Vətəndaşların ümumi kredit borcu 18.2 milyard manata çatıb
Azərbaycanda əhalinin yaşayış səviyyəsi o həddə çatıb ki, 2.2 milyon insan zəruri ehtiyacları ödəmək üçün kredit faizləri ilə yüklənib. Bu yaxınlarda YAP-çı deputat Siyavuş Novruzov da açıq şəkildə bildirdi ki, Azərbaycanda kredit faizlərini ödəmək üçün ya silah alveri, ya insan alveri, ya da narkotika alveri ilə məşğul olmalısan. Yəni əhalinin ağır şərtlər altında sınağa çəkildiyini hökumət təmsilçiləri də etiraf edir. Bir faktda məlumdur ki, bugün məhkəmə çəkişmələrinin 60-70 faizi bank-müştəri münasibətlərini əhatə edir. Eyni zamanda müvəqqəti saxlanma təcridxanalarında ən çox cəza çəkənlər kredit borcunu ödəyə bilməyənlərdi.
Hökumətin “yoxsulluğun kökünü kəsmişik”, “əhalinin rifahı yaxşılaşıb” kimi fikirlərini statistik məlumatlar da ifşa edir.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin məbləği 19.1 faiz artaraq 18.2 milyard manata çatıb. Kreditlərin 79.5 faizi uzun müddətə verilib. Verilən kreditlərin 5.4 faizinin ödəmə vaxtı keçib.
Göründüyü kimi “inkişaf”ın səviyyəsi o qədər yüksəlib ki, vətəndaşlar kredit borclarını artırmağa məcbur olublar. Kreditlərin uzunmüddətli götürülməsi isə, vətəndaşların ödəmək imkanlarının məhdudluğundan xəbər verir. Çünki, qısamüddətli fazilərin aylıq ödənişi daha yüksək məbləğ tələb edir. Əgər 18.2 milyard manat kredit borcu varsa, bu, adambaşına 2000 manat borc deməkdir. Yuxarıda qeyd etdiyimiz kimi, əhalinin müəyyən təbəqəsi bu borcları ödəyə bilmir, yubanma baş verir və məhkəmə prosesi, azadlıqdan məhrumetmə ilə nəticələnir.
Maraqlı burasıdır ki, belə bir statistik məlumatdan sonra əhalinin gəlirlərinin artması haqqında da məlumat yayılır və məlum olur ki, əhalinin gəlirləri 4.8 faiz artaraq, 39.4 milyard manata çatıb. Gəlirlərin 68.8 faizi son istehlaka, 8.7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.ÿ
Əhalinin banklardakı əmanətləri 2014-cü ilin on bir ayının göstəriciləri ilə müqayisədə 10.4 faiz artaraq 7.1 milyard manata çatıb.
Bu necə ola bilər ki, vətəndaşlar ehtiyac səbəbindən ağır kredit faziləri ilə yüklənməyə məcbur olur, eyni zamanda əhalinin gəlirləri artır? Görünür, hansısa kiçik təbəqənin varlanması əhaliyə şamil edilir. Amma əhalinin gəlirlərinin 68 faizini istehlak xərclərinə sərf etməsi də ölkədəki bahalıqdan, qazancın bütün tələbatları ödəməməsindən xəbər verir.
Reallıq həm də onda ifadə olunur ki, banklar iri oliqarxlara məxsusdur. Əhlinin banklardakı 7.1 milyardlıq əmanətini çıxsaq, məlum olacaq ki, vətəndaşların oliqarxlara təxminən 11 milyard manat borcu var.
Azad