Eyyub Hüseynov: «Təhlükəsiz, standartlara uyğun çörək istehsal edən müəssisə tapmamışıq…»
Azərbaycanda vətəndaşların əksəriyyəti gündəlik çörəkpulu dərdi çəkir. Bu azmış kimi, aldıqları ərzağın da keyfiyyəti çox vaxt standartlara cavab vermir. Gündəlik ərzaq tələbatına aid olan çörəyin keyfiyyəti məsələsi insanları xüsusilə maraqlandırır. Çörəyin çəkisilə qiymətinin, ən əsası isə keyfiyyətinin uyğunluğu istehlakçıları maraqlandıran əsas məsələlərdəndir. Lakin bu sahədə yetərincə problem var. Amma görünür, əlaqədar qurumlar həmin problemləri aradan qaldırmaq barədə heç düşünmür.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyir ki, çörək məsələsində istehlakçılar daim aldadılır. Indiyədək 8-ə qədər çörək istehsalı ilə məşğul olan müəssisədə monitorinqlər həyata keçirdiklərini deyən təşkilat rəhbərinin sözlərinə görə, layihə çərçivəsində həmin qurumlara qida təhlükəsizliyi nişanını şamil etmək istəyi elə istək olaraq qalıb: “Bu nişanı vermək üçün uyğun çörək istehsalı müəssisəsi tapmamışıq ki, təhlükəsiz, standartlara uyğun çörək istehsal etsin. Bu məsələni araşdırırıq. Çörəklərin keyfiyyətilə, qiymətin çəkiyə nisbətdə yüksək olmasıyla bağlı hər həftə bizim quruma bir neçə telefon zəngi gəlir. Ölkədə belə bir problem yaşanır, amma dərindən araşdıran yoxdur”.
Nigar