Karnegi Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə eksperti həyəcan təbili çalır
Fuad Qəhrəmanlı: «Tomas De Vaalın fikirləri gerçəklik barədə reallığı əks etdirir»
Tanınmış jurnalist, mərkəzi qərargahı ABŞ-da olan Karnegi Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə eksperti Tomas De Vaal “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycan hökumətinin Qərbdən uzaqlaşmasını bu ölkənin gələcək perspektivlərinə və müstəqilliyinə ziyanlı hesab etdiyini deyib. O qeyd edib ki, hazırda ölkədə şiddətli basqılar yaşanır.
Ekspert Azərbaycan üçün başlıca iki risk gördüyünü vurğulayıb: “Güman etmirəm ki, xarici risk böyükdür. Rusiya və Iran problemdir, amma onlardan heç biri Azərbaycana birbaşa müdaxilə etmək niyyətində deyil. Heç biri rejim dəyişikliyi arzulamır. Onların prezident Əliyevlə normal münasibətləri var.
Risklər ikidir. Birincisi budur ki, demokratik müxalifətin həbsə atılması və marginallaşdırılması ilə meydan boşalır. Bu meydanı radikal müxalifət dolduracaq. Bu sıraya cihadçılar, hazırda Suriya və Iraqda IŞID sıralarında döyüşən azərbaycanlı sünnilər daxildir ki, onlar bir gün vətənə qayıdacaqlar. Bu mənada hökumət müxalifəti radikallaşdırır. Ikinci təhlükə Qarabağ müharibəsinin alovlanmasıdır. Təmas xəttində ara-sıra kiçik toqquşmalar görürük. Hər iki tərəfdə provokasiyalar baş verir. Ağır silahlar ucbatından Qarabağda hətta kiçik müharibə belə kütləvi insan itkiləri ilə nəticələnə bilər. Hesablamalarda yanlışlıq Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına gətirib çıxara bilər ki, bu, təkcə Azərbaycan və Ermənistan deyil, qonşular üçün də faciəvi olardı”.
Məsələ barədə fikirlərini “Azadlıq”la bölüşən politoloq Fuad Qəhrəmanlı söyləyir ki, cəmiyyətdə demokratik institutların inkişafının qarşısı alınır və ictimai narazılıqların ifadə olunma, həll olunma mexanizmləri işlənmirsə, o zaman cəmiyyətdə qütbləşmə dərinləşir. Eləcə də ictimai narazılıqlar get-gedə sosial partlayışlar həddinə çatır və kataklizmlər, qarşıdurmalar yaranır: “Bu baxımdan Azərbaycanda vətəndaş cəmiyyətinə, siyasi müxalifətə qarşı aparılan repressiyalardan artıq demokratik yolla dəyişikliklərin mümkün olmadığı nəticəsi çıxır. Demokratik yolla hansısa ideya və yanaşmaların gerçəkləşdirilməsinin mümkün olmadığı bəlli olur. Cəmiyyətin də sivil yolla öz maraq və istəklərini təmin edə bilməməsi fikri yaranır. Bu zaman artıq radikal qarşıdurma meylləri artır. Demokratik dəyərlərin hörmətdən düşməsi, demokratik mübarizə üsullarına inamın itməsi radikal mübarizə üsullarının daha çox tərəfdar qazanmasına səbəb olur. Tomas De Vaalın fikirləri gerçəklik barədə reallığı əks etdirir”.
De Vaalın Qarabağla bağlı dediklərinə münasibət bildirən F.Qəhrəmanlı qeyd edir ki, problem Azərbaycanın daxili siyasətinə uzun illərdir mənfi təsir göstərməklə yanaşı, Rusiyanın regiona əsas təsir mexanizmlərindən birinə çevrilib. Fuad bəyin fikrincə, Qarabağ konfliktinin həll olunmaması regionda sabitlik və təhlükəsizliyin təmin edilməməsi deməkdir: “Münaqişə təkcə müharibəylə nəticələnmir, eyni zamanda, daxili siyasətdə də ciddi fəsadlar verə bilər. Münaqişənin həll olunmadığı şəraitdə hakimiyyətin uzun illər ərzində yarıtmaz diplomatik istəkləri ölkənin çıxılmaz və aciz duruma düşməsinə gətirib çıxarıb. Problemin həll olunmaması regionda qarşıdurmaların inkişafında maraqlı olan tərəflərin, xarici güc mərkəzlərinin əlinə fürsət verib. Cənubi Qafqazda gedən proseslərə hərbi yolla təsir göstərilməsi ölkədaxili siyasətə kənar qüvvələrin təsir etmək imkanı verir”.
Nigar