Qubad İbadoğlu bununla bağlı əlində faktlar olduğunu deyir
Müsavatın sentyabrın 27-də keçirdiyi 8-ci qurultayı yekunlaşsa da, nəticələrlə bağlı narazılıqlar səngimək bilmir. Qarşılıqlı ittihamlarsa davam edir.
“Seçkiyə haram qatanlar tapıldı və əlimizdə kifayət qədər faktlar, video çəkilişlər, audio yazılışlar var”
“Biz onsuz da əvvəlcədən bilirdik ki, Müsavat ideal seçki keçirə bilməyəcək. Çünki ideal seçki keçirmək üçün ölkədə əlverişli mühit yoxdur, eyni zamanda seçkiyə qədərki dövrdə Təşkilat Komitəsinin toplantısında qaldırdığımız çoxsaylı məsələlər həllini tapmırdı, prosesi idarə edənlər də buna hazır deyildi. Amma düşünürdük ki, istənilən halda Müsavatın bu seçkisi başqa seçkilərə örnək olacaq… Amma əvvəli elə olsa da sonrası elə olmadı, gözlənildiyinin əksinə olaraq seçkiyə haram qatanlar tapıldı və hazırda əlimizdə kifayət qədər faktlar, video çəkilişlər, audio yazılışlar var”, – bunu musavat.com-a başqanlığa keçmiş namizəd Qubad Ibadoğlu deyib. Onun sözlərinə görə, videolarda zalda və dəhlizlərdə adamlar daha çox səs verir, nəinki seçki kabinetlərində: “Bunlar inkar olunan faktlar deyil. Seçkinin nəticəsi də bəllidir, mənim alternativim yetərsaydan 3 səs artıq toplayıb. Bundan başqa, seçkidən əvvəl və seçki dövründə müəyyən antitəbliğat vasitələrindən istifadə olunub. Faktlara söykənmədən namizədlərdən biri haqda ”bu, hökumətin adamıdır, hökumətə işləyir” təbliğatını aparmaqla qurultay nümayəndələrini çaşdırıb, onları aldadıblar. Özü də bunu o adam haqda deyirlər ki, onun bank hesabları həbsdədir, seçkiqabağı haqqında cinayət işi açılıb. Bu, hökumətin mənə münasibətinin göstəricilərindən biridir. Ikinci, başılıca təbliğat da o oldu ki, Isa Qəmbər indiki şəraitdə Arif Hacılını daha məqbul namizəd hesab edir. Icra aparatından qurultay nümayəndələrinə təzyiqlər oldu ki, siz hökmən Isa Qəmbərin namizədinə səs verməlisiniz”.
Qubad Ibadoğlu deyir ki, Isa Qəmbər özü də seçkidən sonrakı açıqlamasında bunu təsdiqlədi: “Dedi ki, əgər mən açıq şəkildə dəstək versəydim, fərq böyük olardı. Bu o deməkdir ki, gizli şəkildə dəstəyini verib. Bizim əsas narahatçılığımız ondan ibarət idi ki, Isa bəy tərəflərin heç birinə açıq şəkildə dəstək verməsin. Amma sonradan Isa Qəmbərin adından sui-istifadə hallarına yol veriləndə mən bu barədə Təşkilat Komitəsində toplantıda da qaldırdım. Lakin heç müzakirə olunmadı. Hətta bu azmış kimi qurultay günü nümayəndələrlə bu barədə fərdi söhbətlər oldu. Təsirlər nəticəsində məlum nəticə ortaya qoyuldu. Hətta bununla belə mən bu məsələnin geniş müzakirəsini istəmədim. Düşündüm ki, faktları toplayaq, qruplaşdıraq, təşkilat komitəsinin fəaliyyətində, seçki günündə baş verənləri qruplaşdırıb arayış hazırlayaq. Bunu da geniş müzakirə üçün yox, partiyanın strukturlarına müzakirə üçün təqdim etmək niyyətindəydik”.
Iqtisadçı deyir ki, onun seçki platformasında başqanı seçiləcəyi təqdirdə partiyanın fəaliyyətində şəffaf və hesabatlılıq məsələsini ön plana çəkəcəyini qeyd edib: “Çünki 10 ildən artıqdır ki, Azərbaycanda şəffaflığın artırılması ilə bağlı mübarizə aparıram. Mən beynəlxalq şəffaflıq təşəbbüsünü idarə heyətinin üzvüyəm. Bizim partiyanın əsas maliyyəsi üzvlük haqlarından formalaşır. Mən özüm də müntəzəm üzvlük haqqı verən müsavatçılardan olmuşam. Amma mənə heç vaxt heç kim hesabat verməyib ki, yığılan vəsait hara və nəyə xərclənir. Bunu mən və digər üzvlər bilmək istəyir. Demirəm ki, Müsavatın böyük büdcəsi formalaşır. Amma biz bilməliyik ki, partiyaya verdiyimiz vəsait hara xərclənir”.
