«Beynəlxalq Bank», «Azəriqazbank» və «Bank Sandard» barədə ilginc faktlr açıqlandı
Azərbaycanda fəaliyyət göstərən üç məşhur bankın adı “çirkli pullar”ın “yuyulmasında” hallanır. Bu sensasion iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy (Damon McCoy) çıxış edib. Məlumatlarda bildirilir ki, oxşar iddia barədə bu ilin iyununda “KrebsOnSecurity” Kaliforniya Universitetinin (San-Dieqo) onlayn apteklərlə bağlı apardığı araşdırmaların nəticəsi haqqında məlumat yayılıb.
Araşdırmaların nəticəsində bəlli olub ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb. Araşdırma zamanı həmçinin daha 3 aktiv “tərəfdaşlıq” proqramı da müəyyən olunub. Bəlli olub ki, belə proqramlar çərçivəsində saxta antivirusların satışı “Bank Standard” və “Azərbaycan Beynəlxalq Bankı” üzərindən baş tutub. Bu zaman dövriyyədə 10 milyonlarla dollar olub.
Deymon Mak-Koy deyib ki, araşdırma zamanı o, internet üzərindən saxta proqram təminatı, antivirus proqramları satan çoxsaylı şirkətlə əlaqəyə girib və onlardan aldığı saxta proqramlara görə ödəmələri həyata keçirmək üçün bank hesabları istəyib. Belə saytlar sırasında “BestAV” və “Gagarincash” da olub. Bir neçə il davam edən araşdırmalar zamanı Deymon Mak-Koy belə saxta proqramlara görə əsasən “Bank Standard”dakı hesaba pul ödəyib. Bir neçə ay əvvəl isə ödəmələr “Azərbaycan Beynəlxalq Bankı”na transfer olunub. Araşdırmaçı “Win7Security” adlandırdığı və daha gizli şəkildə saxta antivirus proqramlarının satışı ilə məşğul olan onlayn satıcının izinə düşüb. Lakin sonradan həmin izi itirib.
Qalmaqalda adı çəkilən “Azərbaycan Beynəlxalq Bankı”nın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev “Bakı-xəbər” qəzetinə açıqlamasında bildirib ki, bu ittihamla tanışdır. Bank rəsmisinin sözlərinə görə, Azərbaycanda “çirkli pullar”ın “yuyulması”nın müəyyən edilməsi üçün ciddi mexanizm tətbiq edilir: “Məlum olduğu kimi, ciddi kompetent orqanlar bu işlə ciddi məşğul olur. Eyni zamanda bu, dünya üçün ciddi mövzu sayılır. Bizim bank istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə ciddi reputasiyaya malikdir. Bankımızın adı hansısa oxşar qalmaqallarda hallansaydı, bununla bağlı dünyanın ciddi qurumları həyəcan təbili çalardı. Dünyada bank sistemində şübhəli əməliyyatları həyata keçirənlərlə bağlı ”FATF” deyilən bir qurum səviyyəsində araşdırmalar aparılır. Indiyə kimi bir dəfə də olsun bizim, nə də ki, digər bankların adı həmin çərçivədə çəkilməyib. Mən bu “araşdırmanı” Azərbaycanı istəməyən qüvvələrin əməyinin məhsulu sayıram. Burada hədəf adıçəkilən banklar deyil, məqsəd Azərbaycanın imicinə zərbə vurmaqdır. Dərindən araşdırsanız görərsiniz ki, heç həmin adda adam da yoxdur. Həmin araşdırmaya fikir verin. “Master Kart”, “Viza”nın Azərbaycanla əməkdaşlığından narahatlıq ifadə olunur. Göründüyü kimi, olduqca şübhəli məqamlarla dolu və heç bir həqiqət yükü olmayan məlumatdır”.
“Bank Standard”ın Marketinq Şöbəsindən adının çəkilməsini istəməyən xanım əməkdaşı isə “Bakı xəbər”ə deyib ki, yazıda bəhs edilən faktların onların bankına heç bir aidiyyəti yoxdur: “Tamamilə absurd bir iddiadır. ”Bank Standard”ın bu məsələlərlə heç bir əlaqəsi yoxdur. Yəqin ki, deyilənlər həqiqət olsaydı, əlaqədar qurumlar bankda yoxlamalar aparardı. Indiyə qədər belə söhbətə rast gəlməmişik”.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, məsələdən məlumatlıdırlar: “Hazırda bu məsələ ilə bağlı xidmətin rəhbəri müşavirədə iştirak edir. Yəqin ki, sizin bu istiqamətdə olan suallarınızı gün ərzində cavablandıra bilməyəcəyik”.
“Azəriqazbank”ın mərkəzi ofisindən isə əməkdaşlar belə sualları cavablandırmaq səlahiyyətində olmadıqlarını bildiriblər: “Bu, rəhbərliyin səlahiyyətinə aid olan bir məsələdir”.