Gültəkin Hacıbəyli: «Keçən il Azərbaycanın xarici siyasətində bir çox parametrlər üzrə ciddi geriləmələr olub»
Azərbaycanın Xarici Işlər Nazirliyi 2014-cü ildəki fəaliyyətini qiymətləndirib. XIN-in mətbuat xidmətindən “Trend”ə daxil olan hesabatda deyilir ki, Xarici Işlər Nazirliyi qarşısında qoyulan məqsədləri uğurla həyata keçirib. Sənəddə vurğulanır ki, Qarabağ münaqişəsinin həlli, diaspor fəaliyyəti, müxtəlif dövlətlərlə ikitərəfli ələaqələrin qurulması istiqamətində ciddi addımlar atılıb.
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik etməsi də uğurlar sırasında qeyd edilib. Bundan başqa, xarici ölkələrin təmsilçilərin Azərbaycana, Azərbaycan XIN nümayəndələrinin isə xarici ölkələrə səfərləri də uğur kimi dəyərləndirilib.
Bəs həqiqətənmi 2014-cü ili uğurlu il saymaq olar?
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli hesab edir ki, əksinə, 2014-cü ildə Azərbaycanın beynəlxalq imici mənfiyə doğru dəyişdi. Azərbaycanın 6 ay müddətinə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini deyən G.Hacıbəyli vurğuladı ki, amma bu sədrlik müddəti Azərbaycanda insan haqları sahəsində geriləmələr, repressiyalar, vətəndaş cəmiyyətinə hücumla yadda qaldı: “Təsadüfi deyil ki, bu il ərzində Azərbaycan hakimiyyətinin ən ciddi dayaqları olan Avropa Şurası ilə də münasibətlər kifayət qədər gərgin mərhələyə daxil oldu. Keçən il ərzində Avropa Şurasının prezidenti, baş katibi Azərbaycana səfər etdilər. Amma nəzərə alsaq ki, bu insanların bölkəmizə gəlişi daha çox ölkəmizdəki durum ilə bağlı idi. Ona görə də bunu hökumətin aktivinə müsbət tendensiya kimi yazmaq olmaz”.
Eyni zamanda Azərbaycanın keçən il ərzində bir sıra insan hüquqları hesabatında da gerilədiyini deyən G.Hacıbəyli vurğuladı ki, siyasi məhbusların sayına görə Azərbaycan Belarus və Rusiyanı da arxada qoyub. Ona görə bütün bunlar keçən ili heç də uğurlu hesab etmək olmaz: “Keçən il Azərbaycanın xarici siyasətində bir çox parametrlər üzrə, insan haqları, demokratiya ilə bağlı ciddi geriləmələr olub. Nəzərə alanda ki, qlobalaşan dünyada insan haqları və demokratiya daha çox dəyər kəsb edir, bu baxımdan baş verənləri ölkənin xarici siyasətinin təqdimatında heç bir halda müsbət adlandırmaq olmaz”.
Xəyal