Bu günün – 17 noyabrın Azərbaycan tarixinin ən şərəfli günlərindən biri olduğunu ölkə gəncliyinin nə qədər hissəsi bilir? Çox təəssüf ki, hazırda 100 minlərlə gənc bu tarixi gün haqda məlumatsızdır. Buna görə həmin gəncləri qətiyyən qınamaq fikrim yoxdur. Çünki 20 ildən artıqdır ki, hökumət və onun nəzarətindəki televiziyalar tariximizin qürurverici səhifələri haqda yaxşı halda susub, pis halda qaralama kampaniyası aparıb. Milyonlarla insanın gözü qarşısında tariximiz saxtalaşdırılır. Millətimizin bütün uğurları bir nəfərin adına yazılır. Millətin kollektiv səylərlə əldə etdiyi böyük tarixi uğurlar isə unutdurulur.
Düz 26 il bundan qabaq bugünkü gün Azərbaycanda olduqca izdihamlı meydan hərəkatı başlandı. Əlbəttə, böyük hərəkatın əsas səbəbi Qarabağa düşmən əllərinin uzanması idi. Amma insanların Sovet rejimindən 70 il ərzində toplanmış narazılığı, ədalət, azadlıq istəyi də mübarizənin kütləviliyinə öz töhvəsini vermişdi. Qarabağ, müstəqillik, ədalət uğrunda bu möhtəşəm dirəniş 18 gün ərzində gecə-gündüz davam etdi. Beləliklə, sonralar bir çox xalqların zaman-zaman istifadə etdiyi günlərlə davam edən oturaq mitinqlər təcrübəsini ilk olaraq biz azərbaycanlılar yaratdıq.
Bakı Dövlət Universitetində tələbələrin yaratdığı “Yurd” birliyinin təşkil etdiyi bir neçə min nəfərlik mitinq sonradan ümumxalq hərəkatına çevrildi. Sonrakı illərdə minlərlə azərbaycanlının könüllü olaraq Qarabağ savaşına getməsinin də, ölkəmizdə müstəqillik və demokratikləşmə uğrunda mübarizənin də bünövrəsi həmin meydan hərəkatında qoyuldu. Həmin günlər 70 illik Sovet, 160 illik Rusiya əsarətində əzilib təhqir olunmuş millətin milli ləyaqət və qürur hissinin yenidən alovlandığı günlər idi. Ona görə də 17 noyabr tariximizə Milli Dirçəliş Günü kimi düşdü.
Bakıda 1988–ci ilin 17 noyabrından 5 dekabrına qədər davam etmiş fasiləsiz mitinq ozamankı 2 superdövlətdən biri olan Sovet İttifaqını da xeyli sarsıtmışdı. Meydan hərəkatı öz nümunəsi ilə həm Moskvanın nəzarətində olan Şərqi Avropa xalqlarını, həm də keçmiş Sovet xalqlarını azadlıq uğrunda kütləvi mübarizəyə səsləmişdi.
İndi həmin günləri xatırlayanlar, o izdihamlı meydanın fotolarını görənlər bilirəm ki, qarışıq hisslər keçirirlər. Heç şübhəsiz ki, mən də daxil olmaqla, xeyli insan belə bir şərəfli tarixin iştirakçısı olduğumuz üçün həmin günləri qürurla xatırlayırıq. Lakin xeyli insan da o tarixi xatırlayarkən qüssə ilə dərindən köks ötürür. Son 21 ildə müstəqil Azərbaycanda istiqlal əleyhdarlarının meydan sulaması, Milli Azadlıq Hərəkatı fəallarına müstəqil Azərbaycanda da zülm etməsi, hərəkatçı nəslin yaşadığı sosial-iqtisadi çətinliklər meydan hərəkatının 100 minlərlə iştirakçısını elə məyus edib ki, indi həmin insanlar o şərəfli tarixi də acı ilə xatırlayırlar. O hissləri başa düşürəm, amma haqq vermirəm.
Xeyli insan da o tarixi hərəkatı xatırlayarkən özlərini iradqarışıq suallar verməkdən saxlaya bilmirlər. Soruşurlar ki, bu millətə nə oldu, niyə bir zamanlar dünyanın supergücünə meydan oxuyan bu xalq indi üzləşdiyi haqsızlığa, qanunsuzluğa, talançılığa, Qarabağsızlığa həmin kütləviliklə etiraz etmir? Yazını daha çox uzatmamaq üçün bu düşüncədə olan dostlara bir məqamı xatırlatmaq istəyirəm. Həmin o möhtəşəm xalq hərəkatının başlanmasından cəmi bir neçə ay, hətta bir neçə gün öncə açıq fikirli insanların arasında bilirsiz ən çox nə müzakirə olunurdu? O zaman universitet auditoriyalarında da, ictimai yerlərdə, çayxanalarda da elə indi olduğu kimi hamı milləti tənqid edirdi. Qorxaqlıqda, biganəlikdə ittiham edirdi. Bu qədər haqsızlığa, hüquqsuzluğa niyə susduğunu, niyə ayağa qalxmadığını sual edirdi. Və belə günlərin birində bir neçə min nəfər tələbə gəncin təşkil etdiyi mitinq milyonların iştirak etdiyi izdihamlı xalq hərəkatına çevrildi.
Ümid edirəm ki, bununla nə demək istədiyimi izah edə bildim. Heç bir millətin tarixində böyük, izdihamlı hərəkatlar gündə-gündə, tez-tez olmur. Millətlər nə zaman hamılıqla ayağa qalxıb meydanları doldurmaq qərarını kimlərinsə istəyindən asılı olmayaraq özləri verər. Amma belə böyük hərəkatların başlanması üçün bir neçə vacib şərt var. Əsaslarını yazıram:
1. İdarəetmədən, həyata keçirilən siyasətdən, hakimiyyətin əsas simalarından kütləvi narazılıq;
2. Mövcud qaydalarla (formallığa çevrilmiş seçkilərlə, imza toplamaqla, hökumətə müraciətlərlə və s. mümkün üsullarla) ölkədə dəyişiklik etməyin qeyri-mümkünlüyü;
3. “Ümumxalq fitilini” alışdırmaq üçün ilkin təkanı verəcək az sayda da olsa, mübariz, cəsarətli insanların mövcudluğu və bu insanların öz aralarında təşkilatlanması.
Əgər bu şərtlərin Azərbaycanda hazırda da mövcud olduğunu düşünürsünüzsə, rahat olun. Uca millət sizi çox intizarda saxlamaz!
Milli Dirçəliş Gününüz mübarək!