Türkiyənin məşhur adlarından sayılan ərzurumlu Naim Hocanın dillərdə dolaşan bir lətifəsi var. Bir nəfər onun yanına gəlib soruşur ki:
“Hocam, mənim atam Cümə günü öldü. Deyirlər Cümə günü ölənə qəbir əzabı yoxdur, doğrumu?” Hoca bunun doğru olduğunu, ölənin qəbir əzabı çəkməyəcəyini söyləyir. Adam davam edir: “Amma nə yalan deyim, atam fırıldaqçının, yalançının biriydi. Milləti dolandırıb, aldadıb dururdu, yalançı şahidlik edirdi. Bundan başqa, nə pis şey desən, hamısı vardı onda”. Hoca azacıq susub deyir: “Doğrudur, Cümə günü qəbir əzabı olmaz. Amma hələ bir Şənbə olsun, gör onun anadan əmdiyi südü burnundan necə fitil-fitil gətirirlər”.
Bəlkə, insan çiy süd əmdiyinə görə, illər boyunca çeynədiyi haqların, etdiyi pisliklərin, yeritdiyi yalanların hesabsız qalacağını düşünür. Bəzən tutduğu yüksək vəzifə, səlahiyyət dərəcəsi və mənəmlik, bəzən də nadanlıq və qorxaqlıq gözünü bağlayır onun. Bağlayıb o həddə qədər kor edir ki, həmin hesab vaxtı gələndə bir fürsət ilə hökmən sivişib aradan çıxacağını düşünür. Tarixin ortaya qoyduğu yüzlərcə, minlərcə acı ibrət nümunələrinin faydası da yox. Zalımların, nadanların, yolunu azmışların və onlara hansısa bir şəkildə dəstək çıxan gözüqıpıq mütilərin sayı artır ki, azalmır. O zorakı tərəf bütün çirkli işlərində ipini əlinə keçirdiyi mütilərin xidmətindən istismar dərəcəsində yenə gen-bol faydalanmaqdadır. Artıq bir yerdən sonra da onların bu çirkabdan çıxmaq, qurtulmaq şansları belə qalmır. Daha bütün iyrənc və haram işlərin başında gedir o adamların adları. Elə yalançı şahidlik kimi…
Ötən həftə Şəki şəhərində baş verənləri bilirsiniz. Xədicə Ismayılın azad olunmasına çağıran küçə plakatlarına görə yenə cəbhəçiləri cəzalandırdılar. AXCP Şəki rayon şöbəsi sədrinin müavini Mübariz Abdulkərimov və AXCP Ali Məclisinin üzvü Əli Abdullayev rayon məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzasına məhkum edilib. Amma məhkəmə də Əli Abdullayevin bu təsirli sözləri ilə tarixə düşüb. O, hakimdən xahiş edib ki, şahidlər dindirilməsin. Səbəbi belə izah edib: “Onlar gəncdirlər. Onları yalan danışmağa məcbur edirsiniz. Şəki balaca şəhərdir. Sabah üz-üzə gələcəyik. Istəmirəm məni görəndə utandıqlarından qaçıb gizlənsinlər…”
Əslində, insan daha təsirli söz tapıb deyəcəyini də düşünmür heç. Illərdir bu cəmiyyəti qütbləşmiş bir müstəvi üzərinə gətirib çıxarıblar. Bir tərəfdə insanları yalana, günaha, yaramazlığa məcbur edən eybəcər sistemin oyunçuları, o biri tərəfdə var gücü ilə dirənib əxlaqi dəyərlərin silinməsinə yol verməyən mənəviyyat adamları. Fridrix Nitsşe “əxlaq xalqı çökməkdən qurtaran və onun varlığını qoruyub saxlayan bir vasitədir” deyirdi. Məgər illərdir bu qədər saxtakarlıq, çirkinlik, qanunsuzluq ortasında cəmiyyəti çökməyə qoymayan Əli Abdullayev kimi əxlaqlı insanların varlığı deyilmi?
Osmanlı zamanında Yıldırım Bəyazid xanın bir məhkəmədə şahidlik etməsi lazım idi. Xan məhkəməyə gəlir və hər kəs kimi əllərini önünə bağlayıb ayaq üstə gözləməyə başlayır. O dövrün Bursa Kadısı Molla Fenari xanı süzdükdən sonra: “Sənin şahidliyin qəbul deyil. Çünki sən namazlarını camaat ilə qılmırsan. Əlində imkanı olduğu halda camaatla namaza gəlməyən kimsə, yalançı şahidlik edə bilər anlamına gəlir”. Bəyazid xan dinməzcə məhkəməni tərk edir və ibrət alaraq tezliklə sarayının yanında bir məscid inşa etdirməyə başlayır…
Heç şübhəsiz ki, əxlaq qaydaları üzərində qurulmuş bir cəmiyyətdə qanunsuzluq hökm sürə bilməz. Yalnız qanunun hakim olduğu bir yerdə də, əxlaqsızlıq ayaq açıb yeriyə bilməz. Əxlaq və qanun mütləq mənada bir-biri ilə bağlı anlayışlardır. Günümüzün bəlasına çevrilmiş əxlaqsızlıq və qanunsuzluq da elə…