Əvvəlki aksiyalarda əsasən, adamları həbs eləyənlər indi döyməklə məşğuldur
Daxili Işlər Nazirliyinin sözçüsü öz ampluasındadır
Müxalifətin keçirdiyi etiraz aksiylarında polislə yanaşı mülki geyimlilərin də iştirakı artıq uzun müddətdir ki, müzakirə mövzusudur. Mülki geyimlilər mitinq iştirakçılarını həbs etməkdə, etiraz aksiyalarını dağıtmaqda polisə köməklik göstərirlər.
Mayın 6-da Təhsil Nazirliyinin qarşısında dindarların keçirdiyi aksiyada da mülki geyimlilərin sayı kifayət qədər çox idi. Amma əvvəlki aksiyalardan fərqli olaraq, bu dəfə onlar təkcə adam tutmaqla məşğul deyildilər. Əllərinə polis dəyənəyi alıb, aksiya iştirakçılarını qanına qəltan eləməkdə də polislərə yardımçı olurdular. Jurnalistlərin çəkdikləri videogörüntülərdə də bu fakt açıq-aydın görünür.
Daxili Işlər Nazirliyindən adamları döyən, həbs edən mülki geyimlilərlə bağlı məsələyə belə izah verilmişdi ki, “onlar polis yanında Ictimai Şuranın üzvləridir. Onlar aksiyaçıları döymürlər, sadəcə, könüllü olaraq polisə yardım edirlər”.
Görəsən, dindarların aksiyasında mülki geyimlilərin əllərindəki polis dəyənəyilə insanlara qarşı zorakılığına DIN-in münasibəti necədir?
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bu barədə soruşanda dedi ki, bir neçə gündür işdən kənardadır, ona görə də məsələyə münasibət bildirə bilməyəcək.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə bildirdi ki, sözügedən aksiya ilə bağlı cinayət işi açılıb və mətbuat üçün açıqlama yayılacaq. Ehsan Zahidovun nəzərinə çatdırdıq ki, bizim sualımız aksiyaçılar və ya onların barəsində görülən tədbirlə bağlı deyil. Bizi maraqlandıran məsələ heç bir səlahiyyəti olmayan şəxslərin vətəndaşlara qarşı vəhşiliyilə bağlıdır. Amma Ehsan Zahidov ənənəsinə uyğun olaraq, telefonu qapatdı…
Cənab Zahidovun nəzərinə bir daha çatdıraq ki, Daxili Işlər Nazirliyi kimi bir strukturun sözçüsü olmasaydı, biz heç vaxt onunla telefon əlaqəsi yaratmazdıq. Yəni, mətbuatın suallarına cavab vermək onun birbaşa vəzifə borcudur. O ki qaldı telefonu qapatmağa, dəstəyin o başındakı adamı sonadək dinləmək ilk növbədə mədəniyyət məsələsidir.
Aqşin