Siyavuş Novruz etiraf edir ki, bu hakimiyyət 2 milyon 200 min insanı cinayətkara çevirir
Noyabrın 19-da Milli Məclisdə “2015-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Müzakirələrin gedişi deputatların etirafları ilə yadda qaldı. Bəli, hökumətin alovlu sözçüsü hesab edilən deputatlar, ölkədəki bərbad vəziyyəti dilə gətirdilər. Bu mənada YAP icra katibinin müavini Siyavuş Novruzovun fikirləri daha maraqlıdır.
Deputat kredit fazilərinin yüksək olduğunu, təhsilin səviyyəsinin minimuma endiyini və müəllimlərin az əmək haqqı aldığını bildirib: ”Azərbaycanda verilən krediti qaytarmaq üçün ya narkotik, ya insan alveri, ya da silah alveri ilə məşğul olmaq lazımdır. Bu gün nazirliyin idarə rəisinin əmək haqqı imkan vermir ki, ipoteka götürsün, müəllim, həkim, gənc mütəxəssis necə ala bilər? Elə nəzərdə tutulub ki, kim imkanlı adamdır, ipoteka alsın, özünün kəm-kəsirini düzəltsin”- deyə Siyavuş Novruzov bildirib.
Daha sonra deputat təhsil sahəsinə baş vurub: “23 ildir eşidirik ki, islahat gedir, biri boloniya gətirir, o biri kurikulum gətirir, getdikcə ballar da aşağı düşür. Bu gün Azərbaycanda müəllimin sayı Amerikadakından üç dəfə artıqdır. Həm Əli aşından, həm Vəli aşından olur müəllim. Müəllimlərin sayına baxmaq lazımdır ki, normal maaş verilsin. Gedin orta məktəbin qarşısında şagirdlərə baxın, görün bizim uşaqların fiziki hazırlığı hansı həddədir? Bu gün məktəblərdə hərbi və idman dərsləri bərpa olunmalıdır. Biz kişi yetişdiririk, bizə əsgər lazımdır. Sabah IŞID gələndə bəstəkar axtarmayacaq, onun qarşısına əsgər çıxmalıdır. Iki ton kitab çap edirlər, qalın üzlə. Hətta kənardan deyirlər, sizdə kitab buraxmırlar, soyuq silahdır, kimin başına vursan, orda qalar”.ÿ
Indi, Siyavuş Novruzovun səsləndirdiyi fikirləri necə qiymətləndirək? Deputat bu həqiqətləri 20 ildən sonra niyə dilə gətirir?
20 ildir müxalifət də eyni problemləri dilə gətirir, 20 ildir tənqidi media da bu problemlərlə bağlı həyəcan təbili çalır. Ancaq, Siyavuş Novruzovlar hər dəfə bu fikirlərə görə müxalifəti “ermənipərəst”, “vətən xaini” adlandırırlar. Indi, Siyavuş Novruzov niyə erməni dəyirmanına su tökür? Bugün həbsdə olan onlarla siyasi məhbus məhz bu problemləri işıqlandırdığına görə cəzalandırılıb.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bütün bu problemlərin memarı Siyavuş Novruzovun təmsil olunduğu YAP hakimiyyətidir. Kredit faizlərinin yüksək olduğunu bildirən deputat bu bankların kimə məxsus olduğunu bilmirmi? Bu ölkədə hamı bilir ki, bankların böyük əksəriyyəti hakim ailə və məmurlara məxsusdur. Yaxud, təhsilin bu vəziyyətə düşməsi, müəllimin dilənçi maaşına möhtac qalması da bu hakimiyyətin “töhfə”si deyilmi? Gənclərin müğənniliyə üstünlük verməsi, fiziki hazırlığının aşağı səviyyədə olması da bu hakimiyyətin məqsədyönlü siyasətinin nəticəsidir.
Bütün bunlar müxalifətin, Milli Şuranın, cəbhəçilərin günahı deyil və bunu özünüz də etiraf edirsiniz. Siyavuş Novruzovun təmsil olunduğu hakimiyyət bu kimi problemləri həll etmək əvəzinə, problemin həllini tələb edənləri şərləyərək həbs etməyə üstünlük verib. Analoqsuz inkişafdan danışan deputat qəfildən tənəzzüldən danışırsa, bunu necə qiymətləndirmək olar?
Siyavuş Novruzov açıq şəkildə etiraf edir ki, kredit borcunu ödəmək üçün ya narkotik, ya insan alveri, ya da silah alveri ilə məşğul olmaq lazımdır. Bugün Azərbaycanda 2.2 milyon vətəndaşın kredit borcu var. Deməli, ölkə əhalisinin 25-30 faizi cinayətkara çevrilməlidir ki, problemləri həll edilsin. YAP-çı deputat etiraf edir ki, təmsil olunduğu hakimiyyət, vətəndaşı cinayətkara çevirir.
Kredit sistemi, təhsil sistemi, kitab çapı, əmək haqqı məsələsi, gənclərin fiziki hazırlığı kimi məsələlər bərbaddırsa, 20 ildir hansı inkişafdan danışırsız?
Elə Milli Məclisin həmin sessiyasında Mingəçevirdən seçilmiş deputat Aydın Mirzəzadə deyir: “Mingəçevirin iki böyük problemi var: Işsizlik və mənzilsizlik. Mingəçevirdə bu gün 10 min ailə mənzil almaq üçün ipoteka almaq arzusundadır. Ancaq gələn il üçün ipotekaya ayrılan vəsaitlə cəmi min nəfər mənzil ala bilər”.
Bəs, hara getdi 1 milyon 300 min iş yeri? 90000 əhalisi olan şəhərdə 10000-dən çox ailə evsizlik dərdi çəkirsə, inkişafdan danışmaq riyakarlıq deyilmi? Hələ Mingəçevir imkanlı, öz tələbatını ödəyə bilən şəhərlər sırasındadır. Indi, təsəvvür edin ki, digər rayonlar hansı vəziyyətdədir.
Təkcə Milli Məclisin son sessiyasında səslənən fikirlər onu deməyə əsas verir ki, bu hakimiyyət Azərbaycanı bataqlığa çevirib. Indi, bu bataqlığın içini “gül-çiçək” atıb, hamıya “möhtəşəm bağ” kimi təqdim edirlər.
1 illik AXC hakimiyyətini tənqid edənlər sübut edirlər ki, 21 illik YAP hakimiyyəti heç bir sahədə inkişafa nail olmayıb.
Yaxşı olar ki, Siyavuş Novruzov bu gecikmiş fikirləri müavinlik etdiyi partiyanın sədrinə istiqamətləndirsin.
Akif