Vəfa Quluzadə: «Yeni il başlayan kimi Azərbaycana qarşı bu əsgəri basqılar təsadüfi deyil, Rusiyanın planlarının tərkib hissəsidir»
Müdafiə Nazirliyi dinc əhalinin atəşə məruz qalması ilə bağlı Ermənistana xəbərdarlıq etdi. Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, yanvarın 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əleyhinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar.
Müdafiə Nazirliyi birmənalı şəkildə bəyan edir ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir, bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcəkdir.
Ilin əvvəlində atəşkəsin intensiv şəkildə pozulması, ermənilərin Azərbaycanı təxribata cəlb etmək cəhdi heç də birmənalı qarşılanmır. Baş verənlər Qarabağ müharibəsini yenidən alovlandırmaq cəhdi kimi dəyərləndirilə bilərmi?
Politoloq Vəfa Quluzadə hesab edir ki, cəbhədə baş ve rənlər təsadüfi deyil. Rusiyanın Azərbaycanla bağlı planlarının həyata keçməməsi, Kremli qəzəbləndirir: “Azərbaycan Gömrük Ittifaqına daxil olmaq istəmir. Azərbaycanla Rusiyanın yaxınlaşma dövründə Rusiya rəhbərliyində ümid yarandı ki, rəsmi Bakı Gömrük Ittifaqına daxil ola bilər. Amma bu baş vermədi. Ona görə yeni il başlayan kimi Azərbaycana qarşı bu əsgəri basqılar davam edir. Çünki erməniləri özbaşına bu cür addım atması real deyil”.
Azərbaycanın ermənilərə törətdiklərinə görə cavab vermək iqtidarında olduğunu deyən V.Quluzadə bildirdi ki, hadisələrin inkişafı Rusiyanın Cənubi Qafqazda ikinci cəbhə açılması ilə razı olub-olmayacağından asılıdır: “Rusiya Ukraynada müharibəni davam etdirir. Cənubi Qafqazda ikinci cəbhənin açılması Rusiya ilə Qərbin yeni toqquşma nöqtəsi olacaq. Qərb isə heç şübhəsiz Azərbaycanı dəstəkləyəcək. Rusiya bu variantı isə istəmir”.
Xəyal