Saray iniltiləri
Bilmirəm necə başlayım, yazım ki, bütün dünyada olduğu kimi Əliyevlərin də ötən əsrin 69-cu ilində başlayan erasının sonu yaxınlaşır, bir az tərəddüd edirəm. Bilirəm ki, çoxları bunu istəsələr də mənimlə razılaşmayacaqlar. Razılaşmayanlardan kimsə soruşmağa cürət edəcək: Ata əvəzolunmazdı, oğul əvəz etdi, atanı muzey və heykəllərə döndərdi. Bəs atanın ətrafının hakimiyyətə gətirdiyi oğulun əvəzolunmazlıq prinsipləri yaradılarkən kimin, yoxsa kimlərin səsi və sözü nəzərə alınıb?
Ramiz Mehdiyevin Ayaz Mütəllibovla dönük dostluğu
Məsələn, Ramiz Mehdiyev, Prezident Administrasiyasının əvəzolunmaz rəhbəri, Azərbaycan KP MK-nın katibi, keçmiş birinci katib Əbdürrəhman Xəlil oğlu Vəzirov büro iclasında “onu Əliyevin adamı adlandıranda ”Əliyevin yox, Həsənovun adamı olduğunu” söyləmişdi. Siyasətdən kənar olduğu günlərdə Şamaxıda, mərhum Əlövsət Abdullayevin ata evində keçmiş prezident Ayaz Mütəllibovun atası ilə dəfələrlə çörək kəsmişdi, amma oğlunun ata və anasının cənazəsinə gəlməsinə icazə verilməsi üçün bir kəlmə söz demədi. Ayaz Mütəllibov özündə qətiyyət toplayıb ana yasına gəlmədi, həbsxanadan qorxdu… Oğulun qorxaqlığı ilə keçmiş dostun vəfasızlığının günahını o vaxt eyniləşdirmək olardı ki, status bərabərliyi olsun. Onda Mütəllibov statuslu idi, indi Ramiz Mehdiyev… Bəlkə də ağsaqqal akademik bütün bunları düşünür, amma iniltilərini saraydakı otağının divarları eşidir.
***
Bunların yadıma niyə birdən-birə düşdüyünün səbəblərini anlaya bilmədim. Qızıl Meydanda, Lenin mavzoleyi ətrafında, Nərimanovun qəbri yanında gəzərkən əslində heç nə fikirləşmirdim. Nədənsə Nərimanovun oğlu Nəcəfə yazdığı Kreml iniltiləri dolu məktubu xatırladım. Kreml Bakıdan xeyli uzaqdı və işğal edilmiş bir respublikanın nümayəndəsi kimi girov olmağın ağrılarını çox az adam başa düşə bilər. Bəs Bakıda, müstəqilliyin 20 illiyi ərəfəsində ən azı bolşeviklərin tör-töküntülərinə bir vaxt heykəllər qoyulan bir respublikada niyə Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoymaq üçün bir yer tapılmır? Universtetlərin adı ona görə ləğv edilir ki, birincisi, Bakı Dövlət Universiteti Məhəmməd Əmin Rəsulzadənin adını daşıyırdı? Zamanın öz məhək daşı var və saray dilmanclarının yazdıqlarından çox fərqlənir. Əslində mən prezident sarayında özünə qayıdan və günlərin birində iniltilərini fəryada, çağırışa döndərə bilən bir məmur görmədiyim üçün bunları xatırladım.
Rəsulzadənin heykəli
Yenə yadıma M.Ə.Rəsulzadənin Əliheydər Qarayevlə son söhbəti düşür: “Əliheydər, səni gətirdiyin bu bolşeviklər də asacaqlar”. Dahiyanə sözlərdi, heç on il keçməmiş, 11-ci rus ordusunu gül-çiçəklə qarşılayanlar, topların çaxmağını çıxaranlar güllələndilər. Indi bu adamları qohumlarından başqa bir kimsə xatırlayırmı?
Əlbəttə, Əliyevlər hakimiyyətdən gedişin bir dalğasını yaşayıb. Məmurların, dilmancların onları təriflədikləri kimi söydüklərini, hətta etmədiklərini belə, onların adına yazdıqlarını bəlkə də unutmayıblar. Amma indiki dönüş dünyanı dəyişir, azadlığı, hürriyyəti, xalqın iradəsini ortaya qoyur. Unutmaq lazım deyil, gəliş günü kimi gediş günü də var. Gəlişdə ağzı köpüklənə-köpüklənə tərif deyənlər, gediş günü üçün daha təmtəraqlı nitqlərini kompüter yaddaşlarında, flaşkartlarda saxlayırlar. Onda olanlardan daha çox günahlar üzə çıxacaq, onda nələrdən danışılmayacaq…
***
Yazarlar məni siyasətçilərdən çox sevirlər.
Siz heç kim olanda mən kim olduğumu yaxşı bilirdim.
Indi onun etiraflarını dinləyin
Bəlkə indi, səmimi olaq… Mən yazmaqdan daha çox, düşünməyə üstünlük verirəm. Amma indi fikirləşməkdən daha çox, anlamaq vaxtıdır. Çünki fikirləşməyə vaxt qalmayıb. Böyüklüyün xalqa verdiyi bütün vədlərin zamanı qurtarıb.
Mənim millətin gələcəyi ilə bağlı yazdıqlarım artıq milliləşib.
Onu biz yox, bizim əvəzimizdən kimsə milliləşdirib.
