundu. Ardınca da ailə daha bir fəlakət yaşadı. Tofiq bəyin həyat yoldaşı Maya xanım Şəkiyə, onun məhkəməsinə gedərkən ağır avtomobil qəzasına uğradı. Ağır xəsarətlər alsa da, şükür ki, Maya xanım salamat qurtardı.
Tofiq bəy təkcə son bir neçə ildə bu qədər ağır sınaqlardan keçib. Amma heç bir çətinlik, sınaq onu əyə bilməyib, inamını, mübarizə əzmini sarsıtmayıb. Tofiq bəy hətta həbsdə də mübarizəsini davam etdirib. Bir çoxlarının azadlıqda ola-ola yaza bilmədikləri həqiqətləri Tofiq bəy çox vaxt məhbəsdən yazıb. Ötən müddətdə mən də bu ailəni diqqətdə saxlamağa çalışmışam. Dəfələrlə evlərində olmuşam. Azərbaycan üçün, xalqımız üçün bu qədər fədakarlıqlar etmiş, mübarizəmizin simvollarından birinə çevrilmiş, əqidə və prinsiplərindən vaz keçməmiş Tofiq Yaqublu hamımızın hörmətinə, dəstəyinə layiqdir.
Bir daha ad günün mübarək, məğrur, iradəli, cəsarətli böyük insan!”
{fcomment}