«Tolışi sədo» qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədov qızının toyunda iştirak etmək üçün bir günlüyə azadlığa buraxılıb. AzadlıqRadiosu onunla qısa müsahibəni təqdim edir.
– Hilal bəy, həmişə azadlıqda!
– Sağ olun. Cəmi bir günlük buraxıblar. Sabah axşam saat 10-da müəssisəyə qayıtmalıyam.
– Axı, söhbət gəzirdi ki, 3 günlüyə buraxılacaqsınız?
– Mən də bilmirəm. Belə bir fikir bildirdilər ki, bir günlük olacaq.
– Müvəqqəti də olsa, azadlığa buraxılmanız sizin üçün nə dərəcədə gözlənilən idi?
– Təxminən bir ay öncə Ədliyyə Nazirliyinə rəsmi müraciət etmişdim. Bildirmişdim ki, toy olacaq, qısa müddətə azadlığa buraxılmağımı xahiş etmişdim. Toyda iştirak etməyimdə İşçi Qrupun (İnsan Hüquqları üzrə Birgə Qrup – red.) da zəhməti çoxdur. Bu ilk təcrübədir. İnşallah davamı da olar.
– Cəzaçəkmə müəssisəsində vəziyyət necədir? Özünüzü orada necə hiss edirsiz?
– Normal. Azad insan hər yerdə azaddır. Bunun fərqi yoxdur.
– Azadlıqda olsanız da, deyəsən, tək deyilsiniz…
– Hə, yanımda konvoylar var. Ancaq, azad, müstəqiləm. Hamıya şad günlər arzulayıram.
Hilal Məmmədov 2012-ci ilin iyun ayında tutulub, 5 il azadlıqdan məhrum edilib. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib. O, Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.