Başçıya müxalifəti «seçki»dən kənarda qoymaq tapşırılıb
Başqa rayonlarda olduğu kimi Sumqayıtda da bələdiyyə seçkisinə hakimiyyətin xüsusi yanaşması var. Nəyin bahasına olursa-olsun müxalifətçiləri seçkidən kənarda saxlamaq. Icra hakimiyyətinin başçısı Eldar Əzizov indi bu işlə məşğuldur; halal şəhərin ovqatına haram qatmaq. Artıq haramın işartıları görünməkdədir. Rəhbərlik etdiyi şəhərin (protokol yollarının ətrafının, binaların fasadının) abadlığı altında taladığı, həcmi milyonlarla ölçülən vəsaitin bədəlini bu seçkidə ödəməlidir. PA-dan belə tapşırıq verilib.
Dəst-xətt eyni olsa da, keçiriləcək bələdiyyə “seçkiləri” özündən əvvəlki seçki şoularından yerlə-göy qədər fərqlənir. Yazının bu cümləsini oxuyub heç də sevincək olmayın. Müxalifətçilərin bələdiyyəyə üzv olması IH-nın Sumqayıt torpaqlarının qanunsuz talamasının qarşısının alınması deməkdir.
Bu səbəbdən də əllərindəki bütün resurslarla silahlanıb üstümüzə gəlirlər. Namizədliyini irəli sürmüş müxalifətçilərin geri durmasını tələb edirlər. Qohum-əqrəba, yaxınları, dostları minnətçi salıblar. Hər vəclə real müxalifətin seçkidə iştirakına, namizədliyinin qeydiyyatına belə əngəl olması tapşırığı alıblar.
Böyük hüquq adamı Intiqam Əliyev, Ilqar Məmmədov, Arif-Leyla Yunuslar və digər haqq davasına çıxanları həbs etməklə düşünürdülər ki, bundan sonra seçki bazarını tam nəzarətdə saxlayacaqlar.
Artıq yanıldıqlarının fərqindədirlər. Namizədlik üçün imza kampaniyasına qoşulan dostların qapısının həndəvərində minnətçi növbəsi var. Minnətə yox deyənlərin təhdidinə start verilib.
Bu yolda varıqsa, gedəcəyik. Düşünməsinlər, geriyə yol yoxdur. Illərlə seçkidə qazandığımız təcrübə, gücümüzü ortaya qoyub peşiman edəcəyik. Qutudan təyin etdikləriniz çıxsa belə, bütün vasitələrdən istifadə edib saxta nəticələrin ləğvinə nail olacağıq.
Əmin olun ki, bu dəfə seçicinin səs haqqını oğurlamaq asan olmayacaq.
Bələdiyyə seçkiləri ilə bağlı başçı və bələdiyyə sədri arasında yaşanan qalmaqalla bağlı da məlumat almışıq. Təcrübədən bildiyimiz kimi ölkədə bələdiyyə üzvlərinin “təyinatı”nı IH başçıları həyata keçirir. Bələdiyyə seçkiləri PA və MSK sədri Məzahir Pənahov üçün elə də “yük” deyil. Bələdiyyə seçkilərində baş verəcək bütün əndrabadi halları IH başçıları “yola” verir. Onların təbirincə, bu quruma “seçilmək” üçün hökmən başçının siyahısına düşməlisən. Əks təqdirdə adaylığın boşunadır.
Şakir Həsənsu