“Yeni Azərbaycan” qəzeti NIDA Vətəndaş Hərəkatının keçmiş üzvü Elsevər Mürsəllinin YAP-a üzv olmaq üçün müraciətini bayram edir. Qəzetin dünənki sayında bu barədə geniş material dərc edib. Qeyd edək ki, keçmiş NIDA-çı siyasi fəaliyyətinə görə narkotiklə şərlənərək həbs olunmuşdu. Elsevər Mürsəlli vicdan məhbusu kimi tanınırdı.
Lakin sonradan ölkə başçısı Ilham Əliyevə əfv ərizəsi ilə müraciət etdi. Siyasi məhbusların əfv ərizələrini necə, hansı şərtlərlə yazdığı Azərbaycan cəmiyyətinə bəllidir. Nə qədər ki, Elsevər Mürsəlli həqiqəti deyirdi, o, “Yeni Azərbaycan” üçün cinayətkar idi. YAP-ın rəsmi orqanı olan bu qəzetdə həbs olunan NIDA-çıları az qala terrorçu kimi qələmə verirdilər. Amma elə ki, Elsevər Mürsəlli ölkə başçısına əfv ərizəsi yazdı, NIDA-dan istefa verdiyini bəyan edərək YAP-a üzv olacağını açıqladı, dərhal YAP-ın orqanının sevimlisinə çevrildi. Sual olunur: Elsevər Mürsəlli cinayətkar idisə YAP onu sıralarına qəbul etməyə niyə belə maraq göstərir? Yox əgər o, normal vətəndaş olubsa nə üçün həbs edilmişdi?
Bu fakt da bir daha göstərir ki, ölkədə həqiqəti deyən, hüquqlarının pozulmasına etiraz edən vətəndaşlar hakimiyyətin gözündə cinayətkardır. Və həmin şəxslərin həbsi siyasi sifariş əsasında həyata keçirilir.