Demokratik qüvvələri “agent” adlandıran akademik AXCP və “Azadlıq”ı əsas hədəf seçdi; hökumətin rəqibini “Yeni Müsavat”ın sözlərilə vurdu
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev böyük bir məqalə ilə çıxış edib. “İkili standartların dünya nizamı
və müasir Azərbaycan” adlı məqalə Amerika və onun müttəfiqlərindən tutumuş Azərbaycanın real müxalif qüvvələri və vətəndaş cəmiyyətinə qədər hamını yamanlamaq üzərində qurulub. Məqalənin məğzi bundan ibarətdir ki, ABŞ və onun müttəfiqləri Azərbaycan hakimiyyətini öz maraqlarına tabe etdirmək və ya devirmək üçün demokratiya və liberalizm ideyasından istifadə edir, ölkənin daxilində bu ideyalar uğrunda mübarizə aparanlar isə əslində agentdirlər. Ramiz Mehdiyev Obama administrasiyasına müxtəlif ölkələrdə hakimiyyətləri devirməkdən, müharibələr törətməkdən tutumuş İŞİD-i yaratmağa qədər açıq ittihamlar səsləndirib.
Administrasiya rəhbəri əsaslandırmaq istəyir ki, təmsil etdiyi hakimiyyətin daxildə yürütdüyü siyasət dövlətin gücləndirilməsi və milli maraqların qorunmasıdır. Bu siyasətə qarşı çıxan yerli ictimai-siyasi qüvvələr isə ABŞ-ın agentləridir. Azərbaycan hökumətini tənqid edən beynəlxalq təşkilatlar da ABŞ hökumətinin təzyiq alətləridir.
Ramiz Mehdiyevin məqləsini bir neçə hissəyə bölmək mümkündür və bu baxımdan yəqin ki, məqalənin şərhinə bir neçə dəfə qayıtmaq ehtiyacı yaranacaq. İndiliksə onun Azərbaycan müxalifəti haqda olan hissəsindən iqtibas verəcəyik. Administrasiya rəhbəri məqaləsində AXCP və Milli Şuraya da iri bir abzas həsr edib. Eyni zamanda “Azadlıq” qəzetini də kənarda qoymayıb. Əlbəttə ki, onların fəaliyyətinə özlərinin hakimiyyət marağı bucağından qiymət verib. Amma seçdiyi seçdiyi dil heç də akademik adına yaraşmır və daha çox bugünlərdə “Yeni Müsavat”da, eləcə də hakimiyyətə bağlı başqa sayt və qəzetlərdə rast gəldiyimiz şər-böhtan tipli kobud ifadələrdən ibarətdir. Yeri gəlmişkən, Ramiz Mehdiyev AXCP-yə qarşı qarayaxmasında “Yeni Müsavat”a da istinad edir, ondan sitat verir. Bu mənada məqaləsinin bu hissəsi ilə Administrasiya rəhbərinin AXCP-yə və onun sədrinə qarşı savaş açmış Rauf Arifoğlunun köməyinə çatmaq istədiyini də deyə bilərik. Olsun, dost dosta nə gündə lazımdır ki?
Beləliklə, oxuyaq görək, Ramiz Mehdiyev AXCP haqqında “Yeni Müsavat”dakılarla səsləşən hansı tezisləri irəli sürür.
“Getdikcə daha da radikallaşan Xalq Cəbhəsi Partiyası artıq çoxdan bəri təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan insanların yuvasına çevrilib. Gerçəkliyi şüurlu surətdə dərk edə bilməyən insanlar da burada kök salıblar. Bunlar öz təfəkkürlərinə görə irrasional adamlardır. Bu partiyaya məxsus olan “Azadlıq” qəzeti yalan və iftira ruporu rolunu yerinə yetirir, onun hər bir səhifəsi intriqalarla, insanların şərəf və ləyaqətini alçaldan materiallar, uydurma və böhtanlarla doludur. Bu partiyanın imici belədir. Bu gün həmin partiya təşkilati böhran və tam deqradasiya həddindədir. Onun fəaliyyəti o dərəcədə abırsız xarakter alıb ki, hətta “Yeni Müsavat” qəzetinin redaktoru da Əli Kərimlinin və onun partiyasının fəaliyyətini kəskin pisləyərək bəyan edir: “Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə tutulub. Əli Kərimlinin və partiyasının – siyasi savadı, geridə qalmış, sivilizasiya və demokratik qaydalar haqqında elementar təsəvvürləri olmayan insanların hakimiyyətə gəlməsinə yol verməkdənsə, indiki iqtidarın mövcudluğunu qat-qat faydalı hesab edirəm”. Bax, belə səmimi etiraf. Xalq Cəbhəsi Partiyasının daxilində vəziyyəti tam parçalanma, vurnuxma, hərc-mərclik kimi səciyyələndirmək olar. Partiyanın üzvlərinin çoxu Əli Kərimlinin və onun qrupunun qəbuledilməz radikalizmindən və barışmaz mövqeyindən, radikal dini qruplaşmalarla əməkdaşlıqdan narazı olduqlarını bildirirlər. Partiyadaxili repressiyalar, partiyadaxili demokratiyanın olmaması, Əli Kərimlinin avtoritarizmi, partiyalararası münaqişələr buna gətirib çıxarıb ki, KİV-lərdə verilən məlumata görə, AXC-nin Sumqayıt bölməsinin 52 üzvü bu günlərdə onun sıralarından çıxıb…”.
Bu yerdə Ramiz Mehdiyev “obyektivlik” naminə Müsavatı da AXCP-nin gözünə qatır. “Müsavat Partiyası da oxşar vəziyyətdədir. Bu partiya da tam parçalanma mərhələsindədir. Ölkədə cərəyan edən ciddi quruculuq dəyişiklikləri kimi, zaman özü də “beşinci kolon”un (müəllif agent damğası vurduğu yerli ictimai-siyasi qüvvələri “Beşinci kolon” adı altında ümumiləşdirib – red.) vəziyyətinə təsir göstərir. Yüksək rütbəli müəyyən şəxslərin Xalq Cəbhəsi və Müsavat partiyaları sıralarından kütləvi şəkildə, qalmaqalla çıxmaları batan gəmidən qaçmağı xatırladır”, – deyə o, yazır və mülahizəsini başqa bir keçmiş müxalifətçi Sərdar Cəlaloğludan sitat gətirməklə sanbala mindirir: “Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, çoxdan müxalifətdə olan bu adamlar sadəcə çox yorulublar və buna görə özləri kənarlaşmaq istəyirlər”.
Ramiz Mehdiyev məqaləsinin bu hissəsində Milli Şuranın payız mitinqlərini də gözdən salmağı unutmur. Amma maraqlıdır ki, 12 oktyabr mitinqini “yaddan çıxarır” və yalnız 9 noyabr mitinqi barədə yazır: “Bu il noyabrın 9-da Bakıda qondarma “Milli Şura”nın, əslində isə Xalq Cəbhəsi Partiyasının azsaylı tərəfdarlarının şəhər hakimiyyəti ilə razılaşdırılmış mitinqi oldu. Mitinqin əsas təşkilatçıları Əli Kərimli və Cəmil Həsənli idi. Mitinqin keçirilməsi faktının özündən göründüyü kimi, radikal müxalifətin səsini heç kəs boğmur. Onlar öz mitinqlərini maneəsiz keçirirlər (bu, müxalifətin xaricdəki donorlarına xatırlamadır. Onların fikrincə, agentlərinin mitinq keçirmələrinə imkan verilmir). Siyasi ekspertlər hesab edirlər ki, bu mitinq əvvəlkilərdən heç nə ilə fərqlənməyib, tam iflas olub və biabırçılıqla başa çatıb: “O, radikal müxalifətin peşəkarlıq baxımından tamamilə yararsız olmasını göstərdi. Yenə az sayda adam, eyni şüarlar, bir-birinə oxşar çıxışlar, çeynənmiş, zəhlətökən sözlər. Mitinq “Milli Şura” üçün növbəti biabırçılıq oldu”. Ekspertlərin fikrincə, bu, radikalların sosial bazasının olmamasının və aqressivliyinin artmasının nəticəsidir”.
Göründüyü kimi, Administrasiyanın akademik rəhbəri siyasi rəqibləri haqqında yazdığı aşağılayıcı qeydlərdə nə həqiqətləri təfrif etməkdən çəkinib, nə də hansısa əsaslandırmaya ehtiyac duyub. Sadəcə, hökumət mətbuatının qərəzli jurnalistləri sayaq ağır ifadələrdən və yazdıqlarına görə onsuz da məsuliyyət daşımayacağı qənaətinin diqtə etdiyi şər-böhtandan gen bol yararlanıb.
Siyasət şöbəsi