Susmaq Azərbaycan hakimiyyətinin bu qanunsuz əməlini dəstəkləmək mənası verir
4 nəfərin əfvi 100 nəfərin həbsinə bəraət qazandıra bilməz
Azərbaycan hakimiyyəti son dövrlər ölkədə repressiyaları daha da gücləndirdi və rəqiblərindən qisas almaq üçün müəyyən proseləri fürsət kimi dəyərləndirdi. Bunun nəticəsində tanınmış hüquq müdafiəçiləri, jurnalistlər, gənclər qondarma ittihamlarla həbs olundu. Ancaq bu “siyasi” gediş, hakimiyyəti çətin vəziyyətə saldı. Belə ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı sanksiya çağırışları etdi, Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul olundu, ABŞ prezidenti Barak Obama Azərbaycandakı vəziyyəti tənqid etdi və s. Yəni hakimiyyət beynəlxalq aləmdə nüfuzunu itirməyə başladı və dünənə qədər həyata keçirilən manevrlər effekt vermədi. Artıq Azərbaycan hakimiyytinin əsl siması ortaya çıxıb və bütün dünya siyasi məhbuslara azadlıq tələb edir.
Bütün bunları nəzərə alaraq bir neçə gün öncə ölkə başçısı əfv sərəncamı imzaladı və bu əfvin nəticəsi olaraq 4 nəfər siyasi məhbus azadlığa buraxıldı. Təbii ki, bu addım yerli və beynəlxalq ictimaiyyəti birmənalı razı sala bilməz. Çünki, beynəlxalq aləmin israrla azadlıq tələb etdiyi beynəlxalq mükafatlara layiq görülən Leyla Yunus, Intiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov və digər şəxslər hələ də türmədədir.
Ancaq Azərbaycan hakimiyyəti “əfv sərəncamı”na arxayın olaraq öz qəddar və repressiv siyasətini davam etdirməkdədir.
Belə ki, ötən gün Nəsimi Rayon Məhkəməsində Leyla Yunusun işi üzrə məsələyə baxılıb. Nəticədə Leyla Yunus barəsində daha 4 ay həbs qərarı çıxarılıb, vəkillərin vəsatəti isə təmin olunmayıb. Eyni zamanda ötən gün Intiqam Əliyevin də məhkəmə prosesi keçirilib və hüquq müdafiəçisinin həbs müddəti daha 3 ay uzadılıb.
Təəssüf doğuran odur ki, bütün bu proseslər Avropa insan hüquqları komissarı Muijnieksin Bakıda olduğu dövrə təsadüf edib.
Necə ola bilər ki, bütün dünyanın azadlıq tələb etdiyi şəxslərə qarşı növbəti dəfə qanunsuz addım atılır və bu proses Avropa insan hüquqları komissarının gözləri qarşısında baş verir?
Azərbaycan hakimiyyəti nəyə araxayındır və ya avropalı komissar nə düşünür?
Əslində, baş verənlər həm də beynəlxalq hüquqa hörmətsizlikdi və birbaşa Muijnieksin imicinə təsir edəcək hadisədir.
Avropalı komissar ya bu qədər haqsızlığa sərt münasibət sərgiləməlidir, ya da geri qayıdıb tutduğu vəzifədən istefa verməldir.
Çünki, ötən gün insan haqları növbəti dəfə kobud şəkildə pozuldu və insan haqlarının carçısı olanlar bu prosesə “dur” deməyi bacarmalıdılar.
Cənab komissar, son baş verənlərə münasibət bildirin. Susmaq Azərbaycan hakimiyyətinin bu qanunsuz əməlini dəstəkləmək mənası verir.
Unutmayın ki, 4 nəfərin azadlığa buraxılması, 100 nəfərin şərlənərək həbs olunmasına bəraət qazandıra bilməz. Imkan verməyin ki, hakimiyyət yalançı əfv fərmanının arxasında gizlənib günahsız insanları zindanda saxlasın.
Bu həm də sizin şəxsinizə qarşı hörmətsizlikdi.
Akif