Səxavət Əlisoy: «Müsavat Partiyasının saxta rəhbərliyi sanki proletariat diktaturası qurub…»
“Son zamanlar Müsavat Partiyasında hazırkı rəhbərlik tərəfindən partiya daxilindəki idarəçilikdən narazı olan üzvlərə qarşı ”cəza vermək” çağırışlarını əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiyadan çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi kimi insan haqlarına, siyasi plüralizmə, fikir, ifadə və söz azadlığına qarşı olan siyasi xəttin önə çəkilməsi ciddi narahatlıq doğurur. Məhəbbət Muradov və Kamil Xəlilbəylinin şəxsi yazışmaları və mövqeləri əsas götürülərək partiya sıralarından kobud nizamnamə pozuntuları ilə çıxarılması üzvlər arasında mərkəzi orqanların və hazırkı rəhbərliyin fəaliyyətinə etimadsızlığın artmasına, həmçinin partiyada repressiyaların başlanması ilə bağlı məlumatların yayılmasına səbəb olub. Başqanlığına sabiq namizəd Səxavət Əlisoy və partiyanın MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlının Divanın növbəti iclasına çağırılması ilə bağlı qərar, Sumqayıt şəhər təşkilatının üzvü, keçmiş siyasi məhbus Ənvər Əhmədin partiya sıralarından xaric olunması məsələsinin müzakirəyə çıxarılması vəziyyətin daha da gərginləşdirilməsinə gətirib çıxarıb. Odur ki, biz Müsavat Partiyasının hazırkı rəhbərliyi qarşısında üç məsələ qoyur və onların təcili həllini tələb edirik.
Siyasi plüarizm, fikir müxtəlifliyi, söz və ifadə azadlığına əməl olunsun, fərdi azadlıqlara hörmət olunaraq, şəxsi mövqelərə görə partiya üzvlərinin cəzalandırılması çağırışlarına son qoyulmalıdır. Partiya üzvlüyündən mövqelərinə görə çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və Kamil Xəlilbəylinin hüquqlarının bərpası üçün konkret addımlar atılmalı və bu barədə qərar vermiş strukturlar məlum qərarlarına yenidən baxaraq, onu nizamnamə normalarına uyğunlaşdırmalıdır. Partiyada ikitirəliyə, bölüşdürücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulmalıdır”.
Bəyanatı imzalayanlar:
1. Qubad İbadoğlu, sabiq Divan üzvü
2. Vurğun Əyyub, sabiq Divan üzvü
3. Hikmət Hacızadə, sabiq Məclis üzvü
4. Mehman Cavadoğlu, Müsavat başqanının sabiq müavini
5. İbrahim İbrahimli, MNTK-nın sabiq sədri
6. Məryəm Oruclu, Müsavat başqanının sabiq müavini
7. Fəxrəddin Bağırov, sabiq Divan üzvü
8. Hökümə İbrahimli, sabiq Divan üzvü
9. Adil Qeybulla, sabiq Divan üzvü
10. Ellada Məmmədli, Müsavatçı qadınlar təşkilatının rəhbəri
11. Dünyaxanım Cahan, Müsavat başqanın sabiq müşaviri
12. Hüseyn Məlik, Müsavat başqanın sabiq müşaviri
13. Sədaqət Paşayeva, Müsavat Məclisinin sabiq üzvü
14. Lətafət Məlikova, Müsavat Məclisinin üzvü
15. Tural Abbaslı, Müsavat başqanlığına sabiq namızəd
16. Rafiq Bəy İsmayıl,Müsavat Məclisinin üzvü
17. Asif Məmmədli, Müsavat Məclisinin sabiq üzvü , Qarabağ Ağsaqqallar şurasının sədri
18. Allahverdi Orucov, Müsavat Məclisinin sabiq üzvü
“Bu, növbəti şoudur”
Müsavat başqanının müavini partiyadakı narazıların bəyanatına münasibət bildirərkən, bunu “növbəti şou” adlandırıb. O, “AzNews.az”a açıqlamasında bildirib ki, narazı olan kimsə varsa, aidiyyatı orqanlara şikayət edə bilər.
Səxavət Soltanlının sözlərinə görə, partiyadan çıxarılan şəxslər 6 aydan sonra üzv olmaq üçün yenidən Müsavat partiyasına müraciət edə bilərlər: “Bu insanların narahatçılığı üçün əsas yoxdur. Bu, növbəti şoudur. Müsavat partiyasının nizamnaməsinə görə üzvlərin qəbulu və çıxarılması rayon təşkilatlarının özəklərində, şura, idarə heyəti, divan və MNTK tərəfindən aparıla bilər”.
S.Soltanlı onu da əlavə edib ki, kimlərinsə partiyanın işini iflicetmə cəhdləri əbəsdir: “Belə məsələləri şişirtmək, şou göstərmək lazımsız fəaliyyətdir. Onlar qəzet və sayt redaktorlarına deyil, bu məsələlərlə bağlı Müsavat partiyasının strukturlarına müraciət etməlidir. Bu haqda Müsavat partiyası qərar verə bilər. Belə bəyanatlara qalsa, 200 insan müraciət edə bilər ki, Vurğun Əyyub və Səxavət Soltanlı partiyadan çıxarılsın. Biz o zaman nə etməliyik? Partiya ilə üzvlərin, yaxud üzvlərlə partiyanın münasibətləri bəyanatlarla deyil, nizamnamə ilə tənzimlənir”.
