Tanınmış hüquqşünaslar xalqı 10 noyabr mitinqində iştiraka çağırır
Milli Şura növbəti mitinqini noyabrın 10-a təyin edib. Bu qərar Milli Şuranın Koordinasiya Mərkəzinin 31 oktyabr toplantısında qəbul olunub. Bundan əvvəl oktyabrın 12-də uğurlu aksiyaya imza atan Milli Şura yenə aksiyanın əsas tələbi kimi «siyasi məhbuslara azadlıq» olacaq. Həmçinin insan haqları sahəsindəki pozuntular, insanların sosial durumu ilə bağlı problemlər gündəmə gətiriləcək. Münasibətini öyrəndiyimiz hüquqşünasların fikrincə qarşıdakı aksiyanın əhəmiyyəti böyükdür.
Vidadi Mirkamal: «Azərbaycanın gələcək taleyinə biganə olmayanları aksiyaya dəvət edirəm»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal bildirdi ki, uzun müddət ölkənin ictimai-siyasi həyatında aksiyalar keçirilmədiyindən Milli Şuranın ilk aksiyası tərəfdarların fəallaşmasına hesablanmışdı. Təşkilatın qarşısına qoyduğu məqsədə çatdığını deyən V.Mirkamal vurğuladı ki, oktyabrın 12-də aksiya ilə uğura imza atıldı: «Görünən odur ki, Azərbaycanda
Milli Şuradan başqa hər hansı siyasi qüvvə aksiya keçirmək ya niyyətində, ya da gücündə deyil. Ona görə bizə müraciətlər olundu ki, kütləvi aksiyaların intensivliyini artırmaq lazımdır. Demokratiya uğrunda mübarizə aparanlar artıq ölkədəki duruma dözə bilmirlər. Ona görə bizim aksiya keçirməyimizdə əsas məqsəd repressiyaya uğramış şəxsləri müdafiə etməkdir. Digər bir məqsəd sosial problemləri önə çıxardaraq onları qabartmaqdır. Məqsədimiz indiyə qədər seyirçi mövqedə duran şəxsləri aksiyaya cəlb edərək cəmiyyətin həyatında aktivləşdirməkdir. Azərbaycanın gələcək taleyinə biganə olmayan, demokratik islahatlar arzusunda olan şəxsləri noyabrın 10-da aksiyaya dəvət edirəm».
Namizəd Səfərov: «Əhalinin geniş kütlələri bu aksiyaya qoşulmalıdır»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Namizəd Səfərov hesab edir ki, hazırkı dövrdə Azərbaycanda baş verənlərə etirazın ən münasib forması kütləvi aksiyaların keçirilməsidir. Milli Şuranın etiraz aksiyalarını davamlı olaraq keçirmək qərarında olduğunu deyən N.Səfərov bildirdi ki, oktyabrın 12-dəki aksiya vətəndaşların baş verənlərə biganə olmadığını sübut etdi: «Budəfəki aksiyada «siyasi məhbuslara azadlıq» tələbi ilə keçirilir. Mən əhalinin bütün təbəqələrini hakimiyyətin yürütdüyü siyasətə etirazlarını bildirmək üçün aksiyamıza qatılmağa dəvət edirəm. Xeyli sayda vətəndaşımız hakimiyyətin qanunsuz əməlləri ilə üzləşib. Hamını Milli Şuranın aksiyasında yaxından iştirak etməyə çağırıram. Bərbad təhsillə, bərbad səhiyyəyə, ölkədəki bərbad duruma yox deməyin vaxtıdır. Gündən-günə genişlənən siyasi repressiyalara «yox» deməyin vaxtıdır». Ona görə də əhalinin geniş kütlələri bu aksiyaya qoşulmalıdır».
Fuad Ağayev: «140 milyonluq Rusiyanın 47, Azərbaycanın isə 100-dən artıq siyasi məhbusu var»
Milli Şuranın üzvü, tanınmış vəkil Fuad Ağayev da hesab edir ki, Azərbaycanda insan haqları, siyasi məhbuslarla bağlı problem kritik həddə çatıb. Ona görə cəmiyyətin siyasi məhbus probleminə qarşı səfərbər olunması vacibdir: «Bu yaxınlarda maraqlı bir məlumatla tanış oldum. Məlum oldu ki, əhalisi Azərbaycandan 15 dəfə çox olan Rusiyada 47 siyasi məhbus var. Bu siyahını Rusiyanın «Memorial» cəmiyyəti təqdim edib. Hətta nəzərə alsaq ki, bu siyahı müəyyən səbəblərdən tam deyil. İndi gəlin müqayisə edək, 140 milyondan artıq əhalisi olan Rusiya üçün 47 siyasi məhbus, Azərbaycan üçünsə bu göstərici 100-dən artıqdır. Əlbəttə ki, siyasi məhbus problemi həll olunmalıdır. Amma problemin çözümü üçün siyasi məhbusların azadlığa çıxması gərəkdir».
Şükür Məmmədli: «Hazırkı dönəmdə aksiya zərurətdən irəli gəlir»
Tanınmış hüquqşünas Şükür Məmmədli bildirdi ki, normal cəmiyyətlərdə bu cür aksiyaların keçirilməsi zəruridir: «Yekcins cəmiyyətlər bir qayda olaraq avtoritar cəmiyyətlər olurlar. Onlar avtoritar hakimiyyətin olduğu yerdə olur. Siyasi məhbuslara azadlıq tələbi keçirilən aksiyanı alqışlayıram. Hesab edirəm ki, hazırkı dönəmdə aksiya zərurətdən irəli gəlir».
Əsabəli Mustafayev: «Milli Şuranın keçirdiyi aksiyalar siyasi məhbus problemini həllinə yardım edə bilər»
Hazırda siyasi məhbus kimi tanınan şəxslərin bəzilərinin hüquqlarını müdafiə etdiyini deyən tanınmış vəkil Əsabəli Mustafayev bildirdi ki, siyasi məhbusların hüquqlarının təkcə vəkillərin deyil, həm də ictimaiyyətin müdafiə etməsi vacibdir. Siyasi məhbusların hüquqlarının müdafiə olunması istiqamətində ictimai toplantıların keçirilməsinin vacib olduğunu söyləyən Ə.Mustafayev vurğuladı ki, həm bir vətəndaş, həm də vəkil olaraq Milli Şuranın «siyasi məhbuslara azadlıq» tələbi ilə keçirdiyi aksiyanı dəstəkləyir. «Hesab edirəm ki, Milli Şuranın keçirdiyi silsilə aksiyalar siyasi məhbus probleminin həlli istiqamətində kömək edə bilər», deyə Ə.Mustafayev vurğuladı.
Xəyal