Vitaliy Arkov: «Moskvanın Jirinovski ilə göndərdiyi təkliflər artıq Həştərxanda müzakirə olunub»
Vəfa Quluzadə: «Jirinovski olmadan da Rusiyanın təkliflərinin nə olduğu məlumdur»
Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Bakıya səfərinin məqsədləri ətrafında hələ bir müddət müzakirələrin davam edəcəyi görünür. Anti-Azərbaycan ritorikasından gen-bol istifadə edən Jirinovskinin səfərinin yekunları və başlıca məqsədləri haqqında rusiyalı politoloq və publisist, “PolitRUS” analitik-ekspert şəbəkəsinin rəhbəri Vitaliy Arkovun maraqlı fikirləri var. «Bizim Yol» qəzetinə müsahibəsində V.Arkov vurğulayıb ki,
Jirinovskinin Bakı səfəri və ona göstərilən yüksək qəbul səviyyəsi onu deməyə əsas verir ki, Moskvanın Bakı ilə əməkdaşlığı genişləndirmək üçün hələ çox cazib təklifləri var. O, hesab edir ki, Jirinovski Kremlin xarici siyasəti ilə bağlı təklifləri, mesajları çatdıran mühüm adamdır: «Bəzi publika qarşısında qəsdən edilən təlxəklik və provakativ bəyanatlarına baxmayaraq, Jirinovski Rusiya siyasətinin ən təcrübəli və hiyləgər siyasətçilərindən biridir. Şərqdə geniş əlaqələrə malik bir diplomat olan Jirinovski dəfələrlə Kremlin xarici siyasətlə bağlı tapşırıqlarını uğurla yerinə yetirib. Hesab edirəm ki, Moskvanın Jirinovski vasitəsi ilə Bakıya göndərdiyi təkliflər artıq Həştərxanda İlham Əliyev və Vladimir Putin arasında keçirilən görüş zamanı müzakirə olunub. Yəni onun gətirdiyi mesajlar Həştərxan görüşünün əsas qayəsini təşkil edirdi. Və hətta haqqında sonradan biləcəyimiz müəyyən qərarların da qəbulunu istisna etmirəm».
Bundan başqa Rusiya Federasiya Şurasının spikeriValentina Matvienkonun bu günlərdə Bakıya reallaşan səfəri də Bakıya səfəri məhz bu rakursdan dəyərləndirilir. Ekspertlərin fikrincə, bu səfər də Bakıya bir süra mesajların çatdırılmasına xidmət edir.
Politoloq Vəfa Quluzadə hesab edir ki, təqdim edildiyi kimi Rusiyanın imkanları o qədər də geniş deyil. Əgər belə olsaydı keçmiş sovet ölkələri, o cümlədən Azərbaycan əməkdaşlıq və inteqrasiya istiqaməti kimi Qərbi seçməzdi: «Rusiyanın keçmiş sovet ölkələrinə təklif edə biləcəyi cəlbedici təklifi yoxdur. Rusiyanın təklifi nədir? Rusiya deyir ki, Qərb sizi demokratiya ilə ram etmək istəyir, gəlin biz sizi demokratiyadan qoruyub, ram edək. Yəni Azərbaycan Qərbin demokratiyasından qaçaraq, Rusiyanın diktaturasını seçə bilərik. Əgər Rusiya iqtisadi baxımdan çiçəklənən, inkişaf edən dövlət olsaydı, Azərbaycan nəyə görə Qərbə müraciət edirdi. Rusiyanın dənizdən yüksək səviyyəli neft çıxarma texnologiyası olsaydı biz müqavilələri elə Rusiya ilə bağlayardıq».
Rusiyanın Azərbaycanı yalnız təzyiq yolu ilə özünə tabe etdirməyə çalışdığını deyən V.Quluzadə bildirdi ki, Jirinovski olmadan da Rusiyanın təkliflərinin nə olduğu məlumdur. «Azərbaycan Rusiyadan canını 91-ci ildə güclə qurtarıb. Rusiya özünün aqressiv siyasətini hələ də davam etdirir. Gürcüstandakı addımlar, Ermənistanın silahlandırılması Rusiyanın xarici siyasətinin təzahürüdür. Rusiya bəyan edir ki, Azərbaycan mənə qoşulacağı təqdirdə ona qarşı təzyiqləri dayandıra bilərəm. Jirinovskini Bakıya göndərmək lazım deyildi. Biz Rusiyanın nə istədiyini gözəl bilirik. Rusiyalı politoloqların müxtəlif fikirləri ola bilər. Onların əksəriyyəti Kreml tərəfindən idarə olunur. Ona görə mən Jirinovskinin səfərinin bir o qədər də şişirdilməsinin tərəfdarı deyiləm», deyə V.Quluzadə vurğuladı.
Xəyal