Qubad Ibadoğlu bildirir ki, mübarizələri davam edəcək: “Partiyadan çıxmaq niyyətində deyilik. Bizim mübarizəmiz Müsavatın güclənməsi ilə bağlıdır. Güman edirik ki, qarşı tərəf hələ də emosiyaların təsiri altındadır, 6 oktyabr toplantısından sonra müəyyən bir isterika keçirir. Düşünürük ki, onlara müəyyən müddət lazım ola bilər. Bir müddətdən sonra görəcəklər ki, haqsızdılar, onda onların xahişi ilə onlara müzakirələr üçün biz imkan yaradacağıq”.
“Azərbaycanda və dünyada elə bir partiya göstərə bilərsinizmi ki, bir funksioner Arif Hacılı kimi 3 önəmli vəzifə daşısın?”
Müsavat Partiyasının başqanlığına namizəd olmuş Səxavət Əlisoy Arif Hacılının tərəfdarlarına müraciət edib.
“16 rayonda konfrans keçirilməyib. Necə olur ki, Qazax, Gədəbəy və Quba kimi böyük rayonlar iki il ərzində konfrans keçirə bilmir, Samux rayonu 1 gün ərzində 3 qurultay nümayəndəsi ortaya çıxarır? Samux rayonunda nə qədər müsavatçı var və orada keçirilmiş konfransın protokolunun surətini göstərə bilərsinizmi?
16 rayonda təşkilati işlərin bərbad olmasına görə kim məsuliyyət daşıyır, partiyanın gözətçisi Zahir bəy, yoxsa partiyanın təşkilat məsələləri üzrə müavini Arif Hacılı?
Naxçıvan MR-da keçirilən konfranslarda MNTK və QHTK-dən kim iştirak edib? Iştirak edən olubsa, protokolun surətini FB-də nümayiş etdirin.
2003-ün prezident, 2009-un bələdiyyə və 2010-un parlament seçkilərindəki maliyyə hesabatları nədən açıqlanmır?
2003-ün prezident seçkilərində Seçki Qərargahına nə qədər ianə daxil olub (biriləri 6 rəqəmli, digərləri 7 rəqəmli məbləğlərin olduğunu iddia edir), 2009 – bələdiyyə seçkilərində MSK-nın partiyaya ayırdığı vəsait hansı işlərə sərf olunub?
O seçkilərdə partiyanın Seçki Qərargahına kim rəhbərlik edib və maliyyə hesabatını kim verməlidir, Yaşar Türkazər, yoxsa Arif Hacılı?
Neçə rayon təşkilatının sədri nizamnaməyə zidd olaraq 2 dönəmdən artıq fəaliyyət göstərir?
Neçə rayonda sədr vəzifəsini boynuna çəkən tapılmır?
Neçə rayon təşkilatının sədri təşkilata Bakıdan sədrlik edir?
Azərbaycanda və cümlə dünyada elə bir partiya göstərə bilərsinizmi ki, bir funksioner Arif Hacılı kimi 3 önəmli vəzifə daşısın? (Mərkəzi Icra Aparatının rəhbəri, Seçki Qərargahının rəhbəri, təşkilat işləri üzrə başqan müavini. Divan və Məclis üzvlüyünü vəzifə saymıram)” – deyə müraciətdə bildirilir.
Tanınmış vəkil Qubad Ibadoğlunu ittiham etdi
“Isa Qəmbər namizədlərdən heç birinə dəstək verməyib”, – bunu “aznews.az”a açıqlamasında Müsavat partiyasının divan üzvü, tanınmış vəkil Osman Kazımov deyib. O.Kazımovun fikrincə, qurultayda səsvermə zamanı da heç bir saxtakarlıq faktı olmayıb. Tanınmış vəkil Qubad Ibadoğlunun “Müsavat partiyası başqanlığına seçkilərdə ədalət prinsipi pozulub. Eyni zamanda seçkiqabağı dövrdə və seçki günündə prosedur pozuntuları olub, nöqsanlar qeydə alınıb” fikrinə də münasibət açıqlayıb: “Ədalətlilik prinsipi deyəndə nəyi nəzərdə tutur ki? Məgər ona hər hansısa maneəçilik törədilib? Əgər pozulmuşdusa, Qubad bəyin ən qatı tərəfdarı Əlövsət Talışxanlı Müsavatın Nəzarət-Təftiş Komissiyasının hesabatı ilə çıxış edəndə nə üçün hər hansı pozuntudan məlumat vermirdi? Necə olub? Izah eləsin”.
