İsmayıllının icra başçısı verdiyi «rüşvət almayacam, eynən Gürcüstan prezidenti Saakaşvili kimi işləyəcəm» vədinə əməl etmədi
Hərdən insanın dili başına bəla olur. Həyatda elə insana rast gəlirsən ki, sadə birisi olmasına baxmayaraq, ondan hansısa artıq-əskik söz eşidə bilmirsən. Adətən belə insanlar dedi-qodudan da uzaq dururlar.
Ancaq elə insana da rast gəlirsən ki, cəmiyyətdə kifayət qədər nüfuzu hörməti, yüksək dövləti postda təmsil olunmasına baxmayaraq, danışdıqları cansıxıcı, mənasız və boğazdan yuxarıdır. Belə insanlar üçün yalan danışmaq, insanları aşağılamaq, bol-bol vədlər vermək adi həyat norması kimi bir şeydir. Beləsi lap alim yox, akademik də olsa, ucala bilmir.
Ayrılan pullar hara xərclənib
Mirdamət Sadıqov rayona yeni başçı təyin ediləndə əhali ilə görüşlərdə ağız dolusu danışırdı ki, dövlət başçısı onu rayona 40 milyon manatla göndərib və bərk-bərk tapşırıb ki, əhalinin problemlərini həll etsin, rayonda gərçək iş yerləri açsın. Həmən dönəmdə Mirdamət müəllim o qədər yağlı vədlər vermişdi ki, insanlar sevincindən bilmirdilər nə etsin. Sadə insanlar həmin vaxtlar danışırdılar ki, Mirdamət müəllimin Ismayıllıya başçı göndərilməsi Allahın bizlərə rəhmidir. Ancaq görünən budur ki, bu sevinc çox uzun çəkmədi. Çünki Mirdamət müəllimin dedikləri elə günümüzə kimi vəd olaraq da qalmaqdadır.
Əksər vədlərinin arxasından qaçan alim-başçını indi adamlar lağ mənbəyinə çevirib. Çünki görüşlərdə lətifə, şeir, tapmaca deməyi xoşlayan başçı, eyni zamanda görüşlərinin birində belə bir söz işlədib: “Mən rüşvət almayacam, eynən Gürcüstan prezidenti Saakaşvili kimi işləyəcəyəm”. Hazırda Ismayıllıda ona Ismayıllının Saakaşvilisi də deyə söhbətə başlayanlar var. Məsələ burasındadır ki, rayonda nəinki yeni iş yerləri açıldı, əksinə, rayon üçün ayrılmış böyük məbləğlər havaya sovruldu. Rayonda guya yenidən sökülərək mədəniyyət sarayı tikildi, ancaq bina fərqli formada yeni görkəmdə təmir olundu. Bu bina üçün, aldığımız məlumata görə, 2 milyon manat vəsait silinib, uşaq kitabxanası binanın içi yenidən təmir olundu, binanın çöl tərəfinə üzlük daşı vuruldu 1,5 milyon manat silindi.
Biabırçı layihə rayon icra hakimiyyəti üçün həyata keçirildi. Belə ki, bu binanı keçmiş icra başçısı Nizami Ələkbərov 2012-ci ildə əsaslı təmir elətdirmişdi. Heç suvağı qurumamış Mirdamət Sadıqov göstəriş verdi ki, bina sökülüb yeni formada tikilməlidir. Indi bu binanın layihəsi ilə görünüşü düz gəlmir. Kənardan baxanda univermağa oxşayır. Binanın şüşələri qara rəngdədir, içəri görünmür, görən onlar içəridə hansı ayıb işi görürlər, yaxud fövqəladə hallar nazirliyi hara baxır? Icra hakimiyyəti üçün 3 milyon manat vəsait silinib. Mirdamət Sadıqov sözünün üstündə durursa, yəni Saakaşvili kimi işləyirsə, onda açıqlasın görək bu layihələrə nə qədər vəsait xərclənib. Axı Saakaşvili bütün gördüyü işlər barəsində xalqına mütəmadi hesabat verirdi.
Bunu alim-başçı da bilməmiş deyil ki, idarə müəssisə rəhbərləri gördükləri işi çox keyfiyyətsiz görürlər. Dəfələrlə bunu sübut edən faktlar ortaya çıxıb ancaq hansı tədbir görülüb. Başçı özü etiraf edir ki, müdirlər onu saymır. Gözəl etirafdı. Onda neyləməli, təbii ki, postdan getmək lazım. Mirdamət müəllim bilirmi ki, ona ən böyük zərbəni məhz onun vəzifələrə təyin etdiyi adamlar vurur? Nə qədər ki, qəbula gələn insanları aşağılayacaq, nə qədər ki, verdiyi vədlərə əməl etməyəcək son daha tez gələcək.
Bolluca vədlər verib ona əməl etməyənə yalançı deyirlər. Alimin yalan danışması isə cəmiyyət üçün faciədir…
Dövlət başçısı sizi Ismayıllıya göndərib ki, işləyəsiniz həm də insanlara fərq qoymadan. Ancaq siz burada Lahıc-Ərəkit-Əhən birliyi yaratmısınız. Bu birliyi təmsil edənlərin 99%-nin keçmişi isə ləkəlidir. Rayonda elə vəziyyət yaratmısınız ki, dedi-qodu o dərəcədə populyarlaşıb ki, hər bir insan axşam evinə salamat dönəndə allaha şükür edir ki, şərlənməyib. Deyəsən hələ də univerisiteti unuda bilmirsiniz. Ismayıllı camaatını tələbə, özünüzü mühazirə deyən müəllim hesab edirsiniz. Sizin iclas, tədbir keçirməkdən başqa işiniz yoxmu?
Elçin Ismayıllı