Rusiya işçi miqrantlara olan məhdudiyyəti aradan qaldırır
Boris Nemtsov: «Regiona çoxlu sayda miqrantların üz tutması ona gətirib çıxaracaq ki, Rusiya bu bölgəni itirəcək»
Rusiya hakimiyyəti Uzaq Şərqi işçi miqrantlar üçün açmağı planlaşdırır. Şirkətlər miqrantları heç bir məhdudiyyət və Miqrasiya üzrə Federal Xidmətin razılığı olmadan olmadan cəlb edə biləcəklər. Bu barədə məlumat «Exo Moskvı» radiosunun saytında yerləşdirilib. Artıq qanunvericiliyə ediləcək dəyişikliklərlə bağlı layihə Dövlət Dumasına təqdim olunub. Miqrantların cəlbinə artıq gələn ilin əvvəlindən başlanacağı gözlənilir. Artıq reallaşması nəzərdə tutulan 20 iri investisiya proyekti seçilib. Uzaq Şərqin inkişafına dair nazir Aleksandr Qaluşka vurğulayıb ki, layihələrin reallaşması zamanı regionun yerli əhalisinin maraqları zərər görməyəcək. Bundan başqa investorların regiona cəlb olunması üçün vergi güzəştləri də nəzərdə tutulub.
«Uzaq Şərqdə işsizliklə bağlı ciddi problemlər var. Ona görə bölgəyə əlavə olaraq miqrantların cəlb olunması yolverilməzdir», bu fikir Dövlət Dumasında kommunist fraksiyasının lideri Vladimir Fişmana məxsusdur. Fişman hesab edir ki, regionda miqrantların sayının yerli əhalinin sayını keçməsi anormal situasiya yaratmış olacaq.
«Rusiya hökumətinin bölgə ilə bağlı möhtəşəm planları var. Amma həmin planları yerinə yetirəcək qüvvə yoxdur», bu fikir isə Xabarovsk vilayətindən deputat olan Boris Reznikə məxsusdur. Onun sözlərinə görə, təmsil etdiyi vilayətdə 10 mindən artıq çinli işləyir.
İqtisadçı Vyaçeslav İnozemsev isə hesab edir ki, Uzaq Şərqin real inkişafı üçün iqtisadi azadlıqların təmini vacibdir. «Amma hələlik Rusiyanın regionun hərtərəfli inkişafı ilə bağlı real planları yoxdur, deyə iqtisadçı vurğulayıb.
Rusiya müxalifətinin lideri Boris Nemtsov isə hesab edir ki, belə bir qanunun qəbulu və regiona çoxlu sayda miqrantların üz tutması ona gətirib çıxaracaq ki, Rusiya bu bölgəni itirəcək: «Rusiyanın Çinə təhvil verilməsi prosesi davam edir. Hökumət Uzaq Şərqi və Sibiri çinlilər üçün açıq elan etdi. Artıq nə məhdudiyyət var, nə də hər hansı icazə lazımdır. Hər şey Putinin planı üzrə gedir. Ölkənin suverenliyi barədə isə Kremldə susmağa üstünlük verirlər».
Siyasi ekspertlər hesab edir ki, Ukrayna siyasətinə görə, Qərblə münasibətləri müəyyən mənada «soyuq müharibə» dövrinə qayıtmış Rusiya Çinlə yaxınlaşmağa məhkumdur. Başlıca problem isə ondan ibarətdir ki, Rusiyada çoxdan belə bir fikir formalaşıb ki, bu ölkə ilə Qərb arasında dəyərlər sistemində kəskin fərqlər var. Rusiya heç zaman Qərblə gerçək müttəfiqlik münasibətlərində ola bilməz. Belə kəskin anti-Qərb mövqeyi Rusiya ilə Qərbin toqquşması ilə nəticələnməli idi. Siyasi sistemi sərt avtoritarizm, iqtisadi sistemi isə dünya miqyasında qətiyyən rəqabətə davam gətirməyə qadir olmayan Rusiya Qərblə mübarizədə Çinə istinad etməyə məcburdur. Məsələ burasındadır ki, Rusiya hər bir halda Qərb dəyərlərinə yaxın bir ölkədir. Çin və Rusiya isə fərqli sivilizasiya dəyərləri olan ölkələrdir. Putinin «Böyük Rusiya yaradaq» şüarı əslində totalitar və aqressiv Rusiya yaratmaq niyyətinin açıq təzahürüdür. Başlıca səhv ondan ibarətdir ki, texnoloji cəhətdən son dərəcədə geri qalmış Rusiya SSRİ kimi təbii sərvətlərin satışından asılı bir ölkəyə çevrilib. Effektiv olmayan idarəçilik sistemi və neftin qiymət konyukturasından asılı olan Rusiya faktiki Qərbdən imtina edərək, üzünü Çinə çevirdi. Ukrayna məsələsinə görə, Qərblə münasibətləri hədsiz gərginləşəndən sonra Qərb ekspertləri bildirirdilər ki, bu vəziyyətdən Çin kifayət qədər ciddi şəkildə yararlanacaq. Baxmayaraq ki, uzun illər ərzində Çin ekspansiyası haqqında tez-tez həyəcan təbili çalınırdı, Ukrayna ilə bağlı avantürüst siyasət Putini ölkəni yavaş-yavaş Çinin sərəncamına verməyə vadar etdi. Çin çox uzun dövr ərzində Rusiya ilə bağlı istədiyi siyasəti, yəni ekspansiya siyasətini həyata keçirmək üçün leqal imkanlar qazandı. Putinin «Böyük Rusiya» şüarı ölkənin Çinin təsiri altına düşməsinə imkan verməklə nəticələndi. Bir müddət sonra anti-Qərb isterikasının Çin ekspansiyasının güclənməsi nəticəsində anti-Çin isterikasına çevriləcəyi çox asan proqnozlaşdırılan məsələdir.
Xəyal