Urmiyalı mühacirdən Seymur Həziyə məktub
Siyasi məhbus, “Azadlıq” qəzeti və “Azərbaycan saatı”nın əməkdaşı Seymur Həzi bir neçə gün qabaq əslən Urmiyadan olan siyasi mühacir Rza Talebiyə ünvanlanan bir məktub yazmışdı. Rza Talebi məktubla tanış olub və Seymur Həziyə cavab yazıb. Onun “Azadlıq”a yolladığı cavabı təqdim edirik:
Salam, Seymur!
Yavuz Sultan Səlimin yurdundayam mən. Sənsə Şah Xətai elində əsirsən. Amma bunları bir yana qoyaq, qardaş! Əsir əsirə məktub yazır. Mən də, sən də ürəyimizdəki Azadlığın əsirləriyik. Azadlığa aşiq olmamız bizi gücsüz edib, amma bu gücsüzlük indi bizə güc göstərənlərin zorundan daha dəyərlidir, qardaş! Burda yel əsir, qardaş…
Hələ siqaret eyni qiymətədi. Soğan, xiyar da… Hələ yemək bişirirəm və mahnılar oxuram! Amma azad deyiləm! Hava boğur bizi. Səhərlər üzümə baxanlar “Azadlıq” qəzetinin yazıları deyil, Seymur!
Sən Azadsan. Amma mən Yezidin qoşunundan ayrıla, azad ola bilmirəm. Arazın suyunu bağlayanlarla birgəyəm. Hələ addım bu qoşunun siyahısındadır…
Seymur, dostum, sən döndün vətənə. Başı uca ayın altında o toprağı hiss etdin. İndi qollarında qandal olsa da, qayıda bildin. Bilirsənmi, qəlbindəki o azad kəpənək hərdən uçur gəlir, oturur Ankarda Kennedi prospektindəki evin pəncərəsində, Azərbaycan sözünü, ağısını Surla, Bayatla çalır…
Mənsə dönə bilmədim Təbrizə. Edə bilmədim. O sərhədləri kəpənək kimi də keçə bilmədim, “keçə bilməzsən, belə başlayır qürbət” dedilər. Dedilər ki, azadkən zindanda olmaq belədir, amma inanmadım, Seymur…
Ana dilimdə olan hər şeyi sildim. Bığlarımla örtdüm dilimi ki, görünməsin. Atamın dilində yaşamağa çalışdım. Köçdüm, yıxıldım, sarıldım ilk gördüyümə, amma yenə də yenilmədim, daha doğrusu məğlub olmadım!
İkimizin də başı üstə kölgə var. İkisi də beton, ikisi də qürbət! Başımızın üstündəki bayraqları da oğurladılar xoruz banlamaz bu ölkədə. Azan da diktatorlar adına bitirilir bu ölkədə, Seymur!
Mən qayıtmadım, çünki bilirdim ki, ölüm hökmümü ana dilimdə oxumayacaqlar. Oraya da gələ bilmirəm. Gəlmək istəmirəm də! Hökmünü duymaq, saçlarını kəsik görmək istəmirəm. Yenə gülüşünə gülmək istəyirəm…
Amma məktubuna səhərə qədər ağladım!..
Qoy desinlər ki, kişilər ağlamaz. Amma sən bil, Seymur, yekə kişilər yaman ağlar…
Diktatorlar bizi buraxa bilmir, Seymur, biz də vətəni! Bu sevgi əzəldən bu yurdun başına mıxlanıb! Dəlinib, deşilib… Amma sənin kimi dəmirçilər varkən nə qüssə, nə qəm? Çıxart, sök bu əsirliyi! Niyə durubsan? Kim susdura bilər bizi? Kim…, kim batıra bilər Marağanın səsini?
Nə qədər də uzaq olsa, de sözünü, Seymur!
Zindanda olarkən işıqdan qorxurdum. Çıxandan sonra gördüm ki, işıq sən demə, elə zindaydaymış. Bayırda qaranlıq var. Bayırda hamı xəstə. Zindan bizləri bu xəstəliklərdən qorumaq üçün yaranmış. Ona görə məni zindana atanlara minnətdaram! Yoxsa, onlar bizi düşünür, Seymur?! Düşünürlər ki, bizlər xəstə olmamalıyıq. Biganəlik xəstəliyindən qoruyurlar bizi ki, bu xalqın əlindən tutub anladaq onlara hər şeyi…
Yox, onlar bu qədər aydın və işıqlı düşünə bilməzlər. Düz deyil bu düşüncələrim, elə deyilmi Seymur?!.
Məktubunu yapışdırdım iş yerimdə divara. Hər səhər baxıram ona, başqa məktubların yanında dik durub, gülümsəyir, məni vətənə səsələyir, Seymur!
Sən nə etdin mənə, Seymur!?
Son kitabımı sənə ithaf edirəm. Adı “Azərbaycan və İnqlab”. Birinci səhifəsində sənin məktubunu yerləşdirmək istəyirəm. Bəlkə bir az utanam. Niyə sənin kimi cəsur deyiləm? Sənin kimi Qıpçaq obalarında at çapdıran atlı ola bilmədim…
Burdan uzaq Marağa…
Burdan uzaq hər Yer…
Burdan uzaq Vətən, burdan uzaq Mən…
Səhər yuxudan durub işə gedirəm hamı kimi. Axşam işdən dönürəm, yenə hamı kimi. Görürsənmi, bu yolların əsiriyəm! Görürsənmi, Təbrizdə dustaq olmaqdan qorxuram!
Özümdən də qorxuram, Seymur…
Marağanın üzumu,
Qoyun, yeyim Özümü!
Bu mahnını dinləyirəm. Mənə Mandelladan, Lulumbadan, Aristoteldən daha iyi gəlir. Seymur, axı mən kənd uşağıyam. Və mən o tayda əsir düşmüş Azadlığımı kimsədən ala bilmədim. Nə xandan, nə molladan, nə torpaqlarımda dalğalanan yad bayraqlardan… Nə mutlu sənə, Azadsan, ey mənim iki metirlik zindanda azad olan Dostum!
Öpürəm səni… Birinin Ankaraya yolu düşərsə, de, gəlsin yanıma. Sənə bir az pendir, kənd çörəyi, yemiş qoymuşam, güclənməlisən. Bilirəm, gülürsən və deyirsən: “yoldaş, zarafatmı edirsən?”.
Sənin gücün o qələmin!
O üç rəngli Bayrağı üstlərində daşıya bilməyənlər deyil, Sizsiniz bayraq. Yəni Sən, Xədicə, Leyla Yunus, Qurban, İntiqam, İlkin…
Mən o Bayraqda ancaq sapam. Bu sap sizə sarılmağa tələsir…
Tez gel. Gözləyirəm, dirən!
Qurbətdə Azadlıq həsrətində olan dostun Rza Talebi.