O.Kazımov hesab edir ki, Nəzarət-Təftiş Komissiyası hər bir partiyanın məhkəmə qurumudur. Bütün məsələlərdə bitərəf qalmalı və obyektiv mövqe nümayiş etdirməlidir: “Əlövsət Talışxanlı qurultayın iradəsinə və nizamnaməyə zidd olaraq bu gün də deyir ki, Qubad Ibadoğlu mənim başqanımdır. Bəyəm Qubad bəy bunu görmürdü? Qubad bəyin pozuntularla bağlı qurultaya qədər hər hansı müraciəti varmı? Yoxsa, nə üçün yoxdur? Və bu pozuntu dedikləri nə üçün seçki uduzulduqdan sonra yada düşür?”.
“Isa Qəmbərin qohumları Qubad Ibadorlunu dəstəkləyirdilər”
“Təəssüf ki, Qubad bəy mətbuata doğru olmayan, insanları çaşdıran məlumatlar ötürməkdə davam edir. Açığı, heç gözləmirdim”,- bunu Müsavat Partiyasının Məclis üzvü Səxavət Soltanlı öz “Facebook” səhifəsində yazıb.
S.Soltanlı Müsavat başqanlığına keçmiş namizəd Qubad Ibadoğlunun qurultayda 200 səs toplamasının Isa Qəmbərin qohumlarının ona dəstək verməsi ilə bağlı olduğunu deyib: “Isa Qəmbərin böyük qardaşı Rövşən Qəmbərin və ağsaqqal əmisinin, eləcə də digər yaxın qohumlarının Qubad bəyi bəyanatla dəstəklədiklərini bəyan etmələri Qubad bəyin 200 səs toplamasında əsas amildir. Əks halda Qubad bəy o qədər səs toplaya bilməzdi! Mən sıravi müsavatçılar arasında “Isa Qəmbər açıq şəkildə Qubad bəyi dəstəkləməsə də, qohumları vasitəsi ilə mesajını verir” fikirlərinə kifayət qədər rast gəlmişəm”.
S.Soltanlı qeyd edib ki, Isa Qəmbərin ətrafında olan insanlar, mühafizəçisindən tutmuş, texniki işçilərə qədər hamısı Q.Ibadoğlunu dəstəkləyiblər: “Isa Qəmbər başqa namizədə dəstək versəydi, ən azı öz qohumlarına və mühafizəçilərinə deyə bilməzdimi bunu?”.
Onun sözlərinə görə, heç bir halda siyasi tərəf tutmamalı olan MNTK-nın sədri və üzvləri də Q.Ibadoğlunu açıq şəkildə dəstəkləyiblər: “Göz yummuşuq! Baxmayaraq ki, həmin şəxslərin əksəriyyəti qurultay üzvləri deyildilər, amma bu, müsavatçıların fikirlərini formalaşdırmaqda, xeyli rol oynamışdı”.
S.Soltanlı onu da qeyd edib ki, bu sadaladıqlarını saxtakarlıq, seçkiyə qatılmış haram, ədalət prinspinin pozulması kimi qiymətləndirmir: “Amma faktları təhrif etdikləri, xalqı aldatmağa çalışdıqları üçün bunları yazıram. Onların öz məntiqi ilə məsələyə yanaşıram. Xeyli fakt saya bilərəm ki, Qubad bəyin səslərinin çox olmasına səbəb olub, əsasən bunlar Isa Qəmbərin adından ya birbaşa, ya da dolayısı ilə istifadə etməklə olub!”
“Isa Qəmbərin tutduğu mövqedən narazı qalacaq bir adam varsa, o da mənəm”
“Kimlərinsə Isa Qəmbərin Arif Hacılını müdafiə etməsini deməsi barədə iddialar, xüsusilə, guya bunun hər hansı pozuntu olması barədə fikirlər də tamamilə gülüncdür. Çünki əvvəla, heç kəs Isa Qəmbərə hər hansı bir namizədi müdafiə etməyi qadağan edə bilməz. Onun da qurultay nümayəndəsi kimi öz mövqeyini açıqlamaq hüququ var. Eyni zamanda kimlərinsə heç bir dəlil, sübut olmadan şifahi dediyi sözləri əsas götürmək olmaz. Əslində, seçki kampaniyası dövründə Isa Qəmbərin tutduğu mövqedən narazı qalacaq bir adam varsa, o da mənəm. Çünki sonadək Isa Qəmbər öz mövqeyini açıqlamadı və hansı namizədi müdafiə etdiyini demədi. Ancaq hər halda qurultaydan sonra məhz Isa Qəmbərin adının hallanması, guya onun seçki prosesinə təsir etməsi barədə yanlış açıqlamalar sübut etdi ki, Isa Qəmbər bu məsələyə qarışmamaqda düzgün mövqe tutub. Müsavat Partiyasının qurultayı partiyanın ali orqanıdır və partiya qurultay vasitəsilə öz iradəsini ifadə edib. Partiyanın iradəsinə tabe olmaq hər bir müsavatçının borcudur”, – bunu “apa”ya müsahibəsində Müsavat başqanı Arif Hacılı deyib.
Ramin DEKO