Sosial şəbəkələrdə fotoları yayılan bir etirazçı belə şüar qaldırmışdı: “Mən sistemə qarşı deyiləm, sistem mənə qarşıdır”. O şüar birmənalı olaraq bizim əhvalımızı ifadə edir. Elə deyildiyi kimi də var. Kim düşünürsə ki, bizim qaşınmayan yerdən qan çıxarmaq xoşumuza gəlir, tamamilə yanılır. Biz də canımızdan bezib, qanımızı qaşığa qoymamışıq. Amma neyləməli ki, ətrafda hər şey insanın üstünə gəlir, gözünə durur, qanını qaraldır, hər şey.
Sözün həqiqi mənasında, mənim bu sistemlə bir dərdim yoxdur. Sadəcə, o sistem məni adam kimi yaşamağa qoymur. O sistem mənim insanlıq haqqımı əlimdən alıb, əşya kimi bir küncdə dayanmağımı istəyir. O sistem məni ən qəddar formada istismar edib həyat qabiliyyətimin son anına qədər onun xidmətində dayanmağımı istəyir. O sistem mənim haqqımı yeyib diktə etdiyi alçaldıcı şərtlərə boyun əyməyimi istəyir. O sistem yaşadığım ölkəyə gətirdiyi haqsız hakimiyyət bölgüsünə, mülkiyyət bərabərsizliyinə, qanunsuz mənimsəmələrə, sərvət talançılığına, misilsiz hüquq pozğunluqlarına göz yummağımı tələb edir. Lakin mənim də Tanrıdan verilmiş halal haqqımı kimsəyə güzəştə getmək niyyətim yox.
Nə fürsətçi və qarətçi bir sistemə qulluq göstərmək, nə əzilmiş hüququmun üstündən sükutla keçib küncə qısılmaq, nə də oğurlanmış haqqımı kiməsə bağışlamaq fikrində deyiləm…
Dünən yenə internetimiz kəsildi. Müştəri xidmətinə zəng vurub səbəbini soruşdum. “Sistemdə problem var” dedilər. Problemin yoluna qoyulacağını gözləyə-gözləyə saatlar keçdi. Təkrar-təkrar zəng vurub, mübahisə etdim, kəsintisiz internet təminatı ilə bağlı öhdəliklərini xatırlatdım. Faydası nə? Sistemin bərpa olunması üçün saatlarla gözləməli oldum deyinə-deyinə… Bu məsələyə görə əvvəllər provayderi məhkəməyə verməyi düşünürdüm. Müqavilənin şərtləri var, qanun mənim tərəfimdədir, istənilən halda qazanmalıyam. Qanun deyincə… qərarımı dəyişməli oldum. Hüquq-məhkəmə sistemi nə durumdadır ki, qanun da mənim tərəfimdə olsun. Xülasə, bunu düşünüb fikrimdən daşındım. Yaxın çevrədəki tanış-bilişin provayderi dəyişməklə bağlı tövsiyələri də ağlıma batmadı. Axı nə qədər provayder dəyişərlər? Faydası yoxdur, yox. Ölkənin internet şəbəkə sistemi bu qədərini bacarır, vəssalam.
Bu yazdığım, sadəcə, hamımızın gündəlik üzləşdiyimiz məsələlərdən biridir. Lakin yaxşı bilirsiniz, durum hər yerdə eynidir. Idarəetmə sistemi, hüquq-mühafizə sistemi, nəqliyyat sistemi, səhiyyə sistemi, təhsil sistemi, qiymət sistemi… Demək olar ki, ölkə insanın problemi kanalizasiya sisteminin pozulmasından başlayıb, əsəb-sinir sisteminin pozulması ilə bitir. Bu gərginliyə və əsəb pozğunluğuna davam gətirməyib həyatına qəsd etməyə qalxan insanları da qına görüm, necə qınayırsan. Normalda, yazmaqla, şikayətlənməklə çox şey dəyişməlidir. Ancaq bir ölkənin şikayət-qəbul sistemi də işləmədikdən sonra özünüz təsəvvür edin işin dalana necə dirəndiyini…
Bu günlər ara söhbətlərində “sistem dəyişməlidir” deyib haray təpən insanların, o dəyişikliyin çəmini, yolunu axtarıb tapmağa gələndə niyə yoxa çıxdığını anlamıram. Dərd burasındadır ki, bərbad durumda olan çoxluğu ətalət basıb. Kimsə həyatının yaxşılığa doğru dəyişməsi üçün canına cəfa vermək istəmir. Indiyə qədər arzuladığınız bir şeyin göydən zənbillə düşdüyünü görmüsünüz? Heç görməyəcəksiniz də. Neçə ki, başda sistemsiz adamlar oturub və aşağıda da bu qarmaqarışıqlığın öz-özünə düzələcəyini gözləyirlər, sistemsizlik elə belə də sürüb gedəcək…