Büdcəsi birbaşa neftdən asılı olan Azərbaycan üçün həyəcanlı vəziyyət
Amerikanın Enerji Idarəsinin rəhbəri Adam Seminski deyib ki, Birləşmiş Ştatlar hökuməti neftin bir barelinin 50 dollara düşəcəyini gözləyir. Seminski bunu tam real hesab edir.
“Hazırda bir çox analitiklər gözləyir ki, 2015-ci ildə WTI markalı neftin bir bareli 62 dollara düşəcək. Vaxt var idi ki, neftin qiyməti 150 dollar idi, onun dəyəri 25-30 dollara düşüb. Neftin qiyməti 150 dollar olan vaxtlar bir çoxları düşünürdülər ki, bu qiymət 200 dollara çatacaq. Ancaq mən buna heç zaman inanmamışam”, – deyə Adam Seminski bildirib.
Onun sözlərinə görə, neftin bir barelinin qiyməti 60 dollara düşsə, bu halda, ABŞ şist qazının hasilatını dayandıracaq.
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, dünyada neftin qiymətinin formalaşması birjalarda baş verənlərlə müəyyənləşir. Onun sözlərinə görə, neftin dünya bazar qiymətinin aşağı salınması xüsusən Rusiyanın şıltaqlıqlarının qarşısını almağa hesablanıb. Rusiyanın Ukraynaya olan aqressiv addımları bu məsələdə əsas rol oynayıb: “Rusiyanın büdcə gəlirlərinin formalaşmasında neft sektorunun yeri və rolu böyükdür. Gəlirlər neft və qaz sektoruna bağlandığı üçün dünya bazar qiymətlərindəki vəziyyət Rusiyanın gəlirlərini kəskin şəkildə aşağı salır. Rusiyanın bu şıltaqlıqlara son qoymadığı təqdirdə, dünya birliyi iqtisadi rıçaq kimi neftin qiymətinin aşağı salınması istiqamətində fəaliyyətini davam etdirməkdə, digər mümkün variantları tətbiq etməkdə maraqlı olacaq”.
Nemət Əliyev də dünya bazarında neftin qiymətinin 50 dollara düşəcəyini istisna etmir. O hətta bundan da aşağı göstəricini mümkün sayır. Ekspertin fikrincə, bu prosesin qarşısı Rusiyanın Ukraynaya aqresssiv münasibətini dəyişməsi ala bilər: “Lakin hazırda bunun baş verəcəyi sual altındadır”.
Ekspert belə bir məqamda Azərbaycan hökumətinə də ölkə iqtisadiyyatının taleyinə biganə yanaşmamağı tövsiyə edir. Çünki Azərbaycanın da büdcəsi birbaşa neftdən asılıdır: “Konkret halda, reseptlər hazırlanmalıdır. Azərbaycanın dövlət büdcəsi və ölkə iqtisadiyyatının əksər sahələri neftdən asılı vəziyyətdədir. Neft gəlirlərinin azalmasıyla mütəmadi şəkildə istehsalın həcminin aşağı düşdüyünü görürük. Statistika Komitəsi də ötən 10 ayda sənaye və kənd təsərrüfatında istehsalın həcminin aşağı düşdüyünü bəyan edib. Eyni zamanda, pərakəndə ticarət dövriyyəsi, nəqliyyat sferası və digər sahələrdə istehsalın templəri aşağı düşüb. Əhalinin gəlirlərinin artım tempi də axsayır. Hökuməti yerindən tərpətməyə vadar edəcək çox ciddi əsaslar var. Xarici ticarət dövriyyəsi ötən ayda daha da pisləşib. Yaranan vəziyyətlə əlaqədar hökumət təcili işlərə başlamalıdır”.
Nigar