Coşqun
…Və günlərin bir günü gözünüzü açıb görəcəksiz ki, yaş daha həmin yaş deyil, ömrün böyük hissəsi geridə qalıb, gənclik uzaqdadı. Təəccüblənəcəksiniz, necə olub ki, indiyə qədər bu haqda düşünməmisiniz?! Niyə elə bu gün yadınıza düşdü ki, hey boylansanız da, gənclik gözə dəymir?! Niyə elə bu gün hiss elədiniz ki, qocalıq zəhmli baxışlarını üzərinizə dikib?! Bu günün axı heç o biri günlərdən fərqi də yoxdu. Gün işığı pəncərədən içəri elə həmişəki kimi düşür, yenə üst mərtəbədəki qonşunun uşağı için-için ağlayır, küçədəki səbirsiz adamların maşın siqnalları bir-birini əvəz eləyir…
Həmin gün hiss eləyəcəksiniz ki, ayaqlarınız daha əvvəlki kimi sözünüzə baxmır. Hər səhər başağrısı ilə yuxudan oyanmağa çoxdan alışmısız. Başlayacaqsız korşalmış yaddaşınızı gözəl günləri xatırlamaq ümidilə qurdalamağa. Məlum olacaq ki, geridə böyük bir boşluqdan başqa heç nə qalmayıb.
Heç xoşbəxt olmağa çalışdınızmı? Çalışmadınız! Çalışdınız ki, yekə eviniz olsun, bütün qonşular otaqların sayının çoxluğuna həsəd aparsın. Çalışdınız ki, bütün qohumlarınızın hündür maşınınıza baxa-baxa paxıllıqdan ürəyi partlasın. Evin kiçik oğlunun sünnət toyunu ən bahalı restoranda keçirdiniz, qızınız ər evinə ən bahalı mebeli apardı. Amma bütün bunlar sizi xoşbəxt eləmədi. Min zülmlə qazandığınızı mənasız rəqabət prinsiplərinə qurban elədiniz. Xoşbəxtliyinizə heç bir investisiya qoymadınız. Xərclədiyiniz pullar həyatda yeni üfüqlər açmadı. Cibinizdəki, hətta son manat belə, sizə xoşbəxtlik şansı saxlamışdı…
Nələr yaşamaq olardı?! Bir gün baş götürüb lap uzaqlara getmək olardı. O uzaqlara ki, sizi heç kim tanımır, sizə heç kimin əli çatmır. Qərib şəhərin, qərib ölkənin dar küçələrində tənha addımlaya-addımlaya ayaq səslərinin musiqisinə qulaq asa bilərdiniz. Təsəvvür eləyin, qarşıdakı evin işıq gələn pəncərəsindən içəri boylanırsınız. O rahat kresloda əyləşib kitab oxuyan yaşlı qadını görürsünüz? Bax, o qadın yaşadıqlarına görə zərrə qədər də təəssüflənmir. Yaşadığı gözəl günlərin xatirələri bəsidi onun. Heyf ki, soruşa bilmirsiniz. Heyf ki, o qadının dilini bilmirsiniz. Yoxsa bilərdiniz ki, o qadın çoxdan dünyasını dəyişməliydi. Həm də gözəl günlərin xatirələri yaşadır onu…
Bilirəm, gözəl günlər görə biləcəyiniz ölkədə doğulmamışdınız. Səhərdən axşama qədər işləmək lazımdı ki, ən kiçik ehtiyacları ödəyəsiniz. Amma heç yaxşı cəmiyyət, yaxşı məmləkət üçün də çalışmadınız…
Ilk imkandaca əsgərlik xatirələrini danışan adamlara həmişə yazığım gəlib. Insan nə qədər boz yaşamalıdı ki, daim bu haqda danışsın. Insanın mütləq bahar qoxulu bir xatirəsi olmalıdı. Lap elə heç kimə danışa bilməsə də, lap elə uzun illər içində gəzdirsə də, hər dəfə həmin kadrı xatırlayanda çöhrəsinə xəfif təbəssüm qonmalıdı. Keçmiş təkcə kədərli olmamalıdı. Keçmiş həm də sənə gülümsəməlidi…
Yəqin hələ də banka kredit ödəyirsiniz. Halbuki, tamam başqa qayğılarla yaşamalısınız. Hətta yaşınızın ahıl çağında da səhəri tamam özgə yerdə açmağa hazır olmalısınız. Bir gün lap uzaqlarda – Yeni Zelandiyada, Uruqvayda, Qrenlandiyada oyanın. Bir gün, bəlkə də, adını heç vaxt eşitmədiyiniz Kosta Rikada oyanın…
Heç nə arzulamayın. Sizi bir az da arzulardı kədərləndirən. Sadəcə, yaşayın. Xoşbəxt olmağa çalışın. Xoşbəxtliyə toxunmaq da yetər. Heç olmasa, bir dəfə…