“Hacılı çətəsinə qarşı mübarizəni davam etdirəcəyik”
Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bildirib ki, onu da pratiyadan xaric etmək istəyirlər. Bu barədə o, “facebook” səhifəsində yazıb:
“2010-cu ilin parlament seçkilərində AXCP-Müsavat seçki blokundan deputatlığa namizəd oldum. Seçkidən sonra saxtakarlığa etiraz etdiyim üçün rəis buldozer gətirib doğulduğum evi dağıtdı, 6 nəfər ailə üzvümü vəhşicəsinə döydülər, iki qardaşım mühacirət etdi. 2014-cü ildə isə Müsavat Partiyasının qurultayından sonra baş verən saxtakarlığa etiraz etdiyimə görə məni partiyadan xaric etmək üçün Divana çağırırlar. Sözün bitən yeridirmi?”
Səxavət Əlisoy eyni zamanda, “trend”ə açıqlamasında deyib ki, partiya rəhbərliyini işğal etmiş Hacılı dəstəsinin anti-demokratik hərəkətləri, plüralizm, azad fikir qarşısında acizliyi göz önündədir. Kamil Xəlilbəylinin partiyadan kənarlaşdırılmasından danışan Səxavət Əlisoy qeyd edib ki, o, Türkiyədə universitet bitirmiş, savadlı, qabiliyyətli bir gəncdir: “Kamil Xəlilbəyli ona görə cəzalanıb ki, o, Arif Hacılını və onun idarə üsulunu birmənalı olaraq qəbul etmir. Təkcə Müsavat Partiyasının nizamnaməsində yox, demokratik ölkələrin konstitusiyalarında, partiyalarının nizamnamələrində göstərilir ki, fikir azadlığına, plüralizmə görə heç kimə partiya cəzası verilə bilməz. Partiya üzvünə o halda cəza verilə bilər ki, o, partiyanın qərarlarının ziddinə gedir. Ancaq sosial şəbəkələrdə yazışmalara görə kimisə partiyadan xaric etmək anti-demokratik addımdır”.
Onun sözlərinə görə, Kamil Xəlilbəyli ilə Arif Hacılının tərəfdarı olan bir xanım müəyyən məsələyə münasibət bildirərkən söz qovğası ortaya çıxıb və tənqidə çevrilib, bir-birilərini qarşılıqlı təhqir edirlər: “Buna görə Kamil Xəlilbəyli partiyadan xaric edilib. Birincisi, şəxsi yazışmalar heç açılmamalıdır. Bunun nə anlamı var ki, şəxsi yazışmalara görə adamlar partiya cəzası alırlar? Bunları çağırıb məzəmmət etmək olar, xəbərdarlıq etmək olar, Müsavat Partiyasının saxta rəhbərliyi isə sanki proletariat diktaturası qurub, eynən 17-ci ildə Leninin proletariat diktaturası qurduğu kimi. Yəni bunlar demokratiyanı, fikir azadlığını, plüralizmi yaxına buraxmırlar. Ən qəribəsi odur ki, bunlar bu zehniyyətlə Azərbaycanda demokratiya uğrunda mübarizə aparırlar, iqtidarı tənqid edirlər. Sən hansı haqq ilə iqtidarı tənqid edə bilərsən? Sən öz içində demokratiyanı qura bilmirsənsə, başqa birindən necə demokratiya tələb edə bilərsən? Bunlar Müsavat Partiyasını proletariat diktaturası təfəkkürü ilə idarə edirlər. Məsələ qaldırırlar ki, filankəs niyə harada işləyir, filankəsin niyə maşını var, filankəs niyə yaxşı paltar geyinir”.
Səxavət Əlisoy qeyd edib ki, bu, çox biabırçı durumdur, haqq-ədaləti deyən adamları “hakimiyyətin burada barmağı var” kimi saxta, gülünc söhbətlərlə ittiham edirlər: “Burada heç bir ”hakimiyyət barmağından” söhbət gedə bilməz. Çünki bu partiyanı bu günə qoyan elə saxtakarların özləridir. Bu zehniyyətlə hara gedirlər, özləri bilər. Məni və Əlövsət Talışxanlını da Divana dəvət ediblər. Mən də bəyan etmişəm ki, mən Divanı tanımıram və ora getməyəcəyəm. Özləri nə qərar verirlər versinlər. Ancaq bu, mənim heç də Müsavat Partiyasından çıxmağım demək deyil, Hacılı çətəsinə qarşı mübarizəni davam etdirəcəyik və bizim hədəfimiz növbədənkənar qurultay keçirməkdir”.
“İsa Qəmbərin mövqeyi…”
Bu arada, başqan Arif Hacılı “Yeni Müsavat”a müsahibəsində baş verən olaylara Isa Qəmbərin mövqeyini açıqlayıb: “Isa Qəmbərin bu məsələlərdə mövqeyi birmənalıdır. O, hər bir üzvün partiyanın ideoloji-siyasi xəttinə uyğun olaraq fəaliyyət göstərməsinin tərəfdarıdır. Mən hesab etmirəm ki, Müsavat Partiyasında elə bir dramatik vəziyyət var və Isa Qəmbərin indi olduğundan daha artıq proseslərə müdaxilə etməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, partiyanın müvafiq strukturları partiyada tam stabilliyin yaranmasına qısa müddətdə nail olacaq”.