Vidadi Mirkamal 11 partiyanın Əli Həsənovla görüş təşəbbüsünə münasibət bildirdi
«Milli Şuranın mitinqinə kölgə salmaq, bütün mübariz insanlara və siyasi məhbuslara qarşı hörmətsizlikdir»
Milli Şuranın ard-arda 2 mitinq keçirməsi və minlərlə insanın bu mitinqdə iştirakı hakimiyyətlə yanaşı, özünü müxalifət adlandıranları da narahat etdi. Çünki, qeyri-seçki ilində, repressiyaların gücləndiyi bir şəraitdə belə bir mitinqin keçirilməsi Milli Şuranın yeganə alternativ olduğunu ortaya qoydu. Və məlum oldu ki, ölkədəki real vəziyyəti dilə gətirən və kəskin mövqeyini ortaya qoya bilən yeganə qurum Milli Şuradır. Bunu qəbul etmək ona görə asandır ki, ortada başqa nümunələr yoxdur.
Indi, Milli Şuranın bütün rəqiblərdən birmənalı şəkildə qabağa çıxması hökuməti və hökumətyönlülərin arqumentlərini vahidləşdirib. Belə ki, Milli Şuranın mitinqində iştirakçıların sayının az olması, mitinq üçün sosial sifarişin olmaması kimi arqumentlərlə öz cırılan maskalarına yamaq vurmaq istəyirlər. Dəflərlə izah edilib ki, bu mitinq bir vicdan hesabatıdı və siyasi məhbusların müdafiəsinə həsr olunub. Məhz bu mitinqin keçirilməsi sayəsində, 100 minlərlə insan vəziyyətdən xəbər tutdu və siyasi məhbuslar da müdafiəsiz olmadıqlarını gördülər.
Məsələnin maraqlı tərəfi odur ki, Milli Şuranı qınayanlar özləri də piket keçirmək qərarı veriblər. Belə ki, özünü müxalifət adlandıranların yaratdığı “Siyasi Partiyaların Demokratiya və Insan Haqları Mərkəzi”nə daxil olan partiyaların rəhbərlərinin iştirakı ilə piket keçirilməsi gözlənilir.
Nə hikmətdirsə, minlərlə insanın keçirdiyi mitinq gərəksiz, 11 nəfərin keçirəcəyi piket “sosial sifariş” olur. 11 partiya 1000 nəfəri bir məkana toplaya bilmədiyi üçün sədrlərdən ibarət “izdiham”lı piket keçirməyə məcbur olub.
Ikinci məqam ondan ibarətdir ki, bu adamlar hökumətlə dialoq qurmağa da qərar veriblər. Bəli, PA rəsmisi Əli Həsənovla görüşüb, məsələni müzakirə etmək istəyirlər.
Deməli, özünü müxalifət adlandıranlar Əli Həsənov həzrətlərinin qəbuluna yazılmağı xalqın sifarişi hesab edirlər.
Öz gözündə tiri görməyib, özgəsində qıl axtaranların siyasi addımları maraqlıdır.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, mübarizə əzmində olmayan insanlar Milli Şuranı hədəf seçməklə yalnız özlərini ifşa etmiş olurlar: “Ötən il real müxalifət birliyi – Milli Şura meydana çıxdı və bu qurumun namizədi seçkilərdə xalqın səsini aldı. Bundan sonrakı dövrdə də Milli Şura öz prinsipial mövqeyini davam etdirir və ictimaiyyətə də bəllidir ki, bugün yeganə alternativ Milli Şuradır. Mitinqə gəlincə, bu, real mübarizə əzmində olan bir qurumun atmalı olduğu addım idi. Ölkədə insanlar şərlənərək həbs olunur, repressiyalar davam edir. Belə bir məqamda etiraz etməyib, nə vaxt mitinq keçirməliyik? Siyasi mübarizə əzmində olan qüvvə hakimiyyətlə dialoqa cəhd göstərib 11 nəfərlik piket keçirmək qərarı verməzdi. Bu adamlar Milli Şuraya qarşı qarayaxmaları ilə özlərini ifşa edirlər və kimliklərini ortaya qoyurlar. Artıq kimin kim olduğu aydın görünür. Bu adamlar Milli Şuranın mühüm bir məsələ ilə bağlı keçirdiyi mitinqi gözdən salmağa cəhd göstərməklə, bütün mübariz insanlara hörmətsizlik etmiş olurlar”.
Akif