Natiq Cəfərli: «Dövlət gələcəkdə təqaüd məsələsi ilə bağlı bütün ağırlığı vətəndaşın üzərinə yıxır»
Neftdən gələn gəlir azaldığından dövlət məsuliyyətdən qaçır
Əmək pensiyasının baza hissəsi ləğv edilir. Məlumata görə, bu, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konspesiyası”nda nəzərdə tutulub. Noyabrın 4-də təsdiqlənən konsepsiyaya əsasən, əmək pensiyasının baza hissəsi əvəzinə minimum pensiya məbləği tətbiq ediləcək. Pensiya vətəndaşların fərdi hesab məlumatları əsasında təyin olunacaq.
Vətəndaşa hesablanan pensiya minimum pensiyadan aşağı olsa, işçinin stajı nəzərə alınacaq və məbləğ minimum həddə çatdırılacaq. Vətəndaşın pensiyası minimum məbləğdən artıq olduqda isə stajla bağlı heç bir tələb qoyulmayacaq.
Konsepsiyada bildirilir ki, minimum pensiya məbləğinin artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri ilə birlikdə indeksləşdirmə qaydasında aparılacaq: “Yeni sistemin tətbiq edilməsi işçilərin şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait isə ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcək”.
Konsepsiyaya əsasən, əmək pensiyasının baza hissəsinin minimum pensiya məbləği ilə əvəz edilməsi 2014-2015-ci illərdə baş verəcək.
Bəs bu yeni dəyişikliyin mahiyyəti nədən ibarətdir? Yeni qaydalar vətəndaşlarımızın həyatını asanlaşdıracaq, yoxsa əksinə dəyişiklik daha çox hökumətin maraqlarına uyğundur?
Iqtisadçı Natiq Cəfərli bildirdi ki, yeni dəyişikliyə görə kiminsə pensiyası qanunda göstəriləndən aşağı olacaqsa, dövlət həmin şəxsin pensiyasını göstərilən minimuma qədər qaldırmağı öhdəlik kimi götürür. Atılan addımların pozitiv olduğunu düşünən N.Cəfərli hər şeyin həmin yeniliklərin nə formada həyata keçiriləcəyindən asılı olduğunu dedi: “Ən pozitiv addım odur ki, özəl təqaüd fondlarının yaradılmasıyla bağlıdır. 2017-ci ildən özəl təqaüd fondları fəaliyyətə başlayacaq, bu isə o deməkdir ki, əhalinin seçim imkanı yaranacaq. Bu da müəyyən rəqabət mühiti yaratmış olacaq. Amma dəyişikliklərin fəlsəfəsində yatan əsas məsələ dövlətin gələcəkdə təqaüd məsələsində bütün ağırlığı vətəndaşın üzərinə yıxmaq istəyi ilə bağlıdır. Vətəndaşın gələcəkdə alacağı təqaüd onun təqaüd yaşına çatana qədər işlədiyi müddətdə aldığı məvacibdən asılıdır”.
Hazırda neftin qiymətinin düşməsi, gələcəkdə isə hasilatın azalmasıyla bağlı olaraq dövlətin gəlirlərinin azalacağını deyən N.Cəfərli bildirdi ki, dövlət gəlirlərinin müəyyən hissəsini təqaüdə xərcləyir. Gələcəkdə isə dövlət bütün bu xərclərdən azad olmağı düşünür: “Əslində yeni dəyişikliklər işləyən insanlar üçün pis deyil. Amma onu xatırlamaq lazımdır ki, Azərbaycanda xeyli sayda işsiz, ömrü boyu heç bir yerdə işləyə bilməyənlər də var. Bunların sosial vəziyyətinin necə olacağı sual doğurur”.
Xəyal