Gültəkin Hacıbəyli: «Xədicə İsmayılın həbsi ABŞ-Azərbaycan münasibətlərindəki uçurumu daha da dərinləşdirəcək»
Hakimiyyət öz mahiyyətinə uyğun olaraq repressiyaları davam etdirir və bunu xilas yolu kimi görür. Son olaraq Xədicə Ismayılın həbsi gündəmə gəldi və bu həbs mühüm hadisələrin baş verdiyi günlərə təsadüf etdi. Təbii ki, Xədicə Imayılın həbsi hər an gözlənilən idi və nə yüksək səviyyədə bununla bağlı xəbərdarlıqlar olmuşdu.
Amma bu həbsin qəfil reallaşdırılması və biabırçı bir ittiham əsasında həyata keçirilməsi, yuxarıda qeyd etdiyimiz kimi bəzi hadisələrlə paralellik aparılmasını zəruri edir.
Həbsdən 1 gün öncə PA rəhbəri Ramiz Mehdiyev geniş məqalə yazdı və Xədicə Ismayılın adını da bu məqaləyə daxil etdi. Eyni zamanda Kramer və Kozlariçin Azərbaycana qarşı sanksiyalar təşəbbüsünün yenidən müzakirəyə çıxarılması gündəmə gəldi. Digər tərəfdən, nazir Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Isveçrənin Bazel şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının iclasında iştirakı çərçivəsində ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia ilə görüşdü. Qeyd edək ki, Tomas Melia “Azərbaycan hakimiyyəti qırmızı xətti keçdi” ifadəsinin müəllifidi və son olaraq Azərbaycana səfərinə imkan verilməmişdi. Yəni Azərbaycan hakimiyyətinin Tomas Melia ilə münasibətləri soyuqdu.
Son olaraq isə bir neçə gün öncə ABŞ Azərbaycana yeni səfirini təyin etdi.
Bütün bu məqamları ona görə xatırladıq ki, Xədicə Ismayılın həbsini ümumi mənzərədə analiz etməyə çalışaq.
Görünür, Kramer və Kozlariçin sanksiyalarla bağlı prinsipial mövqeyi, Tomas Melia ilə Elmar Məmmədyarovun bəzi məsələlərdə razılığa gələ bilməməsi, ABŞ səfirinin əvvəlki xətti davam etdirmək mesadjı hakimiyyəti narahat etdi və Ramiz Mehdiyev məlum məqaləni yazdı. Nəticədə isə qisas almaq üçün Xədicə Ismayılı həbs etdilər. Əgər ABŞ-la Azərbaycan hakimiyyəti razılığa gələ bilsəydi, yəqin ki, bu həbsin qarşısını almaq olaradı.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli hesab edir ki, Xədicə Ismayılın həbsi hakimiyyətin geopolitik maraqlarına xidmət edir və ABŞ-la münasibətlərdəki yaranmış uçurumu daha da dərinləşdirir: “Xədicə Ismayılın həbsi daha çox geosiysi vəziyyətlə bağlıdır. Təbii ki, Xədicə Ismayılın araşdırma yazıları hakimiyyəti narahat edirdi və ”Vikiliks”in məlumatlarında da bu narahatlığı açıq şəkildə görürük. Ancaq, həbsin indiki məqamda reallaşması onu deməyə əsas verir ki, bu, ABŞ-la münasibətlərin korlanması səbəbindən baş verdi. Belə ki, Rusiya-ABŞ münasibətləri aydınlaşdı və Barak Obama açıq şəkildə bildirdi ki, tərəflər arasındakı gərginlik uzun müddət davam edəcək. Eyni zamanda məlum səbəblər Rusiyanın iqtisadi potensialının da qarşısından xətt çəkir. Belə bir məqamda Gürcüstan və Ukraynaya nəzarəti itirən Rusiya, Azərbaycan və Ermənistana təzyiqləri artırmağa başladı. Indi Azərbaycan hakimiyyətindən tələb olunur ki, ABŞ-la münasibətlərdə konkret qərar versin. Ramiz Mehdiyevin geniş məqaləsində ABŞ-ın kəskin tənqid olunması, bu ölkənin maliyyələşdirdiyi “Azadlıq” radisosunu hədəf seçməsi, Xədicə Ismayılı düşmən kimi qələmə verməsi də təsadüfi deyil”.
Ekspert onu da əlavə etdi ki, hakimiyyətin bu siyasəti Azərbaycanı uçuruma aparır və ABŞ-la birmanalı qarşıdurmaya getmək yanlışdır: “Azərbaycanın ABŞ-la münasibətləri bu vəziyyətə salması, Avropa Birliyi ilə əməkdaşlıqdan yayınması o anlama gəlir ki, hakimiyətin yeganə müttəfiqi Rusiya olacaq. Çünki, başqa bir alternativ görünmür. Xədicə Ismayılın həbsi Qərblə münasibətləri daha da soyuqlaşdıracaq. Yalnız ABŞ deyil, Avropa Şurası, Avropa Birliyi də öz mövqeyini ifadə edəcək. Ümumilikdə bu həbs ABŞ-Azərbaycan münasibətlərində yaranmış çatı daha da dərinləşdirəcək və Qərblə münasibətlərə sarsıdıcı zərbə vuracaq. Çünki, bu həbsin siyasi motivli olması hamıya məlumdur”.
Akif