Azərbaycan Xalq Cəbhəsi Partiyası bu ilin noyabr ayında növbəti qurultayını keçirməyi planlaşdırır.
Bu, Azərbaycan Xalq Cəbhəsinin bazasında yaradılmış partiyanın 6-cı, bütövlükdə Xalq Cəbhəsi yaranandan bəri isə 9-cu qurultayı olacaq.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Media forum” saytına bildirib ki, VI (IX) qurultayla bağlı hazırlıqlara başlanıb: “Artıq partiyamızın yerli rayon-şəhər təşkilatlarında qurultayla əlaqədar konfranslar keçirilir. Bu günədək 50-dən çox rayon və şəhərdə konfransların keçirilməsi üçün təşkilat komitələri yaradılıb. Qalan rayon və şəhərlərdə də təşkilat komitələri formalaşdırılır.
Yerli təşkilatların konfransları keçiriləndən sonra qurultaya nümayəndələr seçiləcək. Bundan sonra AXCP Rəyasət Heyəti qurultayın keçirilməsi üçün vaxt təyin edəcək. Artıq mütəxəssislər qrupu partiyanın yeni proqramının layihəsini hazırlayıb. Partiyada müzakirələrdən sonra bu layihə ictimaiyyətin müzakirəsinə də təqdim ediləcək. Qurultayın keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq”.