Ekspertlər Azərbaycanın ABŞ-la qarşıdurmaya getməsini bu cür qiymətləndirirlər
Fuad Qəhrəmanlı: «Azərbaycana qarşı artıq sanksiyaların tətbiqi zaman məsələsidir»
Hikmət Hacızadə: «Bu cür siyasətin yürüdülməsi böyük səhvdir»
ABŞ-la Azərbaycan arasındakı münasibətlərdəki gərginlik dərinləşməkdədir. Yanvarın 12-də ABŞ-da Azərbaycandakı repressiyalarla bağlı keçirilən dinləmələr bunu bir daha sübut etdi. ABŞ-ın Demokratiyaya Milli Dəstək təşkilatının (NED) təşkil etdiyi dinləmələrdə Azərbaycanda insan haqları ilə bağlı durum, demokratiyanın vəziyyəti təhlil edilib. Və Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin ABŞ-la münasibətlərə xələl gətirdiyi vurğulanıb. Yanvarın 12-də Azərbaycan hakimiyyətinin adı “New York Times” qəzetində dərc olunan məqalədə hallanıb. “Azərbaycan prezidenti Ilham Əliyevin iki üzü” başlıqlı redaksiya məqaləsində iqtidarın yürütdüyü xarici siyasət kursu kəskin formada tənqid olunub.
Baş verənlərə hakimiyyətin reaksiyası özünə məxsus formada olub. Dekabrın 21-də ABŞ dövlət katibi Kerrinin Ilham Əliyevlə danışığının nəticəsi əgər “Azadlıq” Radiosunun bağlanması oldusa, “New York Times”da gedən məqalə Obamanın Azərbaycanın rəsmi qəzetləri tərəfindən ikiyüzlü adlandırılması ilə nəticələndi.
Hakimiyyətin ABŞ-la münasibətlərdə qarşıdurmaya üstünlük verməsi, Qərbdən gələn tövsiyyələrə əməl etməməsi nəylə nəticələnə bilər?
AXCP sədrinin müafini Fuad Qəhrəmanlı hesab edir ki, Azərbaycan-ABŞ münasibətlərində yaranan siyasi böhranın əsas səbəbi hakimiyyətin insan hüquqlarını kobud şəkildə pozmasıdır. Azərbaycan hakimiyyətinin siyasi repressiyalarla demokratik prosesləri boğmağa çalışdığını deyən F.Qəhrəmanlı əlavə etdi ki, ABŞ sadəcə olaraq Azərbaycan hakimiyyətindən öz vətəndaşlarının hüquqlarını qorumağı tələb edir: “Lakin Azərbaycan hakimiyyətinin bu tələbləri həm nəzərə almaması, həm də bu tələblərə görə Amerikaya qarşı təbliğat kampaniyası aparması, münasibətlərdə gərginlik yaradıb. Eyni zamanda Azərbaycanın ənənəvi xarici siyasət kursundan imtina olunaraq, Rusiyaya istiqamətlənən siyasət həyata keçirilməsi bu böhranı daha da dərinləşdirir. Belə bir vəziyyətdə böhrandan çıxış yolu aranmalıdır. Bu böhrandan çıxış yolu da məhz Azərbaycan hakimiyyətinin öz vətəndaşlarına münasibəti dəyişməsindən gedir. Eyni zamanda hakimiyyətin siyasətdəki dəyişiklikləri xarici siyasətdə də ifadə olunmalıdır. Yəni Azərbaycan hakimiyyəti demokratik proseslərə, insan haqlarına hörmətlə yanaşmalı repressiv metodlara son qoymalıdır. Eyni zamanda Azərbaycan hakimiyyəti Rusiyaya istiqamətlənən siyasətdən əl çəkməlidir. Hakimiyyət bunu etmədiyi təqdirdə bu böhran daha da dərinləşəcəkdir”.
Bəs, bu böhranın isə dərinləşməsi Azərbaycana nə vəd edir? F.Qəhrəmanlı düşünür ki, Azərbaycanla bağlı istər dinləmələrdə səslənən fikirlər, istərsə də Kramerin fikirləri onu deməyə əsas verir ki, Azərbaycan böhrandan çıxış məsələsində sanksiyalardan başqa yol qoymur. Yəni artıq sanksiyaların tətbiqi zaman məsələsidir: “Bu məsələ ilə bağlı eyni zamanda Konqressin də fikri ifadə olunur. Artıq Konqressin də səbr kasası daşmaq üzrədir. Həqiqətən də sanksiyalar məsələsi dərinləşir və zaman məsələsinə çevrilib. Azərbaycan hakimiyyətinin bu siyasətinin davam etməsi Azərbaycanın beynəlxalq səviyyədə təcrid olunması deməkdir. Hakimiyyətin siyasəti Azərbaycan məmərularının bank hesablarının dondurulması, viza qadağasının qoyulması kimi sanksiyalarla nəticələnəcək. hesab edirəm ki, artıq bu sanksyiyalar tətbiq olunduqdan sonra məsələ bununla bitməyəcək”.
F.Qəhrəmanlı hesab edir ki, Azərbaycana qarşı ilk sanksiyaların tətbiqindən sonra proses daha da dərinləşəcək. Azərbaycana sanksiyalar tətbiq olunduqdan sonra ölkəmizə də Rusiya ilə eyni mövqe sərgilənəcək: “Rusiyaya münasibətdə hansı mövqe ifadə olunursa, artıq Azərbaycana qarşı da eyni münasibət sərgilənəcək. Hakimiyyətin bu prosesə uzun müddət müqavimət göstərmək imkanı yoxdur. Son müşavirədə də bildirildi ki, Azərbaycanın strateji valyuta ehtiyatları artıq 50 milyarda düşüb. Yəni əvvəlki illərlə müqayisədə valyuta ehtiyatlarının həcmi 50 milyarda düşüb. Bu da nəylə bağlıdır? Rusiyada baş verənlərdən irəli gələrək Mərkəzi Bank manatının kursunun saxlanması üçün iki milyard vəsait xərcləyib. Əgər bu proses davam edərsə, Azərbaycana da sanksiyalar tətbiq olunarsa, neft hasailatının aşağı düşdüyü bir zamanda büdcəsi tamamilə neftdən asılı olan ölkə üçün bu ciddi daxili iqtisadi böhrandır. Azərbaycan hakimiyyəti belə bir durumda Qərbdən gələn təzyiqlər qarşısında durmağı qətiyyən mümkün deyil. Çünki daxildə elə bir proseslər başlayacaq ki, onun qarşısını nə zorla, nə də repressiv metodlarla almaq mümkün olmayacaq”.
F.Qəhrəmanlının sözlərinə görə, yaranmış durumda ölkəyə investisiya axını duracaq. “Yaranmış vəziyyətdə hakimiyyətin iflasdan başqa seçimi qalmır. Hakimiyyət hadisələrə emosional reaksiyalardan kənar baxmağı bacarmalıdır. Bu siyasət hakimiyyəti ciddi katoklizmlərə aparır”, deyə F.Qəhrəmanlı vurğuladı.
Politoloq Hikmət Hacızadə isə hesab edir ki, ABŞ-dan gələn tövsiyyələrə bu cür reaksiya hakimiyyətin ona yaxınlaşan təhlükəni duymamasından irəli gəlir: “Bu cür siyasətin yürüdülməsi böyük səhvdir. Azərbaycan kimi ölkə bu cür xarici siyasət aparmamalıdır. Ağılları bu qədərdir. Müharibə elan etmək, Amerikanı çökdürmək kimi bəyanatlar ciddi deyil. Bütün bu addımlar sanksiyaların yaxınlaşmasından irəli gəlir. Bu cür siyasət həm indiki iqtidara, həm Qarabağ məsələsinə neqativ təsir edəcək”.
Xəyal