Gültəkin Hacıbəyli barəsində çıxarılan qərar belə qiymətləndirilir
Yasamal Rayon Məhkəməsində Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi dünən yekunlaşdı. Hakim Sərdar Mehrəliyev Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin və onun bacısı Aynur Mehdiyevanın şikayətini qismən təmin edib. Məhkəmənin hökmü ilə Gültəkin Hacıbəyli Mehdiyevlərin şərəf və ləyaqətini təhqir etdiyi üçün CM-nin 147.1 maddəsilə təqsirli bilinərək 500 manat məbləğində cərimələnib.
Eləcə də ekspertiza xərci olaraq 150 manat məbləğində vəsaitin də təqsirləndirilən şəxsdən tutulması hökmdə qeyd olundu.
Tanınmış hüquqşünaslar çıxarılan hökmü ədalətsiz sayırlar.
Bəhruz Bayramlı: «Çıxarılmış qərar tam qanunsuz və əsassızdır»
Vəkil Bəhruz Bayramov bildirdi ki, qəbul olunan qərar ədalətsiz, qərəzli və hüquq normalarının kobud pozulmasının nəticəsidir. Məhkəmə prosesinin gedişinə də toxunan vəkil vurğuladı ki, proses zamanı tam sübut olundu ki, burada xüsusi ittiham qaydasında verilən şikayətdən söhbət gedə bilməz: “Çünki ekspertizanın rəyi var ki, Mahmud Mehdiyevə qarşı işlədilən ifadələrdə heç bir təhqir söhbəti yoxdur. Digər tərəfdən isə Aynurə Mehdiyevə barəsində Azərbaycan dövlətinin adından çıxarılmış bir hökm var. Ona görə Gültəkin Hacıbəyli haqqında çıxarılmış qərar tam qanunsuz, əsassız və hüquq adına biabırçı bir hökmdür”.
Vidadi Mirkamal: «Hakimiyyət bu hökmü çıxarmaqla sübut etdi ki, hüququ nəzərə almır»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal bildirdi ki, bir ildən artıqdır bu proses başladılıb. V.Mirkamalın sözlərinə görə, əvvəlcədən də bəllidir ki, prosesdə iştirak edənlər oyuna atılmış insanlardır və hakimiyyətin göstərişini həyata keçirirlər: “Bu insanlar hakimiyyətə vəd vermiş və eyni zamanda məhkəmə hökmü ilə cəzalandırılan insanlardır. Əlbəttə, baş verən bir nonsensdir. Insan hüquqlarının tapdandığı Azərbaycan kimi ölkələrdə belə hadisələrin baş verməsini gözləmək olar. Amma hər bir halda baş verən hüquqi nihilizmdir. Dövlət başçısı Avropada bəyan edir ki, Azərbaycanda insan hüquqları qorunur və siyasi məhbus yoxdur. Amma hakimiyyətin barəsində mətin mövqedə dayanan bir xanım haqqında belə hökm çıxarılır. Əslində hakimiyyət bu hökmü çıxarmaqla sübut etdi ki, hüququ nəzərə almır. Hakimiyyət məhkəmənin sifarişçi orqan olduğunu bir daha ortaya qoydu. Baş verən Gültəkin xanıma qarşı böyük bir haqsızlıqdır. Amma buna baxmayaraq düşünürəm ki, bu işlə bağlı apelyasiya şikayəti verilməlidir. Bu iş Avropa Məhkəməsinə qədər davam etdirilməlidir”.
Xəyal