Lakin bunlar çox zahiridir, çox üzdəndir…
Mənim yaxın keçmişdəki rolum nədən ibarət olub? Çox adam elə fikirləşir ki, mən bu ölkənin aydınlığa yox, qaranlığa getməsinə kömək etmişəm.
Mənim indiki sosial vəziyyətimlə bağlı çox söz-söhbətlər var, ancaq bu sözlərdə elə də böyük məna görmürəm. Əlbəttə, mən harada yaşayıram, necə yaşayıram? Ən orijinal bağları, villaları, qəsrləri mənim adıma çıxırlar. Bəzən fikirləri də… Məsələn, bir ildə Təhsil Nazirliyini, Konstitusiya Məhkəməsini çox ciddi tənqid etmişəm. 15-ə qədər icra başçısının yerini dəyişmək, bir çox rayon və şəhərə yenilərini təyin etmək haqqında sərəncamlar imzalanıb. Bu yerdəyişmələrdə də mənim səlahiyyətlərim həddindən artıq şişirdilir.
Mən bir çoxlarından, birinci katib Əbdürrəhman Vəzirovdan, Ayaz Mütəllibovdan, katib Əfrand Daşdəmirovdan və bir çoxlarından… fərqli olaraq vətəni tərk etmədim.
Mənim var-dövlətim haqqında da məlumatlar həqiqətdən çox uzaqdır. Oğlum əvvəllər mədəniyyət və turizm nazirinin birinci müavini olub, indi isə Miqrasiya idarəsində birinci müavindir. Qızımın həyat yoldaşını 20 ildən sonra deputat seçdirmişəm, ayrı yaşayırlar, var-yoxlarından xəbərim yoxdur. Vəzifədə olan bacı və qardaşım yoxdur. Rayonların icra başçıları prezidentdən sonra mənə tabedirlər, amma öz adamım olan 20-yə yaxın başçı var, bir o qədər də deputat…
Nazirlər arasında mənə yaxın və çox yaxın olanlar var. Amma “saray çəkişmələri” mənsiz ötüşmür.
Mənə hamı salam verir, gülümsəyirlər. Məclislərdə birinci adamdan sonra şərəfimə xoş sözlər deyilir, bir çoxları boğazdan yuxarı danışır, bunu bilirəm, amma neynəyə bilərəm, münasibətlər belə qurulub.
***
75 yaşım var. Xatırlayanda, hamısı gözüm önünə gəlir… Hakimiyyətin yüksəkliyindən olmuşam, enmişəm, münasibətlərin bir andaca dəyişdiyini, mənə kiminsə ürəyinin yandığını, amma heç nə edə bilmədiyini də görmüşəm. Yüksəlişdə həmin adamların etiraflarından, yazıq görkəmindən iyrənmişəm, amma nəyə görəsə keçə bilməmişəm. Hakimiyyətin və elmin zirvəsində eyni zamanda dayanmaq çox çətindir. Çünki elmsiz məmurlar, tərifləmək üçün ölən ziyalılar və alimlər, haqqı özündə, əməlində görə bilməyənlər…
Bəlkə heç ömürlüyümü vərəqləməyim. Belə yaxşı olmazmı?!
Bəlkə bir göz qırpımında gözdən keçirim…
Bəlkə də ən çox sitat gətirilən sözüm “Qarabağdan müğənni, Naxçıvandan siyasətçi çıxar” fikrimdir.
Naxçıvanı, kəndimizi çox xatırlayıram… Hərdən uşaqlığımı, gəncliyimi axtarmaq istəyirəm… Məmurluğun və alimliyin toplumunda onlar necə görünür? O anların sevinc gətirən fəlsəfəsinin mahiyyətində heç bir məmurluq, inzibatçılıq, süni baxışlar və sözlər durmur. Indi sarayda heç kim mənimlə səmimi ola bilmir. Çünki baxışlar da, sözlər də mənə xoş gəlməyə yönəlib. Həmsöhbətlərimin çoxu məndən istədiyini almaq üçün yerlə gör arasında əlləşir və dillərinin, dodaqlarının yalançı titrəyişləri ilə səmavilik yaradırlar.
Akademiyada da müqavimət görmürəm, hamı öz əsas işindən başqa hər şeylə məşğuldur.
Bilmirəm, nə vaxtsa zahiri görüşlər, yaddaş məni aldadıbmı?
Müharibə başlayanda 10 yaşım vardı… gecədən çörək istərdik… Gücümüz çatmayan işdən yapışardıq… üçkünc qara kağızları “oğul!” deyib ağlayan anaların, bacıların naləsindən heyrətə gələrdik, nəvəsinin qara kağızını soyuq dəyməsin deyə qoynunda gizlədən nənənin hıçqırtıları hələ də yadımdan çıxmır…
“Saray”a heç də həmişə ütülənmiş məktublar gəlmir. Görəsən fərqindən asılı olmayaraq saraylar nə vaxtsa səmimi söhbət, münasibət yeri olubmu?
Bilirəm, bu gün çoxları üzümə deyirlər: Son iyirmi ildə sarayda iki siyasətçi, iki filosof olub… Biri ata Əliyev, biri Siz… Amma hiss edirəm ki, yalan deyirlər… Bu sözlərin istisini hiss etmirəm…
Ötən əsrin 80-ci illərində fikirləşirdim… Indi kimsə qapını açıb halımı soruşacaqmı?
Sarayların divarları həmişə soyuq olur, qulaqları da çox… hərdən nəinki pilləkənlərin sayını itirirsən, oradan çıxıb geri qayıda bilmirsən!..
Bu, “Saray iniltiləri” silsiləsindən birinci yazı idi…i
Surxay Hüseynli