Azərbaycan isə hələ də Vaşinqtona meydan oxuyur
ABŞ əzəli rəqibləri olan Kuba və Iranla münasibətləri normallaşdırmaq üzrədir. Kuba və ABŞ nümayəndə heyətləri münasibətlərin normallaşdırılmasına dair danışıqların gələn həftə Havanada keçiriləcək birinci raundu zamanı səfirliklərin açılması məsələsini müzakirə edəcəklər. Iranla da əlaqələr normallaşmağa yaxındır. Hətta Barak Obama açıqlamasında qeyd edib ki, əgər Konqress Irana qarşı sanksiyalar tətbiq etmək qərarına gələrsə, o bu qərara veto qoyacaq. Çünki danışıqlar prosesində əldə olunan nəticələr çox önəmlidir.
Ekspertlər Kuba və Iranın ABŞ-la münasibətləri normallaşdırmasını təsadüfi saymırlar. Onların fikrincə, bu ABŞ-ın hazırda malik olduğu gücün nümayişidir. Artıq hər iki dövlət ABŞ-la rəqabətin deyil, əksinə əməkdaşlığın onlara xeyir gətirə biləcəyini anlayıblar.
Bəs hələ də ABŞ-la rəqabəti davam etdirən, Vaşinqtona Azərbaycan kimi meydan oxuyan dövlətləri nə gözləyir? Münasibətləri gərginləşdirmək, anti-Amerikan siyasəti yürütmək sonda nəylə nəticələnə bilər?
Politoloq Vəfa Quluzadə bildirdi ki, Kuba uzun müddət sosialist idealogiyasını inkişaf etdirib və bu dövlətin hazırda iqtisadiyyatı çökmüş vəziyyətdədir. Vaxtı ilə SSRI-nin Kubaya özünə ziyan vuraraq yardımlar etdiyini deyən V.Quluzadə vurğuladı ki, Kreml o zaman Kubaya böyük məsafə dəf edərək yanacaq göndərirdi: “SSRI göndərdiyi neftin, yanacağın əvəzində Kubadan şəkər alırdı. Bu iki amal müqayisə oluna bilməz. Amma SSRI çökdükdən sonra Kubanın durumu ağırlaşdı. ABŞ buna son qoymaq qərarına gəldi. ABŞ Kubanı tam formada öz nəzarəti altına alır. ABŞ-dan Kubaya maliyyə yardımı ediləcək, bu dövlətə sərmaye yatırılacaq və Kuba yenidən Amerikayönümlü dövlət olacaq”.
Irana gəlincə V.Quluzadə hesab edir ki, Iran Rusiyadan praqmatik maraqlarını doğrultmaq üçün gözəl istifadə etdi: “Amma hazırda Iran gözəl başa düşür ki, ABŞ-la rəqabət ona heç nə verməyəcək. Iran ABŞ-la strateji əməkdaşlıq, partnyorluq münasibətlərinə keçir. Amerikaya meydan oxuyan Rusiya isə tamamilə tək qalır. Iranın hazırda ABŞ sanksiyaları altında qalmasını istəyən yegən dövlət Israildir. ABŞ-da güclü yəhudi lobbisi var. Amma o yerdəki ABŞ-ın maraqları dayanır, orada lobbi gücsüzdür”.
ABŞ-la qarşıdurma xəttini seçən dövlətlərə gəlincə isə V.Quluzadə bildirdi ki, belə bir dövlətə misal kimi Rusiyanı göstərmək olar: “Rusiya anlayır ki, ABŞ-ın sanksiyalarının altından çıxa bilməyəcək. Rusiya ümid edir ki, martda bəlkə sanksiyalar götürüldü. Amma Almaniya əksinə Rusiyaya qarşı sanksiyaların daha gücləndirilməsini istəyir”.
Xəyal