Sabirabad polisi Etibar Fətiyevə 30 sutka həbs cəzası verdirib
AXCP Sabirabad şöbəsi gənclər təşkilatının sədri Etibar Fətiyev həbs edilib. O, Inzibati Xətalar Məcəlləsinin 296 və 310.1 maddələri ilə təqsirli bilinib və 30 sutka cəza alıb.
AXCP Sabirabad rayon şöbəsi gənc fəalın qanunsuz həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“AXCP Sabirabad şöbəsinin fəallarına qarşı hakimiyyət həmişə qəddarlıqla mübarizə aparıb. Onun təbdirlərini polis dəfələrlə vəhşicəsinə dağıdıb fəalları isə fiziki zorakılıqlara və həbslərə məruz qalıb.
Şöbənin Gənclər Təşkilatının yaranmasından qısa müddət keçməsinə baxmayaraq onun 3 üzvü artıq həbs edilib. Təşkilat yarandıqdan sonra onun üzvlərinə, üzvlərin valideynlərinə təhdid və təzyiqlər başladı. Bunun bir nəticəsi olmadıqda Murad Adilov narkotiklə şərlənərək həbs edildi. Sonra nəinki geri çəkilməyən hətta fəaliyyətini bir az da artıran Gənclər Təşkilatı hakimiyyətin şiddətli qəzəbinə düçar oldu. Əvvəlcə təşkilatın sədr müavini Mirağa Abbasov, sonra isə sədr Etibar Fətiyev özü guya “inzibati xəta” törətdikləri üçün müvafiq olaraq 25 və 30 sutka həbsə məhkum oldular.
AXCP Sabirabad şöbəsinin fəalı Sahib Rüstəmli və oğlu Rail Rüstəmova qarşı da müəyyən təzyiqlər oldu. Lakin onları cərimələməklə cəzalandırdılar.
Rayon şöbəsi bəyan edir ki, hakimiyyətin bu çirkin təzyiqlərindən geri çəkilməyəcək. Əksinə, tutduğu bu şərəfli yolda daha qətiyyətlə addımlayacaq”.ÿ
Bəyanatda həbs olunmuş üzvlərin dərhal azad edilməsi, AXCP-yə qarşı mübarizədə sivil və ədalətli olması hakimiyyətdən tələb edilir.