Hakimiyyətin Türkiyə əleyhinə addımları münasibətləri yenidən soyudub
Yaşadığımız ölkədə nələrin baş verdiyini, hansı çətinliklərlə, ziddiyyətlərlə üz-üzə qaldığımızı dərk edirik. Yəni, Azərbaycanda mövcud olan hakimiyyət və bu hakimiyyətin idarəetmə metodu bizə yad deyil. Amma bir az irəliyə boylananda, xarici siyasətimizin daxildəki vəziyyətdən də bərbad durumda olduğunu sezirik . Yəni, xarici siyasətimizin daxilində də “çirkli rəqs”lər oynanıldığını müşahidə edirik.
İsrail-Azərbaycan münasibətlərinin Türkiyəyə təsiri
Son müşahidələrimiz və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə münasibətlərində yenidən “buzlaşma dövrü” başlayır və bu soyuqluğun səbəbi Azərbaycan-İsrail münasibətlərinin istiləşməsindən doğur.
Heç kimə sirr deyil ki, Türkiyə-İsrail münasibətləri gərgindir və bu gərginliyin məlum səbəbləri var. O da sirr deyil ki, Türkiyə -Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması prioritet hesab edilib və müxtəlif zamanlarda qardaş ölkənin jestlərini də hiss etmişik. İndiki məqamda isə Türkiyəni qıcıqlandıran addımların atılması, qardaş ölkənin narahatlığına səbəb olub.
Belə ki, bugünlərdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-a səfər edib və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla görüşərək, xeyli məsələləri müzakirə edib.
“Səfər çərçivəsində mən Vaşinqton, Filadelfiya və Nyu-Yorkda olmuşam. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla birgə əsas məqsədimiz ABŞ ictimaiyyətini, Konqres və Dövlət Departamenti nümayəndələrini məlum olmayan iki fakt haqqında məlumatlandırmaq idi. Söhbət Azərbaycanla İsrail arasındakı bütün seqmentlərdəki xüsusi münasibətlərdən, habelə Azərbaycanın xüsusən də yəhudilərə münasibətdə tolerantlıq nümunəsi olmasından gedir. Düşünürəm ki, biz bir sıra uğurlu görüşlər keçirmişik və bu, çox önəmlidir” – deyə Rafael Harpaz APA-ya müsahibəsində bildirib.
Göründüyü kimi Azərbaycan hakimiyyəti öz “etimad limiti”nin bitdiyini nəzərə alaraq, lobbiçilik fəaliyyətini İsrail vasitəsilə həyata keçirir. Səfirin də fikirlərindən aydın görünür ki, ikitərəfli münasibətlər bütün sahələri əhatə edəcək. Bu isə Azərbaycanla bağlı prinsipiallıq nümayiş etdirən Türkiyənin incikliyinə səbəb ola biləcək addımdır. Ankaraya görə, əgər Azərbaycanın xarici siyasəti İsrailin maraqlarına uyğun həyata keçiriləcəksə, bu həm də müəyyən məqamlarda Türkiyənin maraqlarına ziddi siyasət olacaq.
Rafael Harpaz müsahibəsində Türkiyənin təhlükəli ölkə olduğuna da işarə vurub. “Yəhudilər həmişə burada (Azərbaycanda – A.) təhlükəsiz şəraitdə olublar, onlar özlərini Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edirlər. Azərbaycanın adının təhlükəli ölkələr siyahısına salınmasının səbəbi Azərbaycan deyil, onunla qonşu dövlətlərdir” – deyə səfir bildirib.
Təbii ki, səfir “qonşu dövlətlər” ifadəsini işlədərkən Türkiyə və İranı nəzərdə tutur. Yəni, bir daha Türkiyənin təhlükəli ölkə olduğu vurğulanır və Azərbaycanla münasibətlərin də bu reallıqlar çərçivəsində inkişaf etdiriləcəyi bildirilir.
Məlumatlara görə, İsrail səfirinin qismən açıqladığı nüanslar səbəbindən hazırda üzdə görünməsə də, Türkiyə və Azərbaycan hakimiyyətləri arasında ciddi gərginlik var.
Daxildəki anti-Türkiyə küləkləri
Yeri gəlmişkən, Azərbaycan hakimiyyəti Türkiyə rəhbərliyinə qarşı vaxtaşırı üzə çıxan qeyr-səmimi münasibətini bir daha biruzə verib. Bu münasibət təkcə, məsələn, bir vaxtlar Bakıdakı Türk Şəhidliyindən Türkiyə bayraqlarının yığışdırılması kimi siyasi qərara bağlı rəsmi addımlarda görünməyib, həm də hakimiyyətin nəzarətindəki medianın materiallarında ifadə olunub. Elə ötən gün də hakimiyyətin əsas söz sahibi olan nazirlərindən birinə bağlı bir sayt Türkiyə prezidenti Ərdoğanın BMT-də çıxış etməsini belə başlıqla təqdim etdi: “Ərdoğan boş kreslolara danşdı”. Xəbərdə isə “ABŞ prezidentini hamı dinləyib, ancaq Türkiyə prezidentinə çox az adam qulaq asıb və o boş kreslolara danışıb” – deyə bildirilir.
Sanki, bununla Türkiyənin dünyada nüfuz və mövqeyinin zəiflədiyi, Ərdoğanın BMT səviyyəsində boykot olunduğu təəssüratını yaratmaq istəyirlər. Bu, bird aha təsdiqləyir ki, Azərbaycanın həqiqi müttəfiqi olan Türkiyəyə Bakıda qeyri-səmimi yanaşma var. Türkiyədən gələn qonaqlar yüksək səviyyədə qarşılansa da, “bir millət, iki dövlət şüarı” səsləndirilsə də, pərdə arxasında başqa siyasi gedişlər həyata keçirilir.
Bütün bu qeyri-səmimi davranışlar isə Azərbaycanın səhv istiqamətdə getdiyini göstərir. Çünki münasibətlər şəxsi mənafelər üzərində qurulanda, dövlətin və millətin maraqları zərbə altında qalır.
Akif