“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” teleproqramının əməkdaşı, AXCP fəalı Xalid Qarayev 25 günlük inzibati həbs cəzası bitdikdən sonra bu gün azad olunub. Onu AXCP sədriin müavinləri Fuad Qəhrəmanlı və Əbülfəz Qurbanlı başda olmaqla partiya fəalları və dostları qarşılayıb. Qarşılanmada Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış ziyalı Eldəniz Quliyev də olub.
Xalid Qarayev əvvəlki mübarizə əzmində olduğunu və həbsinin onun fəaliyyətinə təsir göstərməyəcəyini bildirib.
Jurnalist “Azdlıq” radiosuna bunları deyib:
“Bizim ərazidə “polisin adamı” kimi tanınan biri var. Mənə zəng etmişdi ki, ərazidə bəzi təmir işləri aparmalıyıq və mənimlə danışmalıdır. Artıq zəng edəndə anlamışdım ki, nəsə mənə qarşı həbs hazırlanır. Axşam marketdən bəzi şeylər alıb çıxanda arxadan yaxınlaşdı. Bir neçə nəfər də vardı. Dedilər bizimlə gəlməlisən. Bildirdim ki, rəsmi çağırış göndərin. Dedilər ki, gəlməlisən – vəssalam. 4-cü polis bölməsinə apardılar. Oradan da Binəqədi polis idarəsinə. “Azadlıq” qəzetindəki fəlaiyətimlə maraqlandılar.
Həbsim jurnalist fəaliyyətimlə bağlıdır, həmkarlarıma, vətəndaş cəmiyyəti fəallarına olan təzyiqin bir hissəsidir. Həbsdə qaldığım 25 gündə mən heç nə itirmədim. Əvəzində cəmiyyət, beynəlxalq ictimaiyyət ölkədəki represiyaların bir daha fərqinə vatdı. Düşünürəm ki, həbsim nə qədər qanunsuz olsa da, rejimin ifşası həbsimin müsbət tərəfidir”.
Jurnalist İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində onunla normal rəftar edildiyini deyib.
Xalid Qarayev oktyabrın 29-da həbs edilib. Bir gün sonra Binəqədi Rayon Məhkəməsi onu xuliqanlıq və polisə tabe olmama ittihamı ilə 25 gün müddətinə həbs edib.