Almaniya kansleri Qarabağ məsələsində Rusiyanı günahlandırdı
Ölkə başçısı Ilham Əliyevin Almaniya səfəri müxtəlif formalarda şərh edildi, müzakirələrə səbəb oldu. Səfər zamanı Almaniya kansleri Angela Merkellə Ilham Əliyev arasında müxtəlif məsələlər müzakirə olunub, o sıradan demokratiya və insan haqları məsələsinə də toxunulub.
Görüşdən sonra mətbuat konfransı keçirilib və Angela Merkel bildirib ki, Almaniya Qarabağ münaqişəsinin həllində maraqlıdır: “Biz müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq. Xüsusən də Azərbaycanda insan hüquqlarının vəziyyəti, həmçinin regionda baş verən geosiyasi vəziyyət haqqında danışdıq. Biz Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi apardıq. Almaniya da münaqişənin həllində vasitəçi olmaq istəyir. Düşünürük ki, Avropa Şurası, Avropa Birliyi bu istiqamətdə bir təşəbbüslə çıxış edərək münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq” deyə Merkel bildirib.
Jurnalistlərin suallarını cavablandıran Merkel Qarabağ məsələsində Rusiyanın roluna da toxunub: “Mən düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol oynayır. Mən sadəcə olaraq bunu qeyd etmək istərdim. Düşünürəm ki, Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər”.
Əslində, bu fikirlərdə Ilham Əliyevə ciddi mesaj var. Merkel açıq şəkildə bildirir ki, Qarabağın işğalında və münaqişənin dalana dirənməsində Rusiya amili var. Azərbaycan hakimiyyəti isə bütün bunlara rəğmən Rusiyanın himayəsinə sığınıb və Qərbə qarşı savaş açıb. Merkel, Avropa Birliyi, Avropa Şurası ilə müzakirələr aparacaqlarını xatırlatmaqla, bir daha diqqətə çatdırır ki, münaqişənin həlli Qərblə əməkdaşlıqdan keçir. Ümumi mənzərə isə onu göstərir ki, hakimiyyət Qarabağ məsələsində səmimi deyil. Bu qeyri-səmimlik isə diplomatik dildə ifadə edildi.
«Artıq bütün dünya etiraf edir ki, münaqişənin həlli Rusiyanın çöküşündən asılıdır»
Politoloq Vəfa Quluzadə bildirdi ki, bütün dünya Rusiyanın Qarabağ məsələsindəki rolunu görür və etiraf edir: “Rusiyanın başlıca siyasəti Azərbaycanı öz orbitində saxlamaq və Qərbə inteqrasiyasının qarşısını almaqdan ibarətdir. Bunu isə bütün dünya kimi Almaniya da etiraf edir. Bugün Ukraynada həyata keçirilən siyasət, tam mənasında Qarabağ məsələsində həyata keçirilən siyasətin təkrarıdır”.
Vasitəçilik missiyasına gəlincə, ekspert hesab edir ki, “Almaniyanın vasitəçilik missiyasına ortaq olması Qarabağ münaqişəsinə hansısa töhfə verə bilməz. Əgər Rusiya indiki qarşıdurmada yerinə oturdulsa, məsələlər birgə həll olunancaq. Həm Qarabağ, həm Abxaziya, Osetiya, həm də Dnestryanı problemlər həllini tapacaq. Indiki halda isə hansısa vasitəçilik önəm daşımır. Bu qarşıdurma davam edəcək və məğlub tərəf Rusiya imperiyası olacaq. Əgər münaqişə Azərbaycan-Ermənistan arasında olsaydı, vasitəçiliyin önəmi olardı. Bu məsələdə isə Ermənistan sıradan çıxarılıb, Rusiya Ermənistan adı ilə prosesi davam etdirib. Münaqişənin həlli və Rusiya xalqının xoşbəxtliyi mövcud rejimin çöküşündən asılıdır”.
Akif