Böyük işlərdə böyük nəticələr əldə etmək o qədər də asan məsələ deyil. Böyük əmək, vaxt və dözüm tələb edir bu işlər. Biz istəsək də, istəməsək də, reallıq belədir. O üzdən kiminsə “bu işlərin axırı necə olacaq?” sualını “yaxşı olacaq” deyə cavablayanda da, buna ürəkdən inanaraq deyirəm. Axı bir az dərin düşünsək, heç yaşadıqlarımız o qədər təəccübləndirici də olmamalıdır. Yeni doğulmuş körpənizin boya-başa çatıb öz ayaqları üzərində sağlam dayanması üçün nə qədər zəhmət, vaxt və enerji sərf edirsiniz? Elə bir ağaca, bir bitkiyə, bir çiçəyə də elə…
Bambuk ağacının böyüməsi buna daha gözəl nümunə ola bilər.
Çinlilər bu ağacı belə yetişdirirlər: əvvəl ağacın toxumu əkilir, sulanır və gübrələnir. Birinci il toxumda hər hansı bir dəyişiklik olmaz. Toxum yenidən sulanıb gübrələnir. Bambuk ağacının cücərtisi ikinci ildə də torpağın üstünə çıxmaz. Üçüncü və dördüncü illərdə eyni şəkildə qulluq davam edir. Lakin inadkar toxum bu ildə də cücərməz. Çinlilər böyük bir səbrlə beşinci ildə də bambuka su və gübrə verməyə davam edərlər.
Və nəhayət beşinci ilin sonlarına doğru bambuk yaşıllaşmağa başlayır və altı həftəlik bir müddətdə təxminən 27 metr hündürlüyə qalxar. Insanın ağla gələn ilk sual budur hər halda: Çin bambuk ağacı 27 metrlik boyuna altı həftədəmi, yoxsa beş ildəmi çatır? Bu sualın cavabı təbii ki, beş ildir. Böyük səbr və israrla beş il müddətində sulanıb gübrələnməsəydi, ağacın böyüməsindən söz sala bilərdikmi?
Əlbət ki, heç bir əmək nəticəsiz qalmır. Əkilib-becərilən ağac bar verir sonunda. Bəlkə, uzun çəkir, yorucu olur, amma əsası odur ki, olur. Insanların, ölkələrin, toplumların durumu da belədir, əslində. O üzdən bu ölkənin fədakar insanlarının da ruhdan düşməyə, yarıyolda dayanmağa, xəyallarından vaz keçməyə heç cür ixtiyarı yoxdur. Axı illərdir sevdiyiniz, canınızdan can, nəfəsinizdən nəfəs, qanınızdan qan verdiyiniz bu ölkəni siz böyütmüsünüz. Yuxusuz gecələrinizin, çəkdiyiniz əzab-əziyyətin, çiyninizə yüklənən ağırlıqların, qəlbinizi göynədən göz yaşlarınızın ölçüsü-hesabı yox. Itkiləriniz böyük, dərdləriniz ağırdır. Az deyil, artıq 23 il oldu o dilək ağacınızı suvarıb bəslədiyiniz. Indiyə kimi verdiyiniz əmək puça çıxmamalı, o fidan çoxdan çiçəklənmiş qollu-budaqlı bir ağac olmalı, kölgəsini açıb qucaqlamalıydı sizləri…
Əslində, min bir əzabla bəslədiyiniz o ağac çiçəkləyib, hətta barını da verib çoxdan. Sadəcə, o paydan sizə heç nə düşməyib, yerdənçıxma ziyanxorların mədəsinə gedir onun meyvələri indi. Bilirsiniz, bu, bir az da nəyə bənzəyir? Dünyaya gətirib can verdiyiniz doğma övladınızın yolun bir yerində ağır xəstəliyə yoluxmasına. Virus güclüdür, sarsıdıcıdır, müqavimətlidir, amma çarəsiz deyil. Doğmanızın qurtulması, dirçəlməsi, əvvəlki sağlığına qovuşması sizin iradənizdən, qətiyyətinizdən və müalicə üsuluna düzgün əməl etmənizdən asılıdır. Nə edəcəksiniz, ağır və çətin olduğu üçün xəstəliyin caynağınamı təslim edəcəksiniz doğmanızı? O virusun çarəsi öz əlinizdə ola-ola, mübarizə əzminiz qırılacaqmı, yorulub vazmı keçəcəksiniz bir məqamda? Bir yaxınınızın, doğmanızın, hələ övladınızın sağlığı və xoşbəxtliyi üçün nə çətinliklərə qatlaşmazsınız ki, həyatınızda! Bu ölkə də bizim üçün bu qədər əziz və dəyərli deyilmi? Onu yaxalandığı bu ağır bəlanın caynağından bizdən başqa kim xilas edəcək ki? Bu illər boyunca yaşadığımız həyat şərtləri bir gerçəyi də öyrətmiş olmalıdı axı bizə. Öyrətmiş olmalıdır ki, ümidləri məhz bambuk ağacı kimi inadkarlıqla böyütmək lazım gəlir.