Rejissor çəkdiyi filmin ssenarisinin pulunu vermək istəmir
Şəfaqət Mirzəyeva (Cavanşirli) adlı ssenarist “Azadlıq”a müraciət edib. Müraciət müəllifi Elmar Məmmədov adlı rejissorun qadın zorakılığı ilə bağlı film çəkmək istədiyini, özünün də bu məqsədlə ssenari yazdığını söyləyib. Müraciətdə deyilir:
“Avqust ayında Elmar Məmmədov adlı şəxs rəfiqəmlə bizə qonaq gələndə tanış oldum. Elmar Məmmədova ssenarini yazıb verdim. O bizə gəldi və dedi ki, ssenari ürəyincədi. Lakin filmi öz cibindən çəkdiyi üçün mənə pul verə bilməyəcəyini, bankdan pul götürüb çəkəcəyini vurğuladı. Sənət, kino üçün borc altına girdiyini görüb ondan pul götürməyəcəyimi dedim. Amma filmi hansısa mükafatda qalib olsa və ya harasa təqdim eləsə, pul alsa, payımı, mənə düşən qonararı verəcəyini bildirdim. Ona dedim ki, mən heç kimə pulsuz ssenari yazmıram.
Film çəkildi və mən sonradan facebookda öyrəndim ki, filmi Gənclər Fondunun maliyyə dəstəyilə çəkib. Rejissora yazdığım mesaja cavab aldım ki, filmin pulunu çoxdan alaraq xərcləyib. Nəzərinizə çatdırım ki, Elmar Məmmədov Gənclər Fondunun dəstəyi ilə əvvəlcədən də “Film və Mən” adlı film çəkib. Bu dəfə isə mənim ssenarim əsasında göndərdiyi layihənin rəhbəri Elmar Məmmədovun həyat yoldaşı Səttarova Bəyanə idi. Gənclər Fondunun sədri Fərhad Hacıyevə məktub yazdım. Onların və mənim Elmar Məmmədov və həyat yoldaşı Bəyanə Səttarova tərəfindən aldadıldığını məktubumda bildirdim. Lakin Gənclər Fonduna yazdığım məktublar cavabsız qaldı. Məktubu yenidən rəsmi şəkildə Gənclər Fonduna göndərdim. Gənclər Fondundan Faiq Qürbətov adlı şəxs məktubumu düzgün araşdırmayıb və mənə tamam fərqli cavab yazdılar.
Gənclər Fonduna ikinci məktubumda ilk məktubumu düzgün araşdırmadıqlarını bildirdim.
Gənclər Fondundan mənə gələn ikinci məktubda məndən Fonda gəlməyimi xahiş etdilər. Fondda çalışan Mübariz Qədirov adlı şəxs mənə zəng edərək dedi ki, bu məsələ bizlik deyil. Çünki müqaviləmiz olmalıdır. Dedim ki, müqavilə hər zaman maliyyə dəstəyi olan şirkətlə olur. Bir sözlə, sübutlarıma baxmaq istəmədilər və məsələnin onlara heç bir aidiyyatı olmadığını bildirdilər.
Sonra Gənclər Fondu məni də, Elmar Məmmədovu da öz ofislərinə çağırdı. O da ikinci məktubumda mənə olunan haqsızlığı mediada işıqlandıracağımı deyəndən sonra. Elmar Məmmədov gecikdiyi üçün onunla rastlaşa bilmədik.
Mən Elmar Məmmədovun onları da, məni də aldatmasıyla bağlı sübutları qarşılarına qoyanda, dedilər ki, Bəyanə Səttarova filmi artıq təhvil verib, bizlik deyil. Sonra da
Elmar Məmmədovun onlara təhvil verdiyi sənəddə heç bir problem olmadığını dedilər. Filmi araşdırmadan təhvil aldılar, Bəyanə Səttarova tərəfindən hazırladıqları sənədi isə sübut kimi qarşıma qoydular. Lakin təqdim edilən sənədlərdə rejissordan tutmuş, bütün heyət işçilərinin adları olmalıydı. Gənclər Fondu isə bunu araşdırmadı.
Maraqlıdır, Gənclər Fondu aldadıldığını bilə-bilə niyə susur?
Hazırda Elmar Məmmədovun facebook səhifəsində, örtük şəkilində başqa bir işlə bağlı Gənclər Fondunun loqosu var.
Necə olur Gənclər Fondundan mənə deyirlər ki, sənədlərdə Elmar Məmmədovun da, sizin də adı yoxdu, amma saytlarında adımız qeyd olunub. Deyirəm, layihənin rəhbərini çağırın. Cavabında da eşidirəm ki, Bəyanə Səttarovanı çağıra bilmərik. Gənclər Fondu nə üçün aldadılmağına göz yumur, nə üçün Bəyanə Səttarovadan aldığı sənədi araşdırmır?
Halbuki, onların nizamnaməsində yazılıb ki, hər şey araşdırılmalıdır.
Mən Azərbaycan Prezidenti yanındaÿGənclər Fondunun sədri Fərhad Hacıyevə məktub yazmışam. Məktubda bildirmişəm ki, gənc ssenarist kimi Azərbaycan kino sahəsində tanınmış prodakşnların bəzilərində ssenarilərimə filmlər çəkilib. Elmar Məmmədov öz hesabı ilə film çəkəcəyini mənə deyəndə ona “Mənim hekayəm” adlı ssenarimi verməklə kömək əlimi uzatdım. Amma film istehsal olunandan sonra media vasitəsi ilə bildim ki, bu layihə Azərbaycan Prezidenti yanındaÿGənclər Fondunun ayırdığı maliyyə ilə çəkilib. Elmar Məmmədov bu layihəni həyat yoldaşı Bəyanə Səttarovanın adı ilə təqdim edib. Gənclər Fondunun dəstəyilə ssenari layihəmi gerçəkləşdirən Elmar Məmmədov bu dəstəkdən sui-istifadə edərək, həm Gənclər Fondunu, həm də məni aldadıb. Xahiş edirəm, hüquqlarımın bərpa olunmasında köməklik edəsiniz".
Sosial şöbə
Redaksiyadan: Yazıdakı məqamlarla bağlı qarşı tərəf də mövqeyini bildirə